RUSİYA ÜÇÜN ƏN PİS SSENARİ... - NATO-Rusiya münasibətlərindəki gərginlik Ukraynaya nə vəd edir?



RUSİYA ÜÇÜN ƏN PİS SSENARİ... -
Bu yaxınlarda Rusiya bəyan edib ki, özünün NATO-dakı missiyasını dayandırır və bundan sonra alyansla əlaqə Belçikadakı səfir Aleksandr Tokovinin vasitəsi ilə qurulacaq. İkinci məqam ondan ibarətdir ki, 1 noyabr tarixindən alyansın Moskvadakı analoji akreditasiyası da ləğv ediləcək. Bunlarla yanaşı, NATO-nun Moskvadakı Belçika səfirliyi nəzdində fəaliyyət göstərən informasiya bürosu da işini dayandırmalıdır.

NATO-nun Rusiya hökuməti ilə yarada biləcəyi yeganə əlaqə kanalı alyans ölkələrinin Moskvadakı səfirlikləri olacaq. Yəni münasibətlərdəki status açıq şəkildə aşağı endirilir.

Rusiyanın bu qərarı NATO-ya cavabdır. Belə ki, 6 oktyabrda alyans Rusiyanın Brüsseldəki missiyasının səkkiz nəfərədək (yarıyadək) azaldılması barədə qərar vermişdi. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, bu qərar hər hansı konkret hadisə ilə bağlı olmayıb: “Bu, sadəcə Rusiyanın aqressiv fəaliyətlərinə cavabdır”.

Qərb xəbər agentlikləri NATO-ya “bu, hansı fəaliyyətlərdir” sualını ünvanlayır.

“Associated Press” agentliyinin məlumatına görə, missiyadakı səkkiz rusiyalının casusluq fəaliyyətindən şübhələnirlər. Aydındır ki, belə missiyanın əməkşdaşları bu və ya digər şəkildə kəşfiyyatla bağlı olurlar.

Maraqlıdır ki, rusiyalıları “persona non qrata”(arzuolunmaz şəxs) elan etməmişdən bir gün öncə alyansın rəhbəri Ukrayna və Rusiya barəsində bəyanatla çıxış etmişdi. O, iki şey söyləmmişdi:

1. Ukrayna və Gürcüstanın NATO-ya qəbul edilməsi heç də sabahkı günün məsələsi deyil.

2. Onlar gec və ya tez, NATO-ya birləşəcəklər.

Elə ABŞ müdafiə naziri Lloyd Ostin Kyevə səfəri ərəfəsində də təxminən həmin ruhda çıxış etmişdi. O, deyib ki, NATO qapıları Ukrayna üçün qapalı deyil, lakin alyansa daxil olmaq üçün lazımi islahatlar aparılmalıdır. Bu hadisələrin fonunda NATO Brüsseldəki rusiyalı nümayəndələri ölkədən çıxarmaqla anlatmaq istəyir ki, Ukrayna və Gürcüstan məsələsindən asılı olmayaraq, Moskva onun bir nömrəli potensial rəqibidir. Ona görə də Rusiya ilə alyans arasındakı diplomatik münasibətlərin qırılması heç də təəccüblü sayılmamalıdır.

Moskva tərəfindən Ukraynaya qarşı kifayət dərəcədə sərt ittihamlar səsləndirilib. Hətta bildirilib ki, Ukraynanın NATO-ya daxil olması ən pis ssenari olar. Belə bir vəziyyət Rusiyanı öz təhlükəsizliyini təmin etmək üçün “fəal tədbirlər görməyə” məcbur edə bilər.

Bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın “France 5” televiziya kanalına verdiyi müsahibəsində söyləyib. Peskov deyib: ”Ukraynanın NATO-ya daxil olması ən pis ssenari olardı. Bu ssenari Rusiyanın milli maraqlarının “qırmızı xəttini” aşır. Bu ssenari Rusiyanı öz təhlükəsizliyini təmin etmək üçün aktiv tədbirlər görməyə məcbur edə bilər”.

“France 5”-in jurnalisti Peskova deyib ki, Avropa Rusiyadan gələ biləcək təhlükələri tez-tez hiss edir, məsələn, bu yaz Rusiya Ukrayna sərhədinə xeyli ordu yığmışdı.

Peskov isə cavabında bildirib: ”Sözsüz ki, biz sizin hisslərinizi anlaya bilirik. Lakin biz düşünürük ki, siz avropalılar daha yaxşı məlumatlandırılmısınız. Ona görə ki, hələ Rusiya ordusunun yerdəyişmələrinə qədər bu regionda, Rusiya sərhədləri yaxınlığında NATO-nun geniş miqyaslı hərbi təlimləri keçirilib. Daim Rusiya ordusunun cəmləşməsindən danışırlar, ancaq NATO qoşunlarının cəmləşməsindən heç kim danışmır”.

Bu bəyanat bizə iki şey deyir.

Birincisi, eyham vurulur ki, alyansa daxil olmaq perspektivi yaxınlaşdıqca, Ukrayna ilə müharibə qaçılmaz olacaq (Peskovun bəyanatını başqa cür yozmaq çətindir).

İkincisi, Qərbin Ukraynadakı istənilən hərbi iştirakının genişlənməsinə qarşı Rusiya analoji addımlar atacaq, yəni qoşunlarını iki ölkə sərhədləri boyunca yerləşdirəcək. Rusiya ordu birləşmələrinin toplanması təkcə şimaldakı və şərqdəki quru sərhəd əraziləri boyunca getməyəcək, həmçinin də cənub istiqamətində - Krımda da güclü hərbi qruplaşmalar yerləşdiriləcək.

Əgər Belarus ərazisini də hesaba alsaq, onda sərhəd ərazilər daha da uzanır. Yəni, Qərbin hərbi gücü artarsa, Ukrayna Rusiya ilə Avropa arasında gedəcək potensial müharibə meydançasına çevrilər.

Pentaqon rəhbəri Lloyd Ostinin Kiyevdəki bəyanatı sanki Peskovun sözlərinə cavab idi. L.Ostin bildirib: “Heç bir üçüncü ölkənin NATO-ya qəbula veto qoymaq hüququ yoxdur. Mənim dediyim kimi, Ukrayna öz gələcək xarici siyasətini heç bir xarici müdaxilə olmadan özü həll etməlidir. Bizim Ukraynanın suverenliyinə göstərdiyimiz dəstək dönməzdir, biz birlikdə işləməyə davam edəcəyik. Əmin olun ki, biz düz yerdəyik və Ukrayna özünü müdafiə etməlidir”.

Ukraynanın NATO-ya qəbul olunması perspektivləri barədə gedən söhbətlərin məğzi Qərb üçün bir formula üzərində dayanır: ”Bəli, biz sizi nə vaxtsa götürəcəyik, amma indi yox”.

Məsələ ondadır ki, bu cür bəyanatlar Ukraynadan daha çox Rusiya üçün edilir. sanki onun “əsəblərilə oynamaqla” hansısa digər məsələlər üzrə danışıqlar mövqeyini gücləndirməyə çalışırlar.

Əgər Ukraynanın alyansa daxil olmasının real perspektivlərindən danışsaq, onda bu, Donbasdakı müharibənin bitməsindən sonra real ola bilər. Ona görə də Minsk müqaviləsinin siyasi hissəsinin necə izah edilməsi ətrafında baş sındırılır. Əgər münaqişə Ukrayna və ABŞ-ın baxışları əsasında bitərsə, onda Ukraynanın NATO-ya yolu açılacaq.
Tarix: 24-10-2021, 09:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}