Məhkəmələrin inzibati dövlət orqanlarının tərəfini tutmaqda maraqları nədir? - NARAZILIQ!


Məhkəmə qərarlarının dövlətin adından çıxarıldığını, icrasının hamıya məcburi olduğunu, icra olunmamasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyətə səbəb olduğunu, kim bilməsə də, məhkəmənin özü dəqiq bilməlidir. Nədən məcəllələri , qanunları bir yana qoyaq, ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun – Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi bunu doğrulayır və məhkəmələrin istinad etməli olduğu baş qanun da elə Konstitusiyadır!

Bakı İnzibati Məhkəməsi isə 6-cı ildir dövlətin adından çıxardığı 20.06.2016 tarixli 2-1 (81)-1095/2016 saylı qərarının icrasını təmin etməkdən imtina edir! Öncə qərarı çıxaran hakim Şərafət Məmmədova, sonra tələbkarın ərizəsinə əsasən hakim ayrılan Aygün Abdullayeva, nəinki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74, 116-120 maddələri əsasında inzibati orqan diskresion səlahiyyətləri çərçivəsində hərəkət edəndə , üzərinə qoyulan öhdəliyi icra etmədikdə hakim kimi üzərlərinə düşən vəzifəni yerinə yetiriblər, heç qərarı icraya belə yönəltməyiblər (və yönəltmirlər) , heç tələbkarın ərizələrinə belə baxmırlar! Halbuki, hansı yolla daxil olmasından asılı olmayaraq, iddia ərizəsi, tələbkarın ərizəsi üzrə mütləq məhkəmə aktı qəbul edilməlidir. Tələbkarın məhkəmə qərarının icraya yönəldilməsi , borclu inzibati orqanın qərarı icra etməkdən imtinasına hüquqi qiymət verilməsi barədə ərizələri üzrə məhkəmə aktı qəbul edilməməsi özbaşınalıqdan, Konstitusiyaya hörmətsizlikdən , borclu inzibati orqanın tərəfini tutub ona vəkillik etməkdən qaynaqlanır. Təsəvvür edin, tələbkar Qarabağ qazisi məhkəmə yolu ilə , 1-ci dərəcəli müharibə əlili kimi , növbədənkənar mənzil təminatı hüququna nail olub, amma qərarın icra olunmaması ilə borclu ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyi 2028-ci ilə kimi mənzillə təmin ediləcəyinə söz verir. Halbuki, Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamına əsasən, 2014-cü ilə kimi növbədə duranlar 2014-2018-ci illər ərzində mənzillə təmin olunmalı idilər. Sərəncamı icra etməyə borclu olan ƏƏSMN və yanındakı qurumlar isə ən geci 2018-ci ilə kimi qazi və şəhid ailələrini mənzillə təmin etmək tapşırığını yerinə yetirmək əvəzinə, Prezident sərəncamını dəyişdirməyi üstün tutublsr və 19.01.2019 tarixli sərəncamla sözügedən 569 saylı sərəncamda “2014-2018” ifadəsi “2014-2028” ilə əvəz olunub. Sosial müdafiəyə , xidmətə baxın, Prezident 5 il ərzində qazi və şəhid ailələrinin mənzillə təminatını tapşırır, sosial xidmətçilər beş ili 10 il uzadırlar! Hələ üstəlik, məhkəmə qərarını da icra etməkdən imtina edilir. Belə sosial təminat xidməti ilə qazinin o dünyada mənzillə təmin olunacağına şübhə yoxdur.

Qarabağ qazisi məhkəməyə müraciət etməyinə peşman olub. Prezidentin sərəncamını 10 il geriyə çəkən borclu ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyi (SXA) məhkəmə qərarının icrasını da həmin 2028-ci il tarixinə kimi icra edəcəyini rəsmi məktublarla bildirib. Elə iki gün öncə SXA 20.09.2021 tarixli elektron qaydada verdiyi məktubla Agentliyin idarə heyətinin sədri Vüqar Behbudovun mənzilləri rüşvətlə gizlin bölməsi qərarının Prezident sərəncamından, məhkəmə qərarından, Konstitusiyadan da üstün olmasını vurğulayıb. Dəhşətə baxın, dövlətin adından çıxarılan məhkəmə qərarı hansısa məmurun qərarından aşağıda tutulur! (?) .

Bakı İnzibati Məhkəməsinin məsləhətçisi (?) 6 il sonra Ədliyyə Nazirliyinin icra şöbəsinin məsləhətçisinə (?) istinadla bildirir ki, qərar borclunun məktubu əsasında icra olunub və anonim icra məmuru icraata xitam verib. Borclu isə son 6 ildə bildirir ki, tələbkar Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki evdən mənzil istədiyindən və bu ev də həmin rayonda növbədə duranlara verildiyindən, məhkəmə qərarının icrasını təmin etmək mümkün olmayıb . Olduqca maraqlıdır, ilgincdir, borclu rəsmi məktubla qərarı icra etmədiyini , məhkəmə isə borclunun qərarı məktubla (?) icra etdiyini bildirir! Bu absurdluğu necə anlamaq olar? Belə çıxır, məhkəmə ƏƏSMN və yanındakı qurumlara vəkillik edir? ! Başqa anlam, yozum varsa, dinləməyə hazırıq.

Məğrur Bədəlsoy
Tarix: 28-09-2021, 16:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}