Ordusu dağılmış Karapetyan “Taliban”a qarşı: həm gülməli, həm də...



Ermənistanın dağılmış ordusuna rəhbərlik edən müdafiə naziri Arşak Karapetyan özünü və ölkəsini komik vəziyyətə salıb. “Yeni Müsavat” xəbər verir ki, erməni ordusunun zabit heyətini yenidən qurmaq üçün illər lazım olduğunu bilən və bunun üçün gücünü səfərbər etməli olan Karapetyan iş-gücünü ataraq, “Taliban”a qarşı bir platformada iştirak edir. 
Erməni mediası yazır ki, nazir Rusiya və Belarusun, daha 5 ölkənin dəstək (Ermənistan ordusu da yəqin mərmi daşıyan kimi iştirak edir) verdiyi birgə “Qərb-2021" təlimlərini ziyarət edib. Sentyabrın 15-dən 16-na kimi isə Tacikistanın paytaxtı Düşənbədə olacaq. Onun burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bir neçə iclasında iştirak edəcəyi gözlənilir. Bu tədbir isə daha çox anti-”Taliban" mahiyyəti daşıyır. Ümumiyyətlə, Karapetyanın məğlub ölkənin naziri kimi başqa ölkənin təlimlərini izləməsi, sonra Düşənbəyə də özünü tez çatdırmaq istəyi gülüş doğurur. 44 günlük müharibədə ağır itkilər verən, torpaqlarımıza qanunsuz soxulmuş əsgərlərinin hələ də meyitini toplayan bir ordu komandanın indi “Taliban”a qarşı bir prosesdə olmaq istəyi isə çox gülməli görünür.
Məlumdur ki, KTMT “Taliban”ı təhükə kimi görür. Xüsusən Kreml ehtiyat edir ki, taliblər Əfqanıstan sərhədindən Tacikistana doğru hücum edə bilər. Elə Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl deyib ki, Tacikistana   hücum olarsa, bu, dərhal KTMT-də nəzərdən keçiriləcək. Tacikistan da KTMT-dəki müttəfiqlərindən Əfqanıstanla sərhəddə yaranan problemlə bağlı kömək istəyib. Ermənistanın KTMT üzvü olduğunu nəzərə alsaq, Karapetyanın həm təlimlərdə, həm Düşənbədəki iclaslarda iştirakını müəyyən qədər başa düşmək olar. Lakin ordusu məhv edilmiş müdafiə nazirinin hələ “el içinə” çıxmağa üzü olmamalıdır. 44 gün ərzində biabırçı vəziyyətə düşmüş erməni ordusuna indi rəhbərlik edən Karapetyan bu tədbirlərə elə şəstlə qatılır, sanki NATO ölkələrindən birinin ordusuna başçılıq edir, yaxud əsgərləri savaşda zəfər çalıb. Hətta KTMT “Taliban”a qarşı hansısa hərbi əməliyyatlara başlasa belə, Ermənistan “Dəmir yumruq”dan darmadağın olmuş ordusu ilə hansı dəstəyi verə bilər? Yeri gəlmişkən, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ermənilər həşir salmağa başlayıblar. Onlar talibləri təhlükə kimi görürlər, hətta Azərbaycan və Türkiyə ilə bağlayırlar. Çünki Bakı və Ankaranın lap əvvəldən Kabillə yaxşı münasibətləri olub. İndi isə “Taliban” Türkiyənin Kabil hava limanını mühafizə etməsinə praqmatik yanaşır. Bu yaxınlaşmalar ermənilərin hay-küyünə səbəb olub. Ancaq istənilən halda KTMT taliblərə qarşı Tacikistana dəstək verməyə başlasa, erməni ordusunun onlara dəstək verməyə taqəti yoxdur.
Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ
Qabil Hüseynli: “Ermənistanın ”Taliban"a qarşı mübarizədə dəstək verəcəyi heç nəyi yoxdur"
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Karapetyanın davranışları gülməli haldır, sağlam məntiqi olmayan məsələdir: “Ağır iqtisadi böhran yaşayan, ordusu darmadağın edilmiş Ermənistanın  Rusiya-Belarus təlimlərinə qatılması qəribə görünür. Əvvəla, bu təlimlər dünya tərəfindən pis qarşılanır. Çünki həmin təlimlər Qərbə qarşı bir addım kimi qiymətləndirilir. Üstəlik, texnikanın ağırlığına və miqyasına görə indiyə kimi belə təlim olmayıb. Karapetyan isə müşahidəçi kimi, yaxud nəyisə öyrənməyə gedibsə, qəribə təəssüratlar yaradır. Qərb dünyasının qəbul etmədiyi bu təlimlərin təcavüzkar xarakter daşıdığı bildirilir. Xüsusən də Şərqi Avropa üçün ciddi təhdidləri özündə ehtiva edir. O baxımdan, erməni nazirin təlimlərdə iştirakının ölkəsi üçün bir fayda olduğunu düşünmürəm”.
Q.Hüseynlinin sözlərinə görə, Düşənbə toplantısında KTMT-dən yardım istəniləcək: “Bu, hərbi yardımlar və şəxsi heyət şəklində ola bilər. Rusiya, hətta Qazaxıstandan belə dəstək mümkündür. Amma Ermənistanın ”Taliban"a qarşı mübarizədə dəstək verəcəyi heç nəyi yoxdur. Çünki ermənilər dünyada vay-şivən qoparıb, qapı-qapı dilənib pul yığırlar. Bu missiya ilə məşğul olan şəxsin taliblərə qarşı mübarizədə hansısa töhfə verəcəyi inandırıcı görünmür. Bu cür davranışları ilə erməni nazir özünü və ölkəsini hörmətdən salır. Hərçənd  onsuz da onların  hörməti yoxdur. Sadəcə, bu səfərlərlə guya hansısa əhəmiyyətə malik olduqlarını göstərmək istəyirlər. Erməni ordusu 44 günə elə bir zərbə alıb ki, toparlanmasına illər lazımdır".
Politoloq hesab edir ki, “Taliban”ın Tacikistanla münasibətləri gərginlik məqamına çata bilər: “Amma Tacikistanda Rusiyanın böyük hərbi bazası var. Bu bazaya şəxsi heyətin göndərilməsi prosesi başlanıb. Rusiyanın Əfqanıstanda səfiri deyir ki, 8 ildir taliblərlə əlaqə saxlayırıq. Bunu belə də demək olar ki, 8 ildir talibləri Amerikaya qarşı qaldırırıq. İndi isə ruslar müqavimət hərəkatına dəstək verməyə başlayıblar”.
Hərbi ekspert: Düşməni daha ağır günlər gözləyir
Ramil Məmmədli: “Erməni ordusunun beynəlxalq  təhlükəsizliyə qarant ola biləcək prosesdə iştirakı gülünc görünür ”
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan silahlı qüvvələrinin nəinki müdafiə nazirinə tabe olan gücləri, digər qoşun növləri də 44 günlük müharibədə sarsıdıcı zərbə alıb: “Bu döyüşlərdə ciddi silah və texnika itkisi ilə qarşılaşdılar. Hərbi əməliyyatlardan sonra bəlli oldu ki, Ermənistan ordusunun şəxsi heyətində mütəxəssis problemi yaranıb. Onların peşəkar zabitləri ön cəbhədə gedən döyüşlərdə ya məhv ediliblər, ya da sıradan çıxarılıblar. Ona görə erməni ordusunun beynəlxalq səviyyədə təhlükəsizliyə qarant ola biləcək prosesdə iştirak etməsi gülünc görünür. Çünki erməni silahlı qüvvələrinin, Ermənistan dövlətinin bu prosesdə iştirakı qeyri-mümkündür”.
Hərbi ekspertin fikrincə, “Taliban”a qarşı digər ölkələrin qoşun növü formalaşdırıla bilər, amma Ermənistan ora töhfəsini verə bilməyəcək: “Məğlub və sıradan çıxmış, komplektləşdirilməmiş ordusu ilə taliblərə qarşı mübarizədə iştirak edəcək? Ona görə gülünc vəziyyətdir, başlarından böyük işlərə   baş qoşurlar. Ermənistan hərbi rəhbərliyinin bu cür tədbirlərdə iştirakı turist səfərindən başqa heç nə ola bilməz”.
Tarix: 15-09-2021, 08:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}