Putin taxtdan salınır: Seçkilərə hesablanmış sanksiya

Putin taxtdan salınır: Seçkilərə hesablanmış sanksiya Prezident Donald Tramp Rusiya, İran və KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanun layihəsini imzalamaq niyyətindədir.

Cebhe.info-nun məlumatına görə, Ağ Evin yaydığı bəyanatda belə deyilir.

“Prezident Donald Tramp qanun layihəsinin əsas müddəalarını müzakirə edib. Yekun versiyası ilə tanış olub bəyəndikdən sonra o, qanun layihəsini imzalamaq niyyətindədir”-bəyanatda qeyd edilir.


Xatırladaq ki, iyulun 28-də ABŞ Senatı Rusiyaya, İrana və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edərək ratifikasiya etmək üçün prezidentə göndərib.

Siyasi ekspertlərin fikrincə, Donald Tramp istəməsə belə, qanun layihəsini imzalamaq məcburiyyətindədir. Trampın qanun layihəsinə veto qoyub geri qaytarması onun və ailəsinin 2016-cı ildə prezident seçkiləri öncəsi Rusiya ilə gizli əlarələrinin barədə şübhələri artırmış olar. Bu isə prezidentə impiçment elan edilməsini istəyənlərin sayını artıra bilər.

Digər tərəfdən, Rusiyaya qarşı sanksiyaların İrana və Şimali Koreyaya qarşı embarqoları nəzərdə tutan paketə daxil edilməsi D. Trampı seçim imkanından məhrum edib. Sözügedən qanun layihəsi Rusiyaya, İrana və Şimali Koreyaya münasibətdə ABŞ-ın xarici siyasətinin Konqresin qərarı olmadan dəyişilməsini qadağan edir. Sənəd ABŞ prezidentinin administrasiyası Rusiyaya tətbiq olunan sanksiyaları ləğv etməyi məhdudlaşdıran kodifikasiyadan ibarətdir. Yəni, qanunun qüvvəyə minməsindən sonra heç bir ABŞ prezidenti Konqresin qərarı olmadan Rusiyaya tətbiq olunan qadağaları aradan qaldıra bilməz. Üstəlik, Barak Obamanın prezidentliyi dönəmində xüsusi fərmanla Rusiyaya tətbiq edilmiş sanksiyalar yeni qanun layihəsinə daxil edilib. Bununla da Donald Trampın həmin sanksiyaları yumşaltmaq və ya ləğv etmək səlahiyyəti əlindən alınıb.

Sanksiyalar haqqında qanun layihəsinin qəbulundan sonra Rusiya ilə siyasi, iqtisadi və hərbi sahələrdə gərginliyin artacağı gözlənilir. Son vaxtlar Birləşmiş Ştatların xarici siyasətində Rusiyaya münasibətdə sərt xətt tərəfdarlarının prezidenti sıxışdıraraq təşəbbüsü ələ alması müşahidə olunur. ABŞ-ın dövlət katibi, Rusiyaya münasibətdə loyal mövqeyi ilə seçilən Reks Tillersonun istefaya gedəcəyinə dair xəbərlər də görünür buradan qaynaqlanır. Dövlət katibi istefaya hazırlaşması barədə xəbərləri təkzib etsə də artıq Tramp administrasıyasında ciddi proseslərin getdiyi diqqətdən yayınmır. Bu hadisələr isə daha çox Amerikanın xarici siyasəti, xüsusilə də Rusiyaya yanaşma amili ilə bağlıdır. Konqresin Rusiyaya qarşı son bir ayda iki dəfə sanksiyalar paketinin qəbul etməsi, D. Trampın impiçment elan edilməsi məsələsini gündəmə gətirməsi, Amerika prezidentinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişərək prezident Poroşenkonu qəbul etməsi, ABŞ Federal Ehtiyatlar Sisteminin direktoru vəzifəsinə Cannet Yelleinin namizədliyini irəli sürməsi kimi faktlar sərt kurs tərəfdarlarının Ağ Evin rəhbəri üzərində qələbəsi sayıla bilər. Bu baxımdan, yaxın aylarda Tramp administrasiyasına qanunverici orqanın təzyiqlərinin bir qədər də artacağını proqnozlaşdırmaq olar. Hadisələr belə tempdə inkişafı davam edərsə, dövlət katibi Tillersonun istefaya gedəcəyi də istisna olunmur. Çünki yaxın perspektivdə ABŞ-Rusiya münasibətlərinin dialoq yolu ilə tənzimlənəcəyi real görünmür. Hətta “ABŞ-ın Düşmənlərinə Qarşı Sanksiyalarla Mübarizə Haqqında” Qanun layihəsi iki fövqəlgüc arasında hətta diplomatik əlaqələrin kəsilməsi həddinə çata bilər.

Putin taxtdan salınır: Seçkilərə hesablanmış sanksiya

Xəbər verildiyi kimi, Kreml ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşlarının və texniki heyətinin sayının azaldaraq 45 nəfərə endirməsi barədə qərar qəbul edib. Eyni zamanda, Rusiya rəhbərliyi prezident Tramp yeni sanksiyalarla bağlı qanun layihəsini imazlayarsa, 35 ABŞ diplomatını ölkədən çıxaracağını bəyan edib. Artıq Moskvanın Tramp administrasiyası ilə anlaşmaya və ABŞ prezidentinin qanun layihəsini ratifikasiya etməyəcəyinə olan ümidlərinə son qoyulub.

