ABŞ-Kanada (Tramp-Trüdo) gömrük savaşı - Qardaş dövlətlərin rəqabəti düşmənçiliyə çevrilir


Donald Tramp hakimiyyətə gəldikdən bu yana qəribə siyasət sərgiləyir. Bir yandan o, ABŞ-la qanlı düşmən olan Rusiya və Şimali Koreya kimi dövlətlərlə anlaşmağa, onlarla siyasi münasibətləri bərpa etməyə çalışır, digər yandan isə ABŞ-la əzəldən müttəfiq sayılan ölkələrlə bütün münasibətləri korlayır, onlara qarşı iqtisadi müharibə aparır, açıq şəkildə həmin ölkələrin liderlərini təhqir etməkdən çəkinmir.

Xəbər verildiyi kimi, Trampın tənqid hədəfinə tuş gələn sonuncu lider Kanadanın baş naziri Castin Trüdo olub.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, kanadalılar Donald Trampın baş nazir Castin Trüdonu təhqir etdiyini düşünür və bununla barışmaq istəmirlər. Artıq ölkə əhalisi arasında ABŞ mallarının boykot edilməsi, habelə “Starbucks” və “Walmart” kimi kafe və mağazalar şəbəkəsinə getməmək, həmçinin ABŞ şəhərinə səyahət etməmək kimi çağırışlar səslənir.
Donald Tramp isə özünə və ölkəsinə qarşı kanadalılar arasında nifrət qazandırmaq üçün sanki əlindən gələn hər şeyi edir.

Öncə o, Kanadanın iri təyyarə istehsalı şirkəti “Bombardier”ə 300 faizlik rüsum gətirmək istədi. Daha sonra isə Kanada metal və aliminium məhsullarına qoyulan gömrük vergilərini artırdı. “G7” ölkələrinin keçən həftə keçirilən sammitində isə o, yekun kommünikeni imzalamaqdan imtina etdi.

Trampın qəzəbinə səbəb olan hadisə də burada baş verib. Belə ki, Kanadanın baş naziri Castin Trüdo ABŞ-ın Kanada mallarına rüsum gətirmək istəyini tənqid edib və ölkəsinin cavab tədbirləri hazırlayacağını söyləyib. Trüdo hətta bir qədər irəli gedərək ABŞ prezidentini “boyunlarına oturtmayacaqlarını” bəyan edib.

Əsl mərəkə bundan sonra qopub. Tramp əbədi və dəyişməz silahı sayılan “tvitter”də Kanada baş nazirini “şərəfsiz və zəif” adlandırıb. Trampın ticarət üzrə müşaviri Piter Navarro isə “Trüdo kimiləri üçün cəhənnəmdə xüsusi yer ayrıldığını” bildirib.

Prezident daha sonra kanadalıların öz baş nazirlərinin hərəkətlərinə görə cavab verəcəyini qeyd edib. Hazırda Kanadada sosial şəbəkələr #BoycottUSProducts, #BuyCanadian və #BoycottUSA kim həştaglar liderlik edir.

Image result for trüdo

Tramp özünün tvitterdəki hesabında Castin Trüdonun kanadalıları yalan məlumatlarla yanıltmaqda ittiham edib. ABŞ prezidentinin fikrincə , onun aliminium və metal mamulatlarına olan rüsum tədbiri Kanadanın ABŞ-ın süd məhsullarına tətbiq etdiyi 270%-lik rüsumlarına qarşı cavabdan başqa bir şey deyil.

Lakin bu tariflər artıq 10 illərdir ki, iki ölkə arasında var və qarşılıqlı razılaşma ilə müəyyən olunub. Özü də ABŞ Kanadadan gələn tütün, fındıq və şəkərə də eyni dərəcədə vergi qoyub. Görünür, Tramp bu rəqəmləri heç yadına salmır.

Castin Trüdo isə artıq ABŞ mallarına qarşı gömrük rüsumlarının tətbiqinə başlandığını elan edib. Bununla bağlı ümumi rəqəm 12,8 milyard dollar təşkil edir. Tramp isə Kanadanın avtomobil sənayesini rüsumlarla bombalaycağını vəd edir.


Tarix: 18-06-2018, 21:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}