Rusiya postsovet məkanındakı münaqişələrin girovuna çevrilib

Rusiya postsovet məkanındakı münaqişələrin girovuna çevrilib Onlardan qurtulmağın yolu ilk növbədə Dağlıq Qarabağ ixtilafını nizamlamaqdan keçir; Moskva “daşları nə vaxt yığmağa” başlayacaq"? Hərbi ekspert: “Qarabağda genişmiqyaslı müharibənin bərpası ehtimalı olduqca böyükdür...”


Qarabağ danışıqlarını dalandan çıxarmaq hələ ki mümkün olmur. Bir yandan, işğalçı Ermənistanın təxribatçı və pozucu mövqe tutmaqda davam eləməsi, digər yandan isə vasitəçi dövlətlərin problemin həlli yönündə yetərli səylər göstərməməsi və yalnız növbətçi bəyanatlar verməklə kifayətlənməsi nizamlama prosesində müsbətə dönüş yaratmağa imkan vermir.


Ötən həftə Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən növbəti görüşün də nəticəsiz bitməsinin kökündə bu iki amil dayanır. Nə qədər ki, belə görüş xətrinə görüşlərin keçirilməsi əsas hədəf olacaq, o zamanadək də Qarabağ ixtilafının sülh yolu ilə nizamlanması əlçatmaz olaraq qalacaq.


Bəs getdikcə Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə, yoxsa sülh ehtimalları artır? Siyasi və hərbi ekspertlərin bu yöndə proqnoz və açıqlamaları təəssüf ki, nikbinlikdən uzaqdır.


***


“Hərçənd artıq adiləşən Məmmədyarov-Nalbəndyan görüşləri nəticəsizdir, ancaq vacibdir”. Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı tanınmış hərbi ekspert Pavel Felqenqauer tert.am erməni nəşrinə müsahibəsində nazirlərin danışıqlar prosesini canlandırmağa yönəlmiş son təmasını şərh edərkən deyib.

Rusiya postsovet məkanındakı münaqişələrin girovuna çevrilib


“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəticəsizdir, ancaq bütövlükdə heç görüşməməkdənsə görüşmək lazımdır. Fikrimcə, tərəflər hələ ki Qarabağ konfliktinin nizamlama variantlarını müzakirə eləmirlər, ona görə də təmaslar nəticəsizdir”, - deyə Felqenqauer qeyd edib.


Onun sözlərinə görə, Dağlıq Qarabağa situasiya partlayış həddinə çatıb və genişmiqyaslı müharibənin bərpası ehtimalı olduqca böyükdür. Bununla belə, rusiyalı ekspert hesab edir ki, ATƏT-in Minsk Qrupu və fövqəldövlətlər tərəfindən münaqişə tərəflərinə məsələnin nizamlanması yönündə təzyiqlər yoxdur, çünki onların başı “başqa problemlərə” qarışıb.


“Bəs partlayış həddinə çatmış situasiyadan necə qaçmaq olar” sualına cavabında isə hərbi ekspert deyib: “Siyasi qərarlar lazımdır. Eskalasiyanın azaldılmasına yönəlmiş öhdəlik lazımdır. Əks halda, müharibə qaçılmazdır. Lakin mən hələ ki belə sistemli yanaşmalar görmürəm”.


***


Ancaq analitikin problemin həlli üçün “münaqişə tərəflərinə təzyiq eləmək lazımdır” fikri ilə razılaşmaq mümkün deyil. Daha doğrusu, təzyiq eləmək vacibdirsə, bu, müstəsna olaraq, işğalçı tərəfə - Ermənistana edilməlidir. Çünki beynəlxalq hüququ pozan, qonşu ölkənin 20% ərazisini işğal edən məhz Ermənistandır, Azərbaycan yox. Azərbaycanın ən böyük güzəşti illərdir işğal rejiminə dözüm göstərib sülh danışıqlarında iştiraka razı olmasıdır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 məlum qətnaməsi də müstəsna olaraq, İrəvana ünvanlanıb.


