Məşhurlar sosial proqramlardan DANIŞDI: “Xəcalət çəkirik, televizoru söndürürük”

Məşhurlar sosial proqramlardan DANIŞDI: “Xəcalət çəkirik, televizoru söndürürük”

Bir müddətdir ki, televiziya efirlərində yayımlanan sosial proqramların mövzusu, mahiyyəti və strukturu ciddi tənqid atəşinə tuş gəlməkdədir. Cəmiyyət bayağılaşmış, ucuzlaşmış ssenari ilə davam edən verilişlərin yayımlarının dayandırılmasını istəyib. ATV, ARB, XƏZƏR, SPACE televiziyalarında yayımlanan sosial layihələrin kütləvi şikayətlər əsasında yayım saatında dəyişiklik edilib. Televiziya rəhbərləri Prezident Administrasiyasına dəvət olunaraq, onlara ciddi tapşırıqlar verilib.

Lakin bu bəs edirmi?

Media mühitində efir üzü görən verilişlərin təhlilini dövlət səviyyəsində həyata keçirən qurumlar var. 2021-ci ildə fəaliyyətə başlayan Medianın İnkişafı Agentliyinin də Audiovizual Şura ilə birgə efirdə yayımlanan verilişlərə irad, təklif, televiziya məhsullarının istehsalı və yayımı üzrə məsul vəzifələri ayırd edilib. Agentliyin Nizamnaməsinin 3.1.10-cu yarımbəndində audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, müsabiqələr keçirmək Agentliyin əsas vəzifələri sırasına daxil edilib.

Belə ki, aprelin 5-i Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib. Musabiqənin şərtlərində və istiqamətində Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələr və ailə dəyərlərinin, mədəniyyətinin, azərbaycançılıq ideologiyasının təbliği mühüm yer tutur.

Bütün bunlarla yanaşı, efir yayımındakı mövcud vəziyyətin narahatlığı hələ də duyulmaqdadır.

Siam.az bildirir ki, Referans.Az məşhur simaların hazırkı efir durumu ilə bağlı maraqlı fikirlərini öyrənib.



Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova məsələyə dövlət səviyyəsində baxılmasını çox gözəl addım kimi dəyərləndirib: “Mənə elə gəlir ki, xalqımız daha da keyfiyyətli verilişlərə baxmalıdır. Mədəniyyət verilişləri yayımlanmalıdır. Bəzi verilişlər insanların əhval-ruhiyyəsinə neqativlik gətirir. Bu xalqımıza lazım deyil. Tariximizi, mədəniyyətimizi bilsinlər. Televiziyalarda tərbiyəsiz, ağlamalı verilişlər yayımlanır. Nəyə görə xalqımız belə verilişlərə baxmalıdır?! Bizim uşaqlarımız öz mədəniyyətimizi öyrənməlidirlər. Çox yaxşı oldu ki, Prezident Administrasiyasında bu məsələyə baxıldı. Bunu çoxdan eləmək lazım idi”.

Təranə Muradova qeyd edib ki, hər verilişə getmir: “Mən baxıram hansı verilişə getmək olar, hansına deyil. Nə qalmaqal sevənəm, nə də eyni formatda olan proqramlarda elə-belə oturub eyni insanlara cavab vermək istəmirəm. Dəvət alanda bunlara diqqət edirəm. Hər televiziyada bədii şuralar olmalıdır ki, verilişlərə nəzarət eləsin. Aparıcıların geymindən tutmuş verilişin formatınadək hər şeyə baxmalıdırlar. Televiziyalarda şuralar var, amma elə belə yığışmaqçün demirəm. Şuralar hansı verilişlərin qalmalı, hansılarının yayımlanmamlı olduğuna baxmalıdırlar. Televiziyaların rəhbərləri daha çox şou-biznesdən bəhs edən verilişlərə önəm verirlər. Azərbaycanın efiri xalqımız üçün çox önəmlidir. Biz tərbiyəni hardan alırıq? Televiziyanı yandırırıq görürük seriallar, verilişlər gedir. Xalqa lazım olmayan verilişləri yayımdan çıxarmaq lazımdır. Bu mənim fikrimdir. Mən istəyərdim ki, mənim nəvəm telefonla oynamasın, televiziyaya baxsın”.

Dəvət olunan insanların yerinə xəcalət çəkdim...

