COVID-19-un Hindistan ştammı Azərbaycan üçün nə qədər təhlükəlidir?

Dünya Səhiyyə Təşkilatı COVID-19 virusunun Hindistanda aşkarlanan variantının (B.1.617) dünyada sürətlə yayıldığını və 20-dək ölkədə bu ştammın aşkarlandığını açıqlayıb. COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq qabiliyyəti daha yüksəkdir və daha ölümcüldür.

Mutasiyaya uğramış bu ştammın Çin, Gürcüstan, Rusiya  kimi ölkələrdə yayılması Azərbaycanda da narahatlığa səbəb olub.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Modern.az-a Delta ştammının pandemiya yaratmayacağını bildirib:

"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tətbiq olunan peyvəndlər mütləq şəkildə əksər mutasiyalar üçün effektli olacaq. Əhalisinin müəyyən hissəsi peyvəndlənmiş ölkələrdə Delta və Lambrya ştammı aşkar edilib. Onların pandemiya şəraiti yaratmayacağına əminəm. Onlar mövsümi qriplər kimi yüngül formada əlamətlər yarada bilər. Lakin ciddi problem yaratmıyacaq.
Ona görə də panikaya düşməyə ehtiyac yoxdur".


A.Əliyev virusun ölkəmiz üçün tibbi təhlükə yaratmadığını deyib:


"Düşünürəm bizim ölkəmiz üçün qorxusu olmayacaq. Çünki bizdə artıq aktiv əhalinin 50 faizdən çoxu peyvəndlənib. Onu unutmayaq ki, bütün peyvəndlər müxtəlif mərhələlərdən keçərək effektivliyi yoxlanılır. Bizim COVID-19 xəstəliyinə qarşı əlimizdə olan peyvəndlər içərisində effektivlik dərəcəsinə görə üstün olanı Pfizer peyvəndidir. Lakin o birilərinin də yetəri qədər təsiri var. Sadəcə, müəyyən bir faiz dərəcəsi ilə fərqlənir".

Tibbb elmləri doktoru, professor Adil Qeybulla Delta ştammının ikiqat mutasiyaya uğradığını bildirib:

“Delta ştammı ikiqat mutasiyaya uğrayıb və xassəsini xeyli dəyişib. Hazırda Delta + şəklində yeni bir mutasiya növü var. Bu virus əvvəlkilərdən fərqli olaraq daha yoluxucudur. Uşaqlar arasında təhlükəli bir xəstəlik törətdiyinə və kliniki əlamətlərinin daha qabarıq olmasına görə fərqlənir. Çünki COVID-19-un əvvəlki ştammları uşaqlar arasında çox da təhlükəli hal almamışdı. İndi isə uşaqlar arasında mədə-bağırsaq pozuntuları, yüksək hərarət, baş ağrıları olur. Bu baxımdan Dünya Səhiyyə Təşkilatı uşaqların da vaksinasiya olunmasını tövsiyyə edir. Epidemoloji vəziyyətin pisləşdiyi Hindistanda milyonlarla insan bu ştamma yoluxdu və təxminən 400 min nəfər insan tələfatı oldu. Bütün bunlar dünyanı narahat edir. Əgər bu virus dünyaya yayılarsa, daha ağır nəticələrə səbəb ola bilər".

A.Qeybulla Rusiyada, Türkiyədə, Gürcüstanda yeni ştammın yaranma ehtimalının insanları narahat etdiyini qeyd edib:

"Biz də ehtiyatlı olmalıyıq. Və uşaqların vaksinasiyası bizdə də gündəmə gələ bilər. İnsanlar vaksinasiyaya ciddi yanaşmalı, onun əleyhinə təbliğat aparmamalı, karantin qaydalarına əməl etməlidir.
Situasiyanın ciddiliyini nəzərə almaq lazımdır. Çünki karantin hələ bitməyib. Bizi qarşıda hər cür sürpriz gözləyə bilər. Mən hesab edirəm ki, insanların davranışlarından da çox şey asılıdır".
Tarix: 29-06-2021, 17:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}