Ekspert: “Mediaya heç kəs “yalnız mənim verdiyimi yay” deyə bilməz”


Azərbaycan rəsmiləri son illər bir qayda olaraq bildirirlər ki, media Qarabağda vəziyyət və ordunun əməliyyatları ilə bağlı yalnız Müdafiə Nazirliyinin məlumatından istifadə etməlidir. Onların deməsinə görə, əks halda ölkədə təxribat xarakterli məlumatlar yayılır.
Son 1 gündə Qarabağda yenidən vəziyyət gərginləşib, itkilərlə bağlı xəbərlər yayılır. Azərbaycan Müdafiə Nazirliyi bu barədə avqustun 3-də səhər ilkin məlumat versə də, gün ərzində başqa açıqlamalar olmayıb.
Halbuki, Ermənistan tərəfi çoxsaylı açıqlamalar yayır və Azərbaycanda sosial şəbəkə istifadəçiləri də oradakı məlumatlara istinad edirdilər. Yalnız axşam saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı geniş məlumat yaydı.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov “Turan” İnformasiya Agentliyinə bildirib ki, qarşı tərəfin verdiyi informasiyalar Azərbaycan cəmiyyəti üçün əsas deyil. Deputatın fikrincə, onlar həmin məlumatları dezinformasiya kimi qəbul edirlər:
“Azərbaycanın rəsmi qurumları, Müdafiə Nazirliyi rəsmən bu barədə hansı açıqlamanı verirsə, biz ondan istifadə etməliyik”.
“Əgər rəsmi məlumat gecikirsə…”
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, əgər söhbət konkret olaraq Azərbaycanın ərazi bütövlüyü və yaxud da ölkə daxilində baş verən konkret insidentlərlə bağlıdırsa, burda ən etibarlı mənbə – rəsmi mənbələrdir:
“Medianın ən önəmli iki istiqaməti var. Biri – rəsmi məlumatlardır, o biri isə özünün güvəndiyi mənbələrin məlumatlardır. Əgər rəsmi məlumat gecikirsə və jurnalistin etibarlı mənbəyi varsa ona istinad edə bilər. Bu, medianın təməl prinsipidir”.
Lakin ekspert qeyd edib ki, sadəcə Ermənistan mediasında yazılanlar etibarlı mənbə sayıla bilməz:
“Çünki onlar da faktiki olaraq bu məsələlərə propaqanda kimi baxa bilər. Ona görə də Azərbaycan mətbuatı üçün erməni mənbələri rəsmi mənbələrə alternativ kimi qiymətləndirilə bilməz”.
Bununla yanaşı Məmmədli vurğulayıb ki, mediaya heç kəs “yalnız mənim verdiyimi yay” deyə bilməz:
“Mediaya heç kim yalnız rəsmi məlumatların yayılması ilə bağlı göstəriş verə bilməz. Medianın işinin mahiyyəti odur ki, o müxtəlif mənbələrlə işləyir və rəsmi mənbələrə alternativ mənbələrdən də informasiyanı dəqiqləşdirə bilər”.
“Tərəf bir dənə olmur”
Hüquqşünasın sözlərinə görə, yazıda hökmən tərəflərin mövqeyi olmalıdır:
“Tərəf bir dənə olmur. Rəsmi məlumatlardan əlavə qarşı tərəf olan Ermənistan mediası da bunu yayır deyərək və balansı qoruyaraq jurnalist informasiyanı verə bilər. Burada əsas odur ki, tərəflərin hər ikisinin mövqeləri işıqlandırılsın və doğru informasiya oxucuya, izləyiciyə çatdırılsın”.
O, hesab edir ki, avqustun 3-də cəbhədə baş verənlərlə bağlı Müdafiə Nazirliyinin daha gec bəyanat verməsi fərqli aspektlərdən ola bilər:
“Hadisə Azərbaycan ərazisində baş verib və buna görə də erməni mənbələri rahat şəkildə həm də dezinformasiyanın yayılmasında maraqlı ola bilər. Azərbaycan isə bu məsələdə daha ehtiyatlı davranır. Çünki hadisə Azərbaycan ərazisində baş verir. Amma dezinformasiyanın qarşısını almaq üçün ilkin müəyyən informasiya verilə bilər, detallı isə daha sonra verilə bilər”.
Son günlər Qrabağda və Azərbaycanın Ermənistanla sərhəddində atəşkəsin pozulduğu, insan itkilərinin olduğu ilə bağlı məlumatlar yayılır. Tərəflər atəşkəsin pozulmasına görə, bir qayda olaraq bir-birlərini günahlandırırlar.
Tarix: 4-08-2022, 22:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}