Əməkdar artist Azad Şükürov müzakirə olunan mövzu ilə bağlı təəccübləndiyini bildirib: “Bilirsiniz məni nə təəccübləndirdi? Yəni belə bir şey üçün doğurdanmı Prezident Administrasiyasından müəyyən bir çağırış olmalı idi? Dəvət olunmalısınız, sizə bu tapşırıqlar verilməlidir? Bəyəm siz bilmirsiniz ki, televiziyada kifayət qədər xalqın adət-ənənəsinə qulluq edən verilişlər olmalıdır? Bunu kimsə sizə deməli idi? Dövlətimizin sözügedən məsələyə qarışması çox yaxşı oldu”.

Azad Şükürov deyib ki, o şəxsən dəvət olunan insanların yerinə xəcalət çəkib: ” Təsəvvür edin, vəzifə borcunu yerinə yetirə bilmirəm, məni çağırıb deyirlər ki, bunu belə eləmə, elə elə. Bəs siz necə sinənizə döyürsünüz ki, televiziya mütəxəssisiyik, rəhbərləriyik?! Niyə imkan verirsiniz ki, belə şeylər olsun?! Doğurdanmı, camaat ayağa qalxmalıdır?! Ayıbdır axı!”

Kişilər efirlərdə arvadlarından, arvadlar kişilərindən danışır

Xalq artisti Cəfər Namiq Kamal haqqında danışılan verilişləri şit və əttökən adlandırıb: “Verilişlərin keyfiyyətini artırsalar, yaxşı olar. Vallah camaat yorulub. Bu ərindən boşanır, bu arvadından boşanır və s. Lazımdır camaata?! Azərbaycan tamaşalarını versinlər. Ancaq çalıb oxumaqdır. Bir milyon baxış yığırlar. Məni kim dindirir, deyir Azərbaycan televiziyasına baxmırıq. Yaxşı olsa, deməli, baxar də. Biz evdə uşaq böyüdürük. Uşaq gözünü açır, ancaq arvad söhbətləri gedir. Kişilər də oturub arvadından, arvadlar kişisindən danışır. Ta bəsdirin də. İstəyərdim yaxşı olsun”.

Elə verilişlər görən kimi televizoru söndürürəm

Xalq artisti Simarə İmanova dövlət kanallarmızdan başqa heç bir televiziya kanallarını izləmədiyini dedi: “Efir mədəniyyətdir. Yoldan keçəni efirə çıxardırlar, elələrinə sənətkar deyirlər. Bizim savadsız aparıcalarımız onları belə adlandırırlar. Sənətkar sözünü adiləşdirirlər. Belə olmaz. Verilişlər biabırçı gündədir. Allaha and olsun, Xalq artisti olaraq mən efirə baxmağa xəcalət çəkirəm. Hara baxırlar?! Ailənin hər sirrini bayıra çıxardırlar. Məsələn, arvad uşaqlarını, ərini qoyub qaçıb və s”.

Xanəndə vəziyyətlə bağlı televiziya rəhbərlərini günahkar görüb:
“Televiziya rəhbərləri baxmırlar ki, bu nə verilişdir ki, mənim kanalımda gedir?! Efiri küçə ediblər. Küçədə nə söhbət olur hamısı efirdədir. Efir ədəb-ərkandır, tərbiyədir. Senzura olmalıdır. Nə geyimləri var, nə sənətləri var. Mən narazıyam, efirə baxmağa utanıram. Məni efirlərə dəvət edirlər, getmirəm. Ona görə ki, elə verilişlərdə iştirak eləsəm utanacam. Özümə kənardan baxan insanam. Meydan yoxdur, harda oxumalıyam?! Mən indən belə oxumaq istəyirəm. Böyük sənətkarımız Seyid Şuşinski deyib ki, sənətkar 40 yaşından sonra yetişir. Mən soyunanların, ağzının danışığını bilməyənlərin yanında oxuyum? Bir-iki dəfə efirə çıxdım, sonra peşiman oldum. Elə verilişlər görən kimi televizoru söndürürəm”.

Televiziyada verilən sosial verilişlərə baxmıram...

Əməkdar artist Şövqü Hüseynov heç bir sosial verilişə baxmadığını bildirdi: “Gənc nəslin formalaşması ilə bağlı tok-şouların, verilişlərin olmasını istəyərdim. Daha kreativ, daha müasir, daha iti düşünən gənclərimiz var. Mən bu tip sosial layihələrə ekspert kimi dəvət almamışam. Dəvət eləsələr də, getmərəm. Yalnız öz sənətimlə bağlı ekspertlik edə bilərəm. Hərənin öz düşüncəsi var. İstəyərdim ki, mədəniyyətimiz, incəsənətimiz daha çox inkişaf eləsin”.

Şəlalə Babayeva  
Tarix: 13-04-2024, 13:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}