Nə qədər gec deyil, Saleh bəyi azad edin!

Hüquq müdafiəçisi Anar Məmmədli
Sabah Saleh Rüstəmlinin aclıq aksiyasının 30-cu günü tamam olur. Ötən bir ayda cəmiyyətin böyük bir kəsimi, Azərbaycanla bağlı çalışan xeyli beynəlxalq təşkilat, jurnalist və ekspert bu şəxsin kimliyini tanımış oldu. İki gün öncə yazdığım kimi, Saleh bəy xalq azadlıq hərəkatına heç bir təmanna güdmədən qoşulan, gəncliyinin ən gözəl çağlarını ərazi bütövlüyünün müdafiəsinə həsr etmiş, ölkənin suverenliyi və müstəqilliyi uğrunda tətillərə, aksiyalara qatılan minlərlə saf gəncin tipik örnəyidir.
Bu adamı şəxsən tanımıram, amma hərəkat dövrünün iştirakçıları, jurnalistlər və gədəbəyli tanışlarımdan barəsində yalnız xoş sözlər eşitmişəm. Onun hazırkı siyasi baxışları, bilik və bacarığı barədə geniş məlumatım da yoxdur. Amma hamı deyir ki, yaxşı adamdır. Hətta siyasətdən heç nə anlamayan, 2-3 nəfər siyasətçinin adını zorla deyən gədəbəyli həbsxana yoldaşım da onu şəxsən tanımdan tərifləyirdi. Biz 8 ay eyni barakda qaldıq, onunla Saleh bəy barədə heç nə danışmadıq. Sadəcə siyasətdən söhbət düşəndə deyirdi ki, Cəbhənin bizə təyin etdiyi başçı çox cəsur və dürüst adam idi.
Yaranmış situasiya ilə bağlı iki ünvana ricam var.
Birincisi, Saleh bəydən aclığını dayandırmasını xahiş edirəm. Onun taleyi barədə nigarançılığımız hər ötən gün artır. Aclıq edənləri çox görmüşəm, bu barədə çox oxumuşam. Bu proses 20 gündən sonra orqanizmi məhv etməyə başlayır. Xroniki xəstəliyi olanlar üçün bu mərhələdən sonra daha çətin günlər başlayır. Ruhi durumu taraz saxlamayanda isə bədən getdikcə əriyir. Ən ağırlısı insan aclığı dayandıranda belə fəsadları qalır və bəzən əvvəlki sağlamlığı bərpa etmək olmur. Ona görə Saleh bəydən aclığını dayandırmasını vəkilləri və ailə üzvləri vasitəsilə xahiş edirəm. O öz əzmkarlığı ilə ölümünə hər gün yaxınlaşır.
Əminəm ki, aclığı dayandırandan sonra da azadlığa çıxması ilə bağlı ictimai kampaniya dayanmayacaq. Amma özünə xəsarət yetirmək və ya həyatına qəsd etməklə ailəsini, doğmalarını və yaxınlarını çox üzəcək. O hər şeydən öncə ailəsinə lazımdır və həbsxanadan mütləq sağlam çıxmalıdır.
İkinci müraciətim isə Azərbaycan hakimiyyətinədir. Saleh Rüstəmlinin ədalətsiz həbsinə hər kəs inanır. Heç bir siyasi iddiası olmayan, ölkəni 1995-ci ildə tərk edib Rusiyaya köçmüş və orada vətəndaşlıq almış şəxsin siyasi motivlərlə həbsini nə zamansa Avropa Məhkəməsi təsdiqləyəcək. O zaman bəlkə də çoxları bu günləri unudacaq. Amma indi o aclıqdan həyatını itirərsə, bu siyasi qətl sayılacaq. Və bu siyasi qətlin baiskarı Azərbaycan hakimiyyəti olacaq. Bu qətlin altında isə hamımız əziləcəyik – cəmiyyət də, siyasi qruplar da, ölkədəki diplomatik korpuslar da. Fəqət hamıdan çox əzilən iqtidar olacaq. Nə qədər gec deyil, bu adamın həyatını xilas edin və onu azad edin.
Tarix: 5-12-2021, 22:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}