Nə müharibə mümkündür, nə də sülh – NATO vs Rusiya



Şimali Atlantika Alyansı Moskvanın imperiya ambisiyalarının qarşısını ala biləcəkmi?
Xəbər verdiyimiz kimi, Brüsseldə NATO-Rusiya Şurasının iclası keçirilib. Qeyd edək ki, Şura 2002-ci ilin mayında yaradılsa da, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında hərbi münaqişə səbəbindən Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində fəaliyyəti dayandırılmışdı. 2017-ci ildə Suriya və İraqdakı hadisələr fonunda tərəflər arasında təmaslar bərpa olunub.
Rəsmi Moskva təhlükəsizliyinə təminatla bağlı ABŞ və NATO-ya təkliflərini təqdim edib. Görüş çərçivəsində əsas müzakirələr də məhz bununla bağlı olub. NATO-nun Baş katibi Yens Stoltenberq rəhbərlik etdiyi qurumun Rusiya və onun ətrafında baş verənləri diqqətlə izlədiyini bildirib. Öz növbəsində Rusiya tərəfi təhlükəsizliyinə təminat məsələsində israrlı olduğunu diqqətə çatdırıb.
Gözlənildiyi kimi, NATO-Rusiya Şurasının iclası qeyri-formal xarakter daşıyıb və tərəflər razılığa gələ bilməyib. NATO Moskvaya təhlükəsizlik təminatı verməkdən imtina edərək, bununla razılaşmağın mümkün olmadığını bəyan edib.
Bundan bir neçə gün öncə isə ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında Cenevrə danışıqları baş tutub. Birləşmiş Millətlər Təşkilatının (BMT) yerli ofisində baş tutan görüş 7 saatdan çox çəkib və tərəflər kompromis əldə etməyib. Rəsmi Vaşinqton NATO-nun öz qapılarını heç kimin üzünə bağlamayacağını bəyan edərək, Kremlin təkliflərini rədd edib.
Bu isə Rusiya-Ukrayna böhranı, Qazaxıstanda baş verən hadisələr, postsovet məkanını nəzarətə almaq niyyəti fonunda, Moskvanın ittifaq dövlətləri formasında keçmiş SSRİ-ni yenidən bərpa etmək cəhdlərini davam etdirəcəyinə, bu istiqamətdə səylərini gücləndirəcəyinə dair ehtimalları artırıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, 2014-cü ildən bəri ABŞ-Rusiya münasibətləri ciddi qarşıdurma səviyyəsinə çatıb: “Tərəflər arasında ballistik raketlərlə bağlı razılaşmaların pozulmasını müşahidə edirik. Bir neçə il öncə Rusiya ilə NATO arasında da əməkdaşlığa son qoyuldu. Həm Rusiyanın NATO, həm də NATO-nun Rusiya nümayəndəlikləri bağlandı. Hazırda iki beynəlxalq güc arasında arasında regiona nəzarət uğrunda çox ciddi mübarizə gedir. Aydın məsələdir ki, geosiyasi maraqlar üzərində bu iki böyük dövlətin maraqları toqquşur. Həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan bunun təzahürləri tam çılpaqlığı ilə ortadadır. “Soyuq müharibə”nin yeni bir fazasına qədəm qoymuşuq. Hər iki tərəfdə ciddi silahlanma siyasəti aparılır və Rusiya NATO-nun genişlənməsinə qarşı sərt addımlar atmaqda davam edir”.
Deputatın sözlərinə görə, ABŞ və NATO hər vəchlə keçmiş ittifaq dövlətlərində, Ukrayna, Gürcüstan kimi ölkələrdə təsir dairəsini artırmaq niyyətindