“Sosial yardımlar insanları korlayır” iddiası - komitə sədri haqlıdırmı?


 
“Sosial yardım insanları korladı”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sentyabrın 21-də keçirilən iclasında komitənin rəhbəri Hicran Hüseynova deyib. Komitə sədri qeyd edib ki, insanlar işləmək istəmir: “Kömək istəyirlər. Onlara iş təklif edirəm, lakin onlar kiçik də olsa, köməklik etməyi üstün tuturlar. Belə olmaz...”
 Ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.  
Həmin səbəblərə daxildir: ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.
Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.
Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; axtarışda olan şəxslər; Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; əcnəbilər (Azərbaycanın ərazisində daimi yaşayanlar istisna olmaqla).
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, sosial yardımın verilməsi dayandırılır.
Sosial yardımlar həqiqətənmi insanları tənbəlləşdirir? Ehtiyacı olan insanlar niyə təklif edilən işlərlə razılaşmırlar?
Fazil Mustafa: “Bir millət, bir dərman, iki dövlət...” - VİDEO
Fazil Mustafa: “Vətəndaşı qınamazdan öncə ona alternativlər təqdim etməliyik”
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Sosial yardım insanlara əlacsızlıqdan verilir. Əgər dövlət vətəndaşa iş vermirsə, sosial yardım verir. İlk növbədə iş alternativləri genişlənməlidir. Bizdə isə iş alternativləri geniş deyil. Deputat kimi bizim də yanımıza çox sayda insanlar iş üçün gəlir, onları məşğulluğa göndəririk, vətəndaşlara elə işlər təklif edirlər ki, həmin işi mənə və yaxud başqasına təklif etsələr də, qəbul etmərik. Yəni alternativlər çox olmalıdır ki, insanlar ixtisasına uyğun iş tapa bilsinlər. Müəyyən faiz insanlar var ki, onlar həqiqətən də işləmək istəmir, hansısa formada yalan pensiya və yaxud sosial yardımla ayaqda qalmağa üstünlük verirlər. Və yaxud da qeyri-rəsmi işləri var, amma sosial yardım da əlavə vəsait kimi büdcələrinə daxil olur. Lakin əksəriyyət əslində normal, yüksək maaşlı iş istəyir. Baxaq görək, sosial yardım nə qədərdir? Əlbəttə ki, bir insanın normal dolanışığını təmin edəcək səviyyədə deyil. Yəni dövlətin verəcəyi və vətəndaşın da ala biləcəyi minimum səviyyədədir. Ona görə də bu məsələdə insanları əsas səbəbkar kimi göstərmək əvəzinə iş yerlərinin, alternativlərin sayını çoxaltmalıyıq. İndi görünür ki, Hicran xanım bunu nəzərdə tutaraq deyib ki, işlə təmin olunmağa daha çox meyl olunmalıdır. Ola bilsin ki, fikri də kontekstdən çıxarılıb. Lakin hesab edirəm ki, neqativ yanaşmaların yerinə çalışmalıyıq ki, iş yerlərinin sayı artırılsın. İş yerlərinin sayının artırılması üçün də heç də yeni Amerika kəşf etməyə ehtiyac yoxdur. Bunun üçün sahibkarlığın üzərindən bütün maneələr götürülməlidir. Yəni bütün inhisarçılıq, imtiyazçılıq götürülməlidir ki, insanlar qabiliyyəti çatan yerləri dirçəltmək üçün ora daxil ola bilsinlər. Ona görə də vətəndaşı qınamazdan öncə birinci ona alternativləri təqdim etməliyik. Əgər bundan sonra kiminsə işləmək qabiliyyəti varsa, əlilliyi yoxdursa, amma işləməkdən imtina edirsə, bunun, sadəcə, bir adı var - tüfeyli. Yox, əgər iş yeri yoxdursa, vətəndaş neyləməlidir?”
Tural Abbaslı bu tarixdə evlənir • Faktinfo.az
Tural Abbaslı: “Bu açıqlama ondan xəbər verir ki,  deputatların əhalinin vəziyyətindən xəbəri yoxdur”
AĞ Partiya sədri Tural Abbaslı isə mövzuya bu cür şərh bildirdi: “Hicran Hüseynovanın açıqlaması bir daha ondan xəbər verir ki, deputatların əhalinin vəziyyətindən xəbəri yoxdur. Şəxsən mən görməmişəm kiməsə normal şəraitli, maaşlı iş təklif olunsun, amma o, işdən imtina etsin. Necə yəni, "sosial yardım insanları tənbəlləşdirir"? Vətəndaşların ehtiyacı var ki, sosial yardım alır. Belə çıxır ki, Hicran Hüseynova bu məsələni Prezidentdən daha çox bilir? Hamımız bilirik ki, Prezidentimiz insanların sosial yardım alması ilə bağlı göstərişlər verib, amma xanım deputat deyir ki, sosial yardım insanları tənbəlləşdirir".
Azad İsazadə: "Sosial şəbəkə bir reallıqdır, ondan qaça bilmərik" - MÜSAHİBƏ
Azad İsazadə: “Vətəndaşı işlə təmin etsələr, onda bu yardıma heç ehtiyac olmaz”
Psixoloq Azad İsazadə isə məsələnin psixoloji tərəflərini şərh edib: “Bu məsələni ümumiləşdirib danışmaq doğru olmazdı. Əgər fərdi hallarda hansısa faktlar varsa, bu o demək deyil ki, hamı belə edir. Sosial yardım mütləqdir. Bu məsələ o zaman effektli olmur ki, vətəndaşa tətbiq ediləndə hansısa yollara əl atılsın. Əlbəttə ki, sosial yardım veriləndə mütləq vətəndaşın vəziyyəti dəqiq qiymətləndirilməli, araşdırılmalıdır ki, bu sosial yardım nə qədər onun üçün vacibdir və sairə. Sözsüz ki, bu yardım tətbiq edilməzdən əvvəl əgər vətəndaşı işlə təmin etsələr, onda bu yardıma heç ehtiyac olmaz. Yox, əgər vətəndaş artıq uzun müddətdir ki, yardım alır və ona təklif olunan işin maaşı aldığı yardımdan heç də fərqlənmirsə, yəni yüksək deyilsə, məntiqlidir ki, vətəndaş işdən imtina edə bilər. Biz cəmiyyətdə sosial yardımın ətrafında çox sayda neqativliklər görmüşük. İnsanlarda sosial yardım bir maaş, iş kimi qəbul olunub və bunu əldə etmək üçün müxtəlif yollara baş vururdular.  Kimisi rüşvətə əl atır, kimisi kimlərinsə vasitəsilə tapşırırdı və sairə. Ona görə də həmin adamlar indi də sosial yardım alırlarsa, ondan imtina etməyəcəklər”.
Tarix: 23-09-2022, 09:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}