Azərbaycan iqtidarlarının vazkeçilməzi: - 35 ildir bitməyən karyera

Azərbaycan iqtidarlarının vazkeçilməzi:
Polad Bülbüloğlunu əhalisinin sayı 10 milyonu ötmüş ölkəmizdə beş-altı ən şanslı azərbaycanlılardan biri saymaq olar. Ona görə yox ki, SSRİ Xalq artisti, korifey ifaçı Murtuza Məmmədovun (Bülbül) ailəsində dünyaya gəlib. Əlbəttə, bu, uğurlu bir başlanğıcdır. Amma uğur bir ömür boyu insanla yoldaşlıq etmir. Polad Bülbüloğlu isə bir istisnadır. O, şansın üzünə güldüyü nadir azərbaycanlılardandır. Düz 78 ildir ki, şans ondan yanadır...

Orta və yaşlı nəsil P.Bülbüloğlunu hələ də mahir ifaçı kimi qəbul edir. Onun ecazkar səsi ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın sərhədlərini aşıb. P.Bülbüloğlu nadir azərbaycanlılardandır ki, 70-80-ci illərdə təkcə SSRİ-nin mədəniyyət salonlarında deyil, həm də “dedovşina”nın hökm sürdüyü ucqar hərbi hissələrdə də onun ifası səslənirdi. Bülbüloğlu bülbülə xas xoş avazı ilə ehtiyacın girdabında çabalayan sovet insanının tarıma çəkilmiş əsəblərinin üzərinə su çiləyə bilirdi.

P. Bülbüloğlunun ifa tərzi kimi, məmur karyerası da maraqlıdır. Onun heç vaxt batmayan günəşi Azərbaycan KP MK-nın I katibi Əbdürrəhman Vəzirovun dövründə yenidən parladı. Ə.Vəzirov mübaliğəsiz, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş 43 yaşlı P.Bülbüloğlunu tərəddüd etmədən Azərbaycan SSR mədəniyyət naziri vəzifəsinə təyin etdi.

O vaxt yaxın ətrafı bunu kosmopolit Vəzirovun heç vaxt qabarmayan yerlibazlıq damarı ilə əlaqələndirsə də, P.Bülbüloğlu uzun illər ərzində vəzifəsini qorumağa müvəffəq oldu. Xələflərinin bir-birinin ardınca uğursuzluğa düçar olmasına rəğmən P.Bülbüloğlunu uğurlu nazir saymaq olar. Soyadının qazandırdığı üstünlük və Qarabağ kökənli olması 43 yaşlı müğənninin mədəni sferada asanlıqla qəbul olunmasını təmin etdi.

Polad Bülbüloğlu Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev kimi fərqli dünyagörüşünə və idarəçilik anlayışına malik olan dövlət başçıları ilə işləməyi bacardı.

O, 1988-ci ildən başlayan nazir karyerası ilə 18 il sonra - 2006-cı ildə vidalaşdı, amma Azərbaycan iqtidarı P. Bülbüloğlu ilə vidalaşmadı. P.Bülbüloğlu ölkə Prezidentinin sərəncamı ilə 30 yanvar 2006-cı ildə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olundu.

Xalq artisti P. Bülbüloğlu düz 17 ildir ki, soyuq Rusiyada isti kabinetini qoruya bilir. Onu qeyri-adi bacarıqlara malik uğurlu diplomat saymamaq da olar. Çünki Azərbaycan-Rusiya münasibətləri hamar olmadığı kimi, P.Bülbüloğlunun diplomat karyerası da stabil deyil. Rusiyada yaşayan soydaşlarımızın heç də hamısı bu məşhur azərbaycanlıdan razı deyil. Cəmiyyətdə belə bir rəy hakimdir ki, 78 yaşlı diplomat soyuq şimal ölkəsinə pənah aparan sıravi azərbaycanlıların hüquqlarının ən yüksək səviyyədə qorunmasını təmin edə bilmir. Hazırda onun ən yaxşı bacardığı iş karyerasının davamlılığını təmin etməkdir.

P.Bülbüloğlu Azərbaycan hakimiyyətinin ən uzunömürlü fiqurudur. Onun 35 il əvvəldən başlayan karyerası bu gün də davam edir. O, Azərbaycan hakimiyyətinin vazkeçilməz siması sayılır.

Sizin buna şübhəniz var?

Seymur VERDİZADƏ 
//yenisabah.az//
Tarix: 18-03-2023, 21:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}