Seçki: Azərbaycan 44 günlük müharibə ilə Koçaryan və Sarkisyanın elektoratını da məhv edib - TƏHLİL


Ermənistanda parlament seçkiləri Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” siyasi seçki blokunun qələbəsi ilə başa çatdı.

N. Paşinyanın partiyası 53,92 səs yığaraq Konstitusiya çoxluğu əldə etdi və hökuməti təkbaşına qurmaq şansı qazandı. Paşinyanın partiyası parlamentdə yerlərin 2/3-nə sahib ola bildi, bu isə 70-dən artıq deputat mandatı deməkdir. Hökuməti formalaşdırmaq üçün lazım olan 50 faizdən çox səsi qazanan Paşinyana 0,08 faiz seçici səsini qazanmaması da mane olmayacaq. Artıq Paşinyan bəyan edib ki, o, kart-blanşı qazanıb və yeni hökuməti özü formalaşdıracaq.

Seçkinin əsas mənzərəsi odur ki, Ermənistandakı ağır sosial-iqtisadi problemlər fonunda seçici bu vəziyyətin əsl günahkarı olan, ölkənin sabiq rəhbərləri Robert Koçaryan və Serj Sarkisyan siyasətinə “yox” dedi. On illər boyunca xalqı qarət edən sistem tarixin arxivinə gömüldü. Paşinyan Xocalı qatili Koçaryan və Sarkisyana qarşı savaşmırdı, eyni zamanda Ermənistanın siyasi, hərbi, kəşfiyyat və iqtisadiyyatına nəzarət edən, xarici qüvvələrdən asılı olan keçmiş klan hakimiyyətinə qarşı mübarizə aparırdı, nəticədə erməni xalqı korrupsioner “Qarabağ klanı”ndan üz çevirdi.

Koçaryan və Sarkisyanın növbəti dəfə Qarabağ məsələsi üzərindən hakimiyyətə yiyələnmək niyyəti iflasa uğradı. Seçki göstərdi ki, uzun illər Ermənistanı şəxsi məqsədlərinin girovuna çevirmiş “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. Azərbaycan 44 günlük savaşda Xocalı qatilləri olan Koçaryan-Sarkisyan komandasını məğlub etməklə, əslində, sadə erməniləri də bölgəni barıt çəlləyinə çevirən bu klanın girovluğundan xilas etmiş oldu.

Prezident İlham Əliyev R.Koçaryan və S.Sarkisyanı təkcə hərb meydanında deyil, həm də siyasi meydanda darmadağın etdi. Prezident Əliyevin “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” mesajı bir daha təsdiqlənmiş oldu. Son seçki göstərdi ki, məhv edilən yalnız bu cəlladların orduları deyil, eyni zamanda elektoratı idi.

Bu baxımdan, Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrini Prezident İlham Əliyevin bölgədə həyata keçirdiyi siyasətin növbəti qələbəsi hesab etmək olar. 44 günlük savaş nəticəsində Ermənistan cəmiyyətini reallıqla barışmağa vadar edən Bakı revanşist qüvvələrin, “müharibə partiyası”nın istəklərini də məhv etmiş oldu. Artıq ermənilər anlayırlar ki, növbəti savaş bir dövlət kimi Ermənistanın sonunu gətirə bilər. Prezident İlham Əliyev də müharibədən sonra dəfələrlə vurğulayıb ki, Ermənistan revanş fikrinə düşsə, bu, onun dövlət kimi sonu ilə nəticələnəcək. Məhz bu amil seçicini “müharibə partiyası”nın əleyhinə səs verməyə vadar etdi, başqa sözlə, Paşinyan bunun sayəsində qalib gəldi. Müharibənin yaratdığı reallığı anlayan erməni xalqı müharibə tərəfdarlarına, Koçaryan və Sarkisyanla birlikdə revanşizm hissi ilə alışanlara yerini göstərdi. Erməni seçicisi artıq anlayır ki, Azərbaycan Prezidenti elə-belə söz demir, deyir və icra edir. 44 günlük Vətən müharibəsi bunun ən bariz sübutudur. Revanşizmin Ermənistanın birdəfəlik məhvi ilə nəticələnəcəyi qorxusu Paşinyanın qələbəsinin təminatçısı oldu.

Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artıb, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrilib. Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qalıb, ölkənin iqtisadiyyatı çöküb, əhalinin sosial durumu ağırlaşıb, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşüb. Əlbəttə ki, bu problemlərdən qurtulmaq istəyən erməni seçici “müharibə partiyası”na səs verə bilməzdi.