Əfsus ki, nəinki təcavüzkar Ermənistan, artıq ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri də bu və digər səbəblərdən (xristian amili, dünya erməni lobbisinin təsiri və s.) reallığı görməzlikdən gəlir. Əks halda, cırtdan Ermənistan təzyiqlər və sanksiyalar yolu ilə çoxdan öz yerində oturdular, yaxud Azərbaycana imkan verilərdi ki, öz torpaqlarını güc yolu ilə, elə həmin BMT qətnamələri əsasında azad eləsin.


İstənilən halda, Azərbaycanın tək yolu - hərbi və itisadi cəhətdən güclənmək, güclənmək və yenə güclənməkdir. Eyni zamanda dünya çapında dost-müttəfiqlərimizin sayını artırmaq və ölkəmizin daha təhlükəsiz sistemdə yer almasını təmin eləmək əsas hədəflərimizdən olmalıdır. Nəhayət, Rusiyanın regiondakı, münaqişə ilə bağlı maraqlarını, davranışlarını diqqətlə izləmək zorundayıq. Çünki Azərbaycana ən böyük təhlükə hər necə olmasa, Ermənistandan yox, onun arxasında duran Rusiyadan və Rusiyanın regional maraqlarından qaynaqlanır. Kremlin əsas maraqları sırasında isə bəllidir ki, Azərbaycanı geridönməz şəkildə öz siyasi-hərbi orbitinə qaytarmaq, hətta SSRİ-ni bərpa eləmək hədəfi də var və Qarabağ konflikti kimi məsələlərdən də o, öncəliklə bu yöndə istifadə edir.


***


Təsadüfi deyil ki, postsovet məkanındakı heç bir etnik-ərazi münaqişəsi bu günədək həll edilməyib - çünki onların hamısının memarı Rusiyanın özüdür. Belə görünür ki, Moskva “parçala, hökm sür” siyasətini davam etdirmək niyyətindədir. Ukraynanın Şərqində, Rusiya sadiq separatçı qüvvələrin nəzarəti altında olan ərazilərdə yeni bir kvazi-dövlətin - “Malorossiya”nın yaradılmasının elan olunması və Ukrayna dövlətinin varlığının inkar edilməsi buna növbəti sübutdur.


Diqqətçəkicidir ki, Qərbin Moskvanı bunu pisləməyə çağırmasına rəğmən, rəsmi Kreml hadisəyə susqun reaksiya verib. Prezident Putinin mətbuat katibi Dmitri Peskov yalnız bunu deyib ki, “məsələyə hələlik reaksiya bildirilməyəcək, çünki mövzunu öyrənməyə ehtiyac var”.




Bununla da Moskva bir daha postsovet ölkələrinin ərazi bütövlüyü suverenliyinin, demək, beynəlxalq hüququn da ondan ötrü önəm kəsb etmədiyini ortaya qoyub. Biz də belə bir dövlətdən Dağlıq Qarabağ məsələsində ədalətli vasitəçilik gözləyirik. Bədbəxt erməni də 29 ildir düşünür ki, ruslar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə yardımçı olacaq. Ötən zaman kəsiyi göstərdi ki, Kremli heç öz vassalının da maraqları düşündürmür. O, yalnız öz maraqlarını güdür. Lakin bu maraqları qorumaq getdikcə çətinləşir. Ona görə ki, münaqişələrin həll eləmək zamanı çatıb.


