Kreml Nikol Paşinyana güvənmir: Onu Saakaşvilinin taleyi gözləyə bilər


Rusiya mediası Ermənistan baş nazirinin dildə bir söz deyib, əməldə isə başqa cür hərəkət etdiyindən şübhələnir

Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinlə növbəti görüşünü Moskvada gerçəkləşdirib. Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı oyundan öncə keçirilən görüşdə N.Paşinyan Moskva ilə münasibətləri daha da dərinləşdirməkdən danışıb.

N.Paşinyan Ermənistanın Rusiya ilə xüsusi münasibətlərə malik olduğunu, iki ölkə arasında qarşılıqlı əlaqələrin bundan sonra daha müstəsna xarakter alacağını təkrarlayıb.

Lakin Paşinyanın görüş zamanı Rusiya ilə münasibətləri səciyyələndirərkən qurduğu cümlələr diqqəti cəlb edir: “Ümid edirik ki, bu münasibətlər iki dövlət və xalqın bir-birinə qarşı qarşılıqlı hörməti, habelə ölkələrimizin maraqlarına və suverenliklərinə hörmətlə yanaşılması əsasında inkişaf etdiriləcək”.

Gazeta.ru-nun yazdığına əsasən Paşinyanın çıxışlarını və təyin etdiyi yeni kadrların təhlilini aparan analitiklər baş nazirin səmimiyyətinə ehtiyatla yanaşmağın daha doğru olduğunu bildiriblər.

Rusiyalı icmalçıları narahat edən Paşinyanın ətrafında Kremlə nifrət edən vəzifəli şəxslərin çoxluğudur. Həmin adamlar Rusiyaya olan mənfi mövqelərini heç vaxt gizlətməyiblər.

Bunlardan biri Nikol Paşinyanın yeni Seçki Məcəlləsini hazırlamağı tapşırdığı Daniel İoannisyandır. D.İoannisyan Ermənistanda “Məlumatlı vətəndaşlar birliyi” adlı qeyri-hökumət təşkilatının rəhbəridir. Bu QHT-nin ən yaxın tərəfdaşları isə Soros fondu, Demokratiyaya dəstək fondu (NED), Demokratiyaya dəstək üzrə Avropa fondu (EED) hesab olunur. Adları çəkilən təşkilatların Putinə olan münasibəti isə heç kimə gizli deyil.

Paşinyanın Ərazi idarəsi və inkişafı naziri olaraq təyin etdiyi Suren Papikyan bir erməni orta məktəbində Rusiya bayrağını gördüyü zaman sosial şəbəkələrə verdiyi qəzəbli və təhqir dolu  reaksiyası və təpkisi ilə tanınıb.

Əmək və sosial işlər üzrə nazir Mane Tandilyan hər yerdə Emrənistanın Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqından çıxmasının vacibliyindən danışır.  

Mədəniyyət naziri Lilit Makunts artıq 3 idən çoxdur ki, ABŞ-ın Sülh korpusunda müqavilə əsasında çalışırmış.

Təhsil naziri Araik Arutunyan sosial şəbəkələrdə rus əlifbasının qadağan olunmasının vacibliyini vurğulayır.

Diaspora üzrə nazirin müavini, Soros fondunda çalışmış, Baken Ter-Qriqoryan isə son aksiyalar zamanı əlində Vladimir Putini təhqir edən sözlərlə dolu plakat tutan zaman görüntülənib.

Rusiya mediası indi Ermənistanda Mixail Saakaşvili vaqiəsinin təkrarlanacağından şübhələnir. Vaxtilə Saakaşvili də Vladimir Putinlə görüşlərdə təxminən eyni cümlələrdən istifadə edirdi...

Rusları erməni politoloq Aleksandr İsgəndəryan sakitləşdirir: “Hər bir ölkənin özünü səciyyələndirən xüsusiyyəti var. Şəxsən mən Moskva və İrəvan arasında Gürcüstan ssenarisinin yaşanacağını gözləmirəm”.

Erməni ekspert gürcülərin Rusiya ilə münasibətlərinin Saakaşvili zamanında deyil, daha əvvəl, Eduard Şevarnazenin vaxtında korlandığını, Gürcüstanın həmişə NATO üzvlüyünə can atdığını vurğulayıb.

“Saakaşvilinin kursu zatən Gürcüstanda həyata keçirilən siyasətin davamı və onun daha da dərinləşdirilməsindən ibarət olub”, - İsgəndəryan bildirir.

Erməni politoloqun fikrincə, Rusiyanın Ermənistanla münasibətlərində eyni faktorlar mövcud olmayıb. İsgəndəryana görə, Paşinyan adıçəkilən şəxslərə vaxtilə ona yardım etdiklərindən və inqilabda eyni tərəfdə savaşdıqlarından ötrü dözür.

A.İsgəndəryan Paşinyanın bütün bunlara rəğmən anti-Rusiya xəttini götürməsi halında yaxın perspektivdə böyük bir siyasi burulğanın içinə girə biləcəyini söyləyib.

Musavat.com

Tarix: 15-06-2018, 15:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}