Parlament seçkilərində Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Erməni xalqı yeni müharibədən qorxur və Azərbaycanın bütün şərtlərini qəbul etməyə hazırdır.

Azərbaycanla hesablaşmamaq Ermənistan siyasətçiləri üçün həmişə fəlakətlə başa çatıb. Məsələn, 2016-cı ilin aprelində Azərbaycan ordusuna məğlub olan Sarkisyan rejimi hələ də özünə gələ bilmir, seçki də bunu göstərdi. 44 günlük savaşdakı fiasko isə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi. Revanşistlər bütün qüvvələrini səfərbər etsə də, xaricdən ciddi dəstək alsa da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Artıq onların heç bir siyasi perspektivi yoxdur.

Burada bir məqama da diqqət yetirək. Baxmayaraq ki, N. Paşinyanın Qərblə ciddi bağlantılarının olduğu və “Soros” Fondunun diqtəsi ilə hərəkət etdiyi bildirilirdi, son nəticədə bəlli oldu ki, Nikol bu siyasətində də tam səmimi deyil, o, öz maraqları naminə hər kəsə işləməyə hazırdır.

Burada diqqət ediləsi bir məqam da var. Rusiya R. Koçaryana hər cür dəstək göstərsə belə, onu hakimiyyətə qaytara bilmədi. Sirr deyil ki, seçki ərəfəsində Rusiya mediası qapılarını revanşist qüvvələrin üzünə açmışdı, onlara qarşı çox səxavətli davranırdı. Onların seçki təbliğatı Rusiya mediasında daha aktiv aparılırdı. Təbii ki, bunda Rusiya mətbuatındakı erməni jurnalistlər, erməni media rəhbərləri xüsusi rol oynayırdılar. Həmin ərəfədə Rusiya mətbuatında anti-Azərbaycan ritorikası da xeyli güclənmişdi. Lakin bütün cəhdlərə baxmayaraq, bu təbliğat heç nəticə vermədi. Ermənistan, revanşist qüvvələr Azərbaycanın 44 günlük savaşla yaratdığı yeni reallıqla hesablaşmalı oldu.

Koçaryan-Sarkisyan cütlüyünün iflasa uğradığını artıq Rusiyada da anlayırlar. Belə ehtimal etmək olar ki, onları, əslində, heç Rusiya da dəstəklənmir. Bu amil onu da deməyə əsas verir ki, artıq revanşist ideyalar aktual deyil. Rusiya da üçtərəfli sazişdə öz əksini tapan müddəaların həyata keçməsində maraqlıdır. Deməli, Paşinyan öz siyasətini davam etdirəcək.

Bununla belə, Ermənistanda qarşıdurmanın davam edəcəyini də proqnozlaşdırmaq mümkündür. Paşinyanın əsas məqsədi Ermənistanı Qərbə bağlamaqdır. Onun bu siyasətinə qarşı çıxanlar isə az deyil. Bu baxımdan, Ermənistanda vətəndaş qarşıdurmasının hələ uzun müddət davam edəcəyini ehtimal edə bilərik.

Son olaraq. Paşinyan, eləcə də erməni cəmiyyəti 30 il ərzində intima etdiyi bir gerçəyi nəhayət ki, qəbul etməlidir. Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan başqa yolu yoxdur. Paşinyan ölkəsini təcriddən xilas etmək istəyirsə, Azərbaycan və Türkiyə ilə anlaşmaq zorundadır. Buna nail olmaq üçün isə konkret addımlar atmalıdır. Məsələn, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış minaların xəritələri Azərbaycana verilməsə, heç bir anlaşmadan söhbət gedə bilməz. Digər tərəfdən, Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delmitasiya və demarkasiyası aparılmalıdır. Ermənistan Azərbaycan və Türkiyə ilə razılığa gəlmək istəyirsə, Türkiyəyə qarşı ərazi iddialarından və qondarma “soyqırım” ittihamlarından əl çəkməlidir. Ermənistan iqtisadi təcriddən xilas olmaq üçün Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır. Zəngəzur dəhlizi açılacağı təqdirdə Ermənistan iqtisadiyyatı dirçələ bilər. Əks təqdirdə, Paşinyanın qələbəsi erməni cəmiyyətinə müsbət heç nə vəd etməyəcək.

APA Analytics
Tarix: 21-06-2021, 16:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}