İntihara yox deyək, Həyat yaşamağa dəyər

    
Dünyadakı həllini tapmamış problemlərdən biri də intiharlardır. Elə bir günümüz keçmir ki, o gün intihar xəbərləri ilə qarşılaşmayaq. Son zamanlar ölkəmizdə də intihar hallarının artdığını müşahidə edirik.  Ümumiyyətlə, son vaxtlar az qala hər gün 2-3 intihar, özünə qəsd etmə xəbərləri ilə rastlaşırıq. Bu cür xəbərlər artıq adi hala çevrilib. Gənc, uşaq, yeniyetmə, qoca, demək olar ki, hər yaşdan olan insanlar intihara cəhd edirlər. Məlumata görə, təkcə 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatıb və bunun da öz səbəbləri var. Bura bioloji, psixoloji, sosial faktorlarla yanaşı, genetik meyarları da daxil edirlər.
İntihar halları, həqiqətən, çox ciddi haldır. Həm ölkəmizdə, həm də bütün dünyada bunun qarşısı alınmalıdır. Xəbərlər və müxtəlif proqramlar vasitəsilə insanlara maarifləndirmə aparılmalıdır. Çünki hər bir insan həyatı bəşəriyyət üçün çox önəmlidir. Hər gün özünü öldürən o qədər insan cinayətinə göz yummamalıyıq...
Bu məqalədə intiharın səbəblərindən daha çox, çıxış yollarına diqqət çəkmək istəyirəm. Düşünürəm ki, intiharların qarşısını almaq üçün aparılan maarifləndirmə işləri çox azdır. Məsələn bəzi intihar xəbərlərində belə başlıqlara rast gəlirik: “İntihara cəhd edən Füzuli sakini xəstəxanada ölüb”, “İntihar edən qızın son videosu”, “Qəbul imtahanından keçməyən abituriyent özünü asdı” və s. Xəbərin məzmununda o hadisə sadəcə təsvir olunur, ancaq o hadisənin yanlışlığı haqqında heç bir məlumat verilmir.
İntiharın başlıca səbəblərindən biri insanların darvinist təhsillə böyüdülmələridir. Yəni insanlara təsadüf nəticəsində meydana gəlib meymundan təkamilləşərək insan olduqlarını təbliğ edirlər.Bu təhsilə görə insan da bir növ heyvandır, ona görə istədiyi kimi davrana bilər, heç kəs qarşısında cavabdeh deyil, istəyər yaşayar, istəyər canına qəsd edər. Halbuki bu, elmi olaraq da təkzib edilmişdir. Heç bir şey təsadüfən yarana bilməz. İnsan da Allahın yaratdığı ən üstün, ən ali canlıdır və Allah qarşısında cavabdehdir. Allah dünyanı da, insanı da möhtəşəm sistemlə yaradıb. Özünü yaradanın Allahı olduğunu, sahib olduğu hər şeyi ona nəsib edənin Allah olduğunu dərk edən və axirətdə etdiklərinə görə cavabdeh olduğunu bilən insan əsla canına qəsd etməz.
İntiharların səbəbləri kimi müxtəlif problemlər irəli sürürlər. Bəzən ailə münaqişələri, bəzən maddi çatışmazlıqlar, bəzən psixoloji problemlər...Ancaq insanların ən çox ehtiyacı olan mənəvi bağlılıqdır, yəni Allah sevgisi və Allah qorxusudur. Maddi çatışmazlığa görə intihara cəhd edən kimsə bu problemi aradan qalxsa da, başqa problemə görə yenə intihara cəhd edər. Unutmamaq lazımdır ki, dünyada ən çox intihar halları inkişaf etmiş ölkələrdə baş verir.
Ancaq qəlbində Allah sevgisi olan insan hər nə çətinliklə qarşılaşsa da, yenə də əsla intiharı ağlından keçirməz.
Digər yandan, dünyada qarşılaşdığımız heç bir problem uzunmüddətli və dözülməz deyil. Həmin anda o problemləri gözümüzdə böyütmək lazım deyil, keçmişə baxanda insan üçün çox böyük kimi görünən problem bu gün öz əhəmiyyətini itirib. Məsələn, uzun müddət qəbul imtahanına hazırlaşan bir insan lazım olan balı toplamayıb həmin imtahandan kəsilə bilər. Ancaq bu hər şeyin sonu demək deyil ki, demək ki, o insan üçün ən xeyirlisi odur. Hazırlaşıb növbəti il daha yaxşı bal toplaya və daha yaxşı ali məktəbə daxil ola bilər.
Bir sözlə, dünayada bir insanın canı da bütün dünya üçün çox dəyərlidir. Kütləvi şəkildə bu yöndə maarifləndirmə işləri aparılmalıdır. Gəlin birlikdə intiharların qarşısını alaq, bizi Allahın yaratdığını unutmayaq. Başımıza hər nə qədər çətinliklər gəlsə də, onda xeyirləri axtaraq və hər zaman Allaha güvənək.
Nəzakət Bədirova
Tarix: 3-07-2018, 17:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}