"Avropa Şurasının haqqdan, ədalətdən danışmaq haqqı yoxdur" - Deputat


"Avropa Şurası və Avropanın digər bir sıra təsisatları Azərbaycanın inkişafı dövründə daim ölkəmizə qarşı şər-böhtan kampaniyaları həyata keçiriblər. Lakin heç nə əldə edə bilməyiblər. Azərbaycan öz yolu ilə gedib və gedəcək. Azərbaycan sülhsevər və tolerant dövlətdir. Avropa Şurasının bu qətnaməsi onların Azərbaycana qarşı heç bir əsası olmayan qərəzini təsdiq edən növbəti sənədidir".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə layihəsinə münasibət bildirərkən deyib.
 
Deputat qeyd edib ki, Avropa Şurasının Parlament Assambleyası "Ermənistan və Azərbaycan münaqişəsinin humanitar nəticələri" adlı qətnaməyə Azərbaycan əleyhinə müddəalar əlavə edirsə, deməli, Avropa Şurasının özünü ittiham etmək lazımdır: "30 il ərzində Azərbaycan və Ermənistan Avropa Şurasının iki eyni hüquqlu üzv dövlətləri olub. Avropa Şurası ailəsinin iki üzvü arasında 30 il davam edən problemlə bağlı nə edib və ya işğalçıya qarşı hansı cəza tədbirləri görüb?! Avropa Şurası bu müddət ərzində Ermənistana heç bir sanksiya və ya heç bir ittiham edici qətnamə qebul etməyib. Başa düşmək lazımdır ki, Azərbaycan beynəlxalq hüququn norma və tələblərinə uyğun olaraq öz ərazilərini işğaldan azad edib. Torpaqlarını işğalçıdan azad edən Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Belə olan vəziyyətdə Avropa Şurası hansı qayda-qanuna əsaslanıb Azərbaycan əleyhinə müddəaları qətnaməyə əlavə edir?! Bu, Avropa Şurasının öz fəaliyyəti dövründə Azərbaycan-Ermənistan münaqişəsinə yanaşmasının necəliyini ortaya qoyur və ədalətsiz mövqedir. Azərbaycan heç kimin ərazisini işğal etməyib, heç bir soyqırım törətməyib. Soyqırım törədən elə tarix boyu ermənilər və Ermənistan olub. İndi Avropa Şurası Ermənistanın törətdiyi cinayətlərin qarşısını almaq, onları ittiham etmək əvəzinə, ölkəmizi ittiham edir. Əgər Avropa Şurası soyqırım törədənin, cinayətkarın yanındadırsa, ermənilərin tayıdır. Avropa Şurasının haqqdan, ədalətdən danışmaq haqqı yoxdur. Siz bizi hansı haqq-ədalətlə, hansı mənəviyyatla ittiham edirsiz?! Azərbaycan belə ittihamlara 1991-ci ildən bəri öyrəşib".
Tarix: 28-09-2021, 20:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}