Vətənə xidmətin dərəcələri


“İşləyən inci taxar,
İşləməyən yandan baxar"
(Azərbaycan ata sözü)
Gömrük əməkdaşlarının, hətta general rütbəli şəxslərin cinayət başında yaxalandığı haqda xəbər yayıldı, ancaq nədənsə bunu təsdiqləyən informasiya olmadı. Ən azından mən dünən bunu yazanda xəbərin rəsmisi hələ gəlməmişdi. Təbii, gömrük generalını tutmaq hansısa Üstüaçıq rayon icra başçısını qoduqluğa basmaq qədər asan iş deyildir. Əməliyyat bütün incəliklərinə qədər hesablanmalıdır. Generalın harda, nələri var, nəyi sənədləşdirək, nəyə göz yumaq və sairə. Ən əsas sual isə “bundan bizim xeyrimiz nədir” olmalıdır. İndiki dünyada hamı öz cibinə işləyir. Əks halda deputatlar öz maaşlarını 30-40 faiz artıranda pensiyaçıların qazanına da 3 qram ət düşməsi üçün qanun qayırardılar.
Lakin mənim əziz və köhnə dostum, Qarabağ qazisi Məğrub Bədəlsoy tutulduğu iddia edilən gömrük generalının tərcümeyi-halında bir detala diqqət eləmiş, onu xüsusi şövqlə mənə göndərmişdir. Detal budur ki, general indiyəcən “Vətənə xidmət” ordeninin 2-ci və 3-cü dərəcələri ilə təltif olunmuşdur. Ancaq hələlik 1-ci dərəcəni almamışdır. Məğrub bəy yazır ki, ümid eləyək general “Korrupsiyaya xidmət” ordeni alsın.
Burada zəruri haşiyə çıxaraq ərz edim ki, şəxsən mənə 2003-cü ilin noyabrında təsis edilən bu ordenin dərəcələri həmişə sirr olaraq qalmışdır. Vətənə xidməti necə dərəcələndirmək olar? Bir məmur hansı işi görsə vətənə 2-ci dərəcə xidmət edir, hansı işi görsə 3-cü? 3-cü dərəcə xidmət 1-ci dərəcə xidmətdən 2 pillə aşağıdırsa, bəlkə bunu vətənə xidmət saymaq heç düz deyil? Kim bu ordeni almasa, vətənə yox, bədənə (misal üçün - burada hərə fantaziyasını işə salmaqda sərbəstdir) xidmət etmiş sayılırmı? Ordenin əsasnaməsində, təəssüf, bu haqda çox yayğın yazılmışdır:  “Azərbaycan Respublikasına sadiqliyə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə, dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə, milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə verilir”.
Yaxşı indi bu general vətənə 2-ci və 3-cü dərəcə xidmət eləmişdi, korrupsiyada suçlayıb tutsaq, onun vətənə xidmətləri necə olacaq? Maraqlıdır ki, “Vətənə xidmət” ordeni alanlar içərisində gömrükçülər çoxluq təşkil edir. Təbii haldır. Vətənin sərhədində ayıq-sayıq dururlar. Daim gömrük rüsumu yığır, iqtisadiyyatımızı dəstəkləyirlər. Keçmiş sədr Tahir Əliyev demişkən, rüşvətin içində rüsum da olur.
Araşdırsaq, daha dəqiqi yada salsaq son illərdə tutulan generallar, icra başçıları, başqa məmur, dövlət qulluqçuları arasında vətənə xidmətdə fərqlənmiş şəxslər üstünlükdədir. Az qala hamısında bu ordendən var. Deməli vətənə xidmətimizin yolu korrupsiyadan keçir. Azərbaycan Respublikasına ayrı yolla sədaqət nümayiş etdirə bilməzsən, istəyirsən özünü öldür, qarnını cır.
Fürsətdən istifadə edərək Konstitusiya Məhkəməsi hakimlərini, ombudsmanı, Hesablama Palatasının sədrini də əmək haqlarının artımı münasibətiylə təbrik edirəm. Məsələn, ombudsman indən belə ayda 3 min manatdan çox pul alacaqdır. Konstitusiya Məhkəməsinin sədri də 3 mindən çox. İnsaf naminə, yaman əziyyət çəkirlər. Ombudsman bütün günü insan hüquqlarını müdafiə edir - KM sədrinin pozduğu hüquqları. KM sədrinin işi lap zülümdür, çünki onun yeganə vəzifəsi hər 7 ildə bir dəfə iclasda taxta çəkici qaldırıb “Seçkilər düz olub, təsdiqləyirəm” deməkdir.
Səhv eləmirəmsə, bu şəxslərin maaşları deputatların maaşına bağlıdır. Orda qalxanda, avtomatik bunlarda da qalxır. Bizim qalan camaatın maaşı nəyə bağlıdır, nə qalxsa o qalxa bilər, bunu müəyyən etməyi də xalqın ixtiyarına və fantaziyasına buraxıram.
Tarix: 23-06-2022, 10:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}