“Reuters”in məlumatına görə, Moskvada 300 Amerika diplomatı çalışır. Birləşmiş Ştatların Moskvadakı səfirliyinin və digər şəhərlərdəki 3 konsulluqda fəaliyyət göstərənlərin sayı ümumilikdə 1100 nəfər təşkil edir. Bu isə Rusiyanın 600 ABŞ diplomatını ölkədən çıxartmaq qərarına gəldiyindən xəbər verir.

Qanun layihəsi Rusiyanın 33 faiz paya mailk neft və qaz layihələrinə sanksiya tətbiq etməklə bu ölkənin iqtisadi cəhətdən çökdürülməsinə hesablanıb. Söhbət Rusiyadan Avropaya təbii qaz nəqlini nəzərdə tutan “Şimal axını-2” və Türkiyəyə Qara dənizin altından keçməklə mavi yanacaq ixrac edəcək “Türk axını” kəmərlərinin çəkilişinə iqtisadi qadağaların qoyulmasından gedir. Həmin layihələr Qərbdən bütün texniki və digər dəstək dayandırılacaq. Rusiyadan keçən enerji boru layihələrinə də ildə 5 milyon dollar, yaxud bir dəfəsində 1 milyon dollardan çox sərmayə qoyan bütün şəxslər Qərbdə "qara siyahı"ya salınacaq.

"Rusenerji"nin təmsilçilərindən olan Mixail Krutin artıq layihələr üçün həyəcan siqnalı verib. "Vedimosti"yə açıqlamasında "Rusiyadan Türkiyəyə təbii qaz xəttinin çəkilişi bu işi görə biləcək firma tərəfindın həyata keçirilir. Boru xəttini çəkən “Allseas” şirkəti sanskiayalara məruz qalmamaq üçün işləri dayandıra bilər. Bu, artıq müzakirə mövzusudur. Hətta “Qazprom” da belə bir təhlükənin olduğunu bildirir”,-deyib. “Türk Axını” layihəsinə qarşı sanksiyaların tətbiq ki, çox güman ki, ABŞ-la Türkiyə arasındakı gərginliyi bir qədər də artıracaq.

Rusya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov ABŞ-ın bu addımının cavabsız qalmayacağını bildirib. Lakin ekspertlər hesab edir ki, Rusiyanın ABŞ-a qarşı iqtisadi sanksiyalar tətbiq etmək imkanları yox dərəcəsindədir. Ona görə də Kreml Ukraynada, Yaxın Şərqdə, Cənubi Qafqazda və digər regionlarda hərbi təxribatlar törətməklə Qərbə müqavimət göstərə bilər. Putin isə ABŞ-ın sanksiyaları qarşısında geri çəkilmək niyyətində deyil. Yəni, Vaşinqton yaxın perspektivdə Rusiyanın Krımdan və Ukraynadan geri çəkiləcəyini, yaxud bir daha Amerikadakı seçkilərə müdaxilə etməmək barədə açıq söz verəcəyini gözləmir. Eyni zamanda, Birləşmiş Ştatlar Rusiyanın bir dövlət kimi dağılmasında maraqlı olmadığını da nümayiş etdirir. Ancaq kompromiss variant tapılmadığından bu prosesdə əsas oyunçulardan biri təzyiq qarşısında öz mövqeyindən geri çəkilməlidir.

ABŞ-ın bugünkü addımları V.Putinin siyasi və iqtisadi resurslarının tükənməsinə hesablanıb. Rusiyada qarşıdan prezident seçkilərinin gəldiyini nəzərə alsaq, son sanksiyaların da birbaşa Putinin seçkilərdə iştirakının qarşısını almağa yönəldiyini görmək olar. Doğrudur, Rusiya Federasiyasının Konstitusiyasına görə, V.Putinin iki dəfəlik səlahiyyət müddəti başa çatdığından o, 2018-ci ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürə bilməz. Lakin Rusiya mediasında artıq Putinin referendum yolu ilə konstitusiyanı dəyişmək və 2024-cü ilə qədər hakimiyyətdə qalmaq istəyi barədə məlumatlar dolaşır.

Putinin siyasi varisi kimi adı çəkilən Dövlət Dumasının spikeri Vladimir Valodinin bu yaxınlarda Rusiyanı Putindən başqa idarə edə biləcək liderin olmadığına dair açıqlaması hazırki dövlət başçısının öz postunu tezliklə tərk etmək istəyində olmadığını deməyə əsas verir. Təbii ki, Putinin hakimiyyətdə qalması Qərbin qlobal strateji maraqlarına ziddir. Putinin prezidentliyi dövründə Şərqi Avropada, post-Sovet məkanında, Yaxın Şərqdəki yaratdığı münaqişə ocaqları ABŞ-ın, Avropa Birliyinin və NATO-nun geostrateji təhlükə altına salıb. Bu baxımdan, Qərb Dövlət Təhlükəsizlik Komitəsi sistemindən gəlmiş Putindən fərqli olaraq, yeni liderlə anlaşma əldə edəcəyinə ümid bəsləyə bilər. Rusiyada seçkilər yaxınlaşdıqca, bu ölkəyə, xüsusilə də V.Putinə siyasi və iqtisadi təzyiqlərin artması ehtimalı daha yüksəkdir. Əgər V.Putin növbəti prezident seçkilərində iştirak etməyəcəyini bəyan edərsə, o zaman ikitərəfli münasibətlərdə qismən yumşalma müşahidə oluna bilər.

Müşfiq Abdulla
Tarix: 30-07-2017, 00:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}