Gəmidə oturub, gəmiçiyə kəm baxan


 
Zəngəzur-Göyçə mövzusunda diskussiyalar davam edir. AzTV-də buna aid nəsə veriliş olub, bəzi deputatlar verilişdən narazı qalıblar. Deyirlər gərək efirə səviyyəli adamlar çıxarılsın. AzTV isə deputatları öz işləriylə məşğul olmağa, hikkədən uzaq olmağa səsləmişdir.
Burada kim haqlıdır, şəxsən mən dəqiq bilmirəm. Ancaq hesab edirəm indiki halda xalqımıza birlik lazımdır. Deputatları və AzTV-ni həmrəyliyə səsləyirəm. Bizim hamımızın bu saat bir ümummilli düşmənimiz var. O da qondarma “Göycə-Zəngəzur Respublikasının” (GZR) prezidenti Rizvan Talıbovdur.
Talıbov ölkəmizin daxilində oturaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatlar törədir. Axı biz Zəngəzur və Göyçənin Azərbaycanın tarixi torpaqları olmasını bəyan etmişik. Vaxtaşırı yüksək tribunalardan bu fikirlər səslənir. Məntiqlə, Rizvan müəllimin o əraziləri nəsə ayrı qurum elan etməsi sırf Azərbaycana, onun tarixinə balta çalmaqdır. Ümid edirəm əlaqədar orqanlar onunla məşğul olar. Məsələn, təzədən Əli İnsanovun hüquqlarını müdafiə komitəsinə sədr göndərməliyik. Təbii, öncə Əli müəllimi içəri basmaq lazımdır, bunu təşkil etmək çətin deyil, günahı çoxdur.
Bəziləri, o cümlədən yuxarıda adlarını çəkmədiyim deputatlar hesab edir Talıbovun hərəkətləri ölkəmizin xarici siyasətinə ziyan vurur. Guya Ermənistan bu dırnaqarası, oyuncaq, tarixi kökləri olmayan “GZR”-i Azərbaycanın yaratdığını, dolayısı ilə ölkəmizin Ermənistanın ərazi bütövlüyünü, BMT səviyyəsində tanınan sərhədlərini pozmaq arzularımızın olduğunu bəyan edəcək və ya edir. (Yerinə uyğun olaraq erməni budaq cümləsi yazdım, çalışın birtəhər başa düşəsiniz).
Lakin xeyir ola? Burda bizim qətiyyən günahımız yoxdur. Hətta Rizvan Talıbovun oyuncaq respublikasından ziyan çəkən birinci ölkə varsa o elə Azərbaycanın özüdür! Yuxarıda yazdım: tarixi ərazilərimizə iddia edir. İkinci ölkə də Ermənistandır. Üçüncü İrandır. Dördüncü də Rusiya. “GZR”-in yaranması İrana ona görə ziyandır ki, Talıbov bu yaxında öz iqamətgahında Nikaraqua və Kolumbiya səfirlərini qəbul edərkən Arazın o tayından Zəngəzura narkotik axınlarına son qoyacağını vəd edibdir. Rusiya isə “GZR” ərazisində hərbi baza yarada bilməyəcəyindən ehtiyat edir. GZR xarici siyasət idarəsi dəfələrlə qondarma respublikanın müstəqil siyasət yürüdəcəyini, heç bir bloka qoşulmaq istəmədiyini, “ODKB”-dən allergiyası olmasını açıqlayıbdır.
Bu baxımdan, yaxşı olar yaxın gələcəkdə Ermənistan və Azərbaycan qondarma “GZR”-ə, hətta “gzr”-ə qarşı birləşsin, birgə siyasət yürütsün. Rizvan Talıbov və onun siyasəti Qafqazda sülhün yaranması, xalqlarımız arasında qardaşlığın bərpası istiqamətində gözlənilməz, effektli rol oynaya bilər.
Sonda mən Azad Vətən Partiyasını və Yeni Yol Partiyasını dövlət tərəfindən qərargahla təmin olunmaları münasibətiylə təbrik edirəm. Bildiyiniz kimi, Azad Vətən Partiyası Qarabağ Azadlıq Təşkilatının bazasında yaranmışdır və iki il öncə köhnə adın mənası qalmamışdı. Nəticədə qurum adını dəyişib Azad Vətən oldu, partiyaya döndü. Ümid edək oxşar taleyi “GZR”-də yaşasın.
Qaldı Yeni Yol, doğrusu bunun qabaqkı adını bilmirəm. Bəlkə də İpək Yolu olub? Yaxud Beyləqan-Ağcabədi yolu? İstefada olan, pensiyaya çıxan, video çəkən sürücülərin əlindən zara gəlmiş yol polislərinin yaratdığı siyasi qurum da ola bilər. Hər halda, məntiqlə indiki günümüzdə partiyanın adını Zəfər Yolu qoymaq lazım idi.
Belə siyasi terminləri düzgün işlətməyin böyük əhəmiyyəti var. Məsələn, bir ara ağzıgöyçəklər, ipiqırıqlar, qara qüvvələr konstruktiv müxalifətə “avtobus müxalifəti” yarlığı yapışdırıb guya öz aləmlərində lağa qoymağa başlamışdılar. Nəticədə indi camaat yolda qalıb, avtobus tapmır.
Sonda bir daha xalqımızı birliyə çağırıram.
Tarix: 24-09-2022, 09:59




Xəbər lenti

{sape_links}{sape_article}