***


“MDB ərazisindəki qanlı münaqişələrdən çıxış yolu hələlik görünmür”. Bunu Rusiya prezidenti yanında insan haqları və vətəndaş cəmiyyətinin inkişafı məsələləri üzrə Şuranın üzvü, tanınmış siyasətçi və publisist İrina Xakamada deyib (report). Onun sözlərinə görə, Dağlıq Qarabağ və postsovet məkanındakı digər münaqişələr bir zəncirin halqalarıdır: “Dağlıq Qarabağ postsovet məkanında birliyə mane olan əsas məqamdır. Mən artıq 10 ildir ki, bu problemlərlə məşğul olmuram və hansısa mühakimə yürütmək mənim üçün çətindir. Hesab edirəm ki, Dağlıq Qarabağ, eləcə də Dnestryanı, Donbass, Abxaziya və Cənubi Osetiya hələlik çıxış yolu görünməyən ərazi mübahisələri, münaqişələrdir. Onların həlli barədə mənim şəxsi təsəvvürüm reallığa çevrilə bilmək üçün çox romantikdir”.


Siyasətçinin fikrincə, münaqişə ölkələrində millətçiliyin qızışdırılması onların həlli məsələsinə yardım etmir. İ.Xakamada bildirib ki, Bakıda 10 il əvvəl olub: “Şəhər çox gözəldir, burada müxtəlif xalqların nümayəndələri, hətta ermənilər yaşayırlar. Rus dilinin Azərbaycanda bu dərəcədə inkişaf etməsi yaxşı haldır. Rus dili dövlət dili olmasa da, Bakıda bir növ regional dil rolunda çıxış edir. Bu da Rusiya və Azərbaycan arasında yüksək səviyyəli iqtisadi, mədəni-humanitar əlaqələrin nəticəsidir”.


Xanım Xakamada doğru buyurur ki, postsovet məkanındakı bütün münaqişələr bir zəncirin həlqələridir. Lakin onun açıqlamasında belə bir məqamla qətiyyən razılaşmaq olmaz ki, guya bu münaqişələrdən çıxış yolu yoxdur. Çıxış yolu var, özü də çox sadə: Rusiya həmin konfliktləri körükləməkdən, SSRİ-ni bərpa eləmək planlarından vaz keçsin. Vəssalam.


Rusiya Prezident Administrasiyasının keçmiş əməkdaşı, iqtisadçı və müxalif siyasətçi Dmitri Nekrasov isə Ukrayna nəşrinə müsahibəsində separatçı Donbas bölgəsindəki vəziyyətlə bağlı danışarkən Qarabağ məsələsini də yada salıb (virtualaz.org). Qeyd edək ki, D.Nekrasov 2009-2010-cu illərdə Arkadi Dvorkoviçin komandasının tərkibində Putin administrasiyasında işləyib, vergi və pensiya islahatları ilə məşğul olub.


Siyasətçi deyib: “Donetsk və Luqanskda iqtisadi struktur dağılır. Hər şey dağılacaq, insanlar çıxıb gedəcəklər. Mən Dağlıq Qarabağda və Abxaziyanın rayonlarında olmuşam, təsərrüfat əlaqələrinin kəsilməsi nəticəsində bu ərazilərin necə boş qaldığını görmüşəm. ”Donetsk və Luqansk xalq respublikaları"nın nəzarətində olan ərazilərdə iqtisadi çöküş 2014-cü ildən başlayıb, blokadanın tətbiqi ilə bu, daha da güclənəcək. Bu ərazilər boş qalacaq. Dağlıq Qarabağda mən şəhər görmüşəm ki, indi orada heç kim yoxdur. Bütün bunlar çox kədərlidir. Donbas rayonlarına gəldikdə mən Kreml üçün yaxşı heç bir gediş görmürəm. Hesab edirəm ki, Kremln Donbasla bağlı dəqiq planı yoxdur. Lakin həmin ərazilərdə qalan insanları da yaxşı heç nə gözləmir".


Beləcə, Rusiya postsovet məkanındakı münaqişələrin girovuna çevrilməkdədir. Onlardan qurtulmağın yolu isə ilk növbədə Dağlıq Qarabağ ixtilafını nizamlamaqdan keçir.

Siyasət şöbəsi
Tarix: 20-07-2017, 09:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}