Tehran Qərblə barışığın bəhrəsini görür

 Tehran Qərblə barışığın bəhrəsini görür “Airbus” ilk təyyarəni İran şirkətinə təhvil verdi; bu ölkə hansı səbəbdən Avropa şirkətləri üçün yatırım cənnətinə çevrilib?

İran Qərblə anlaşmanın ilk “meyvələrini dərir”. İran hökumətinin “Airbus” firması ilə bağladığı sərnişin təyyarəsi alınması müqaviləsi çərçivəsində birinci uçaq artıq Tehrana göndərilib.


“Euronews” telekanalının məlumatına görə, Fransanın Tuluza şəhərində keçirilən mərasimdə 189 yerlik A321 model “Airbus” təyyarəsi “İran Air” şirkətinin prezidenti Fərhad Pərvərişə təhvil verilib. Təyyarənin üzərinə şirkətin emblemi vurulub.
Qeyd edək ki, İran və ABŞ başda olmaqla, “altılıq” ölkələri arasında əldə olunmuş nüvə razılaşmasına əsasən, İslam Respublikasına qarşı sanksiyalar götürülüb. Və bundan sonra İran dünyanın iki ən məşhur təyyarə istehsalı firmaları olan “Airbus” və “Boeng”lə sifariş müqaviləsi imzalayıb. Müqaviləyə əsasən İran hökuməti “Airbus”dan 100, “Boeng”dən isə 80 ədəd sərnişin təyyarəsi alacaq.



“Airbus”un baş direktoru Fabies Berjier Tuluzadakı təhvil-təslim mərasimində deyib ki, anlaşmaya daxil olan digər təyyarələr yaxın zamanlarda İrana təhvil veriləcək. Qeyd edək ki, bu anlaşmaya əsasən təyyarələrin qiyməti İranın embarqo zamanı Qərb banklarında dondurulmuş hesablarından ödəniləcək. Yəni Qərb İrana nağd pul geri verməyəcək, İran isə 30 ildən çoxdur köklü şəkildə yenilənməyən aviaparkını yeniləyəcək.

Qeyd edək ki, bu anlaşma ötən ilin yanvarında İran prezidentinin Fransaya səfəri zamanı əldə olunub. Anlaşmaya əsasən, İran 20 milyard dollar dəyərində 100 ədəd sərnişin təyyarəsi alacaq.

Bundan başqa, İran dünyanın digər məşhur nəqliyyat təyyarəsi brendi olan “Boeng” firması ilə anlaşma imzalayıb. 16,6 milyard dollarlıq anlaşmaya əsasən ABŞ-ın nəhəng təyyarə korporasiyası İrana 80 sərnişin təyyarəsi satacaq.

Qeyd edək ki, bu hadisə İranda İslam inqilabından sonra Qərblə ilk böyük anlaşmadır. Məhz inqilabdan az sonra İranda ABŞ səfirliyi hücuma məruz qalaraq işçiləri girov götürülmüş və bundan sonra ABŞ başda olmaqla, dünyanın bir sıra ölkələri İrana qarşı embarqo tətbiq edib. Bu səbəbdən də İrana o tarixdən sonra Qərbdən təyyarə satılmayıb. Nəticədə İran aviasiya parkı köhnəlib və hətta ehtiyat hissələrini qara bazardan baha qiymətə almağa məcbur olub. Nəticədə İranda aviaqəzaların sayı artıb. Son 37 ildə 200-dən çox təyyarə qəzaları baş verib.



Yalnız Həsən Ruhani hakimiyyətə gəldikdən sonra Qərblə danışıqlar bərpa olunub və nüvə anlaşmasından sonra Qərb konsernlərinin qapıları İslam Respublikasının üzünə açılıb. Bu prosesdən ən çox razı qalan isə Avropa şirkətləridir. Çünki İran kimi güclü iqtisadiyyatı, neft-qaz ehtiyatları olan 80 milyonluq bazar Avropa üçün hər zaman cəlbedici olub.
İranın digər üstünlüyü isə digər Yaxın Şərq ölkələrinin əksəriyyətindən fərqli olaraq İranda sabitlik və iqtisadi inkişaf olmasıdır; burada yatırım üçün əlverişli imkanlar yaradılıb. Məhkəmə sistemi, xarici biznes üçün münasib şərtlər formalaşdırılıb. Üstəlik, farslar Avropanın alman və fransızlar kimi köklü xalqları ilə dərin bağlara malikdirlər, bir toplum olaraq qəbul olunurlar. Bu səbəbdən də İrana qarşı embarqoların götürülməsi Avropanın aparıcı ölkələrinin diqqətini çəkib. Avropanın 100 ən böyük şirkəti İrana yatırım qoymaqla bağlı istəklərini elan edib, buraya nümayəndə göndəriblər. Əgər builki seçkilərdə Həsən Ruhani yenidən seçilsə və Qərbin, xüsusən də ABŞ-ın İranla bağlı siyasi kursu dəyişməsə, İranın Qərb şirkətləri ilə əməkdaşlığı, yatırım qoyulması prosesi sürətlənəcək.

İranın, məsələn, qonşu Türkiyə ilə müqayisədə daha sabit ölkə olması, terrorun bu ölkəyə ayaq açmaması yalnız İran xüsusi xidmətlərinin fəallığı ilə bağlı deyil. Bu amil olsa da, daha mühüm faktor İranın müharibə “cəbhəsini” Suriyada aparmasıdır.

Yəni savaş İran sərhədlərində deyil, Tehran məhz bu səbəbdən ilk günlərdən Suriya savaşına qatılaraq Yaxın Şərqdə dağıdıcı müharibənin öz sərhədlərinə gəlib çatmamış onunla müharibəyə başladı. Bunu İranın bəzi rəsmiləri də etiraf ediblər. Bir neçə gün əvvəl də İranın Ali dini lideri Suriyaya dəstək verməsələr, bu gün Tehranda savaşmalı olacaqlarını bildirib. İran savaşa Suriya torpaqlarında qatılıb və itkilərini də Suriyada verir, ancaq buna görə də düşmənləri sərhədlərin içərisinə buraxmayıb. Oxşar taktikanı ruslar da etdilər, növbəti terror müharibəsinin Rusiya ərazisinə sıçramasının qarşısını almaq üçün Suriyada Qərbə və onun dəstək qüvvələrinə qarşı savaşa girdilər.

Türkiyənin isə bu şəkildə manevr etmək imkanı olmadı. Çünki savaş birbaşa sərhədlərdə başladı, Türkiyə istər-istəməz Suriya münaqişəsinin əsas oyunçusuna çevrildi. Təbii ki, burada hökumətin müəyyən yanlış hesablamaları, dövrün ictimai-siyasi şərtlərinin də təsiri ilə Ankara Suriya münaqişəsinin içərisində yer aldı, Suriyada müxalifləri dəstəkləyən Qərb və ərəb ölkələri Suriyaya dəstəyi Türkiyə üzərindən etdilər ki, bu da son nəticədə Türkiyə üçün hazırkı başağrılı vəziyyəti yaratdı.

KƏNAN
Tarix: 13-01-2017, 09:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}