İcra başçılarının milyardlıq tender oyunları pozulur: “Qadağa qoyulmalıdır”


İcra başçılarının milyardlıq tender oyunları pozulur: “Qadağa qoyulmalıdır”

Ölkədə tenderlərin keçirilməsində problemlər uzun müddətdir var.
Belə ki, müxtəlif layihələr üzrə tenderlərin “ünvanlı qalibləri” seçilir. Bunu xüsusilə də bölgələrdə həyata keçirilən infrastruktur layihələrində müşahidə etmək mümkündür. Tenderlərdə “qalib seçimi” isə əsasən həmin rayonu idarə edən rəhbərlik tərəfindən reallaşdırılır.
Bu günlərdə Prezident İlham Əliyev çıxışında mövcud problemə toxunub:
“Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları, - təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, - digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır".
Tenderlərlə bağlı mövcud problemin həlli istiqamətində hansı addımlar atmaq olar?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, Prezidentin çıxışında tenderlə bağlı problemin ən yüksək səviyyədə səsləndirilməsinin şahidi olduq:

“Bu, bir ehtimal yaradır ki, ən azından bundan sonra həmin sahədə olan, uzun illər davam edən qanunsuzluğa, tenderlərin qeyri-qanuni keçirilməsinə son qoyulacaq. Biz dəfələrlə demişik ki, həmin proses elektron formaya keçirilməlidir. İnsan faktorundan ayrılmış, elektronlaşdırılmış şəkildə tenderlərin keçirilməsi təşkil edilməlidir. Kompüterə yüklənməli, proqramlaşdırılmış qaydada ən yaxşı təklifi seçib elan etməlidirlər. Bu, çox çətin deyil, dünyanın bir çox ölkələrində də tətbiq edilir. Digər bir məsələ ondan ibarətdir ki, tam şəffaflığın təmin edilməsi üçün dövlət satınalmaları ilə bağlı jurnalistlərin iştirakı ilə tenderlər keçirilməli və televiziyalarda göstərilməlidir. Əgər təkliflər açılandan sonra eyni təkliflər, bənzər rəqəmlər səsləndirilirsə, canlı yayımda həmin təkliflərin yenilənməsinin şahidi ola bilərik. Belə bir praktika yaradıla bilər. İstənilən halda əsas problem qeyri-şəffaf tenderlərin və dövlət satınalmalarının keçirilməsidir ki, bu da indiyədək dövlət büdcəsinə milyardlarla manat ziyan vurub”.
Ekspertin fikrincə, məsələyə daha köklü yanaşmaya ehtiyac var:
“Hesab edirəm ki, icra hakimiyyəti institutu öz fəaliyyətini bitirib. Həmin institutun qalması artıq mənasızdır. Nə etibar, nə hörmət, nə də insanların həmin institutdan bir gözləntisi qalıb. İcra başçısı institutu tamamilə ləğv edilməlidir. Yerli özünüidarəetmənin gücləndirilməsi yolu ilə bələdiyyələrin səlahiyyətlərinin artırılması, seçilmişlərin idarəetmədə daha çox təmsil olunmasına keçid edilməlidir. Bu zaman seçilmişlərin daha çox məsuliyyəti yaranacaq. Məsuliyyətli olduğuna görə də tenderlərin və dövlət satınalmalarının daha şəffaf keçirilməsinə maraq olacaq. Çünki belə olmasa, yaxşı fəaliyyət göstərməsə, 4-5 ildən sonra bir də seçilməyəcək. Dünyanın keçdiyi belə bir yol var, özümüzdən velosiped icad etməyin yeri deyil.
Prezidentin son zamanlar elan etdiyi və qərar verdiyi 14 iqtisadi rayon var. Həmin iqtisadi rayonların əsasında inzibati ərazi bölgüsü də aparılmalıdır. Mərkəzləşdirilmiş idarəetmə məhz bu 14 inzibati ərazi vahidində birləşdirilməlidir. Prezident 14 səlahiyyətli nümayəndəsini təyin edə bilər və onlar qanunların, Konstitusiyanın yerinə yetirilməsinə nəzarət etməlidirlər. Digər işlər isə yerli özünüidarəetmə institutlarına tədricən verilməli, insanlar idarəetmədə öz iştirakını təmin etməlidir. Onlar hiss etməlidirlər ki, hər gün qarşılaşdığı bələdiyyə sədri, üzvü onun maraqlarını təmin edir. Belə bir sistem qurulmasa, fikrimcə, bu, icra başçılarının dəyişdirilməsi, həbsi məsələni kökündən həll edə bilməz”.
Ekspertin sözlərinə görə, dövlət başçısı səviyyəsində bu məsələlərə münasibət onu deməyə əsas verir ki, bundan sonra müəyyən dəyişikliklərin şahidi olmalıyıq:
“Əslində, bir çox ölkələrdə tenderlər kiçik və orta sahibkarlığa dəstək üçün keçirilir. Onlara yönəldilir, böyük iş yerləri, iqtisadi aktivliyi yaratmaq potensialına malikdir. Ancaq çox təəssüf ki, bizdə bu praktikadan istifadə edilmir. Bəlli şirkətlər var ki, müxtəlif tenderlərin qalibi olur. Sonradan məlum olur ki, həmin şirkətlərin böyük əksəriyyəti məmurlara bağlıdır. Bu sistem aradan qalxmalıdır. Bu ya elektronlaşmalı, ya mərkəzləşməli, ya da icra başçılarının ümumiyyətlə, tender keçirməsinə qadağa qoyulmalıdır. Əgər hökumət sistem dəyişikliyinə getməyə çəkinirsə, heç olmasa, icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması yolu ilə bu addımı atmaq olar. Ümumiyyətlə, onları tender və dövlət satınalmalarından kənar saxlamaq lazımdır. Mərkəzləşdirilmiş və elektronlaşdırılmış sistem yaradıla bilər”.
Tarix: 15-09-2021, 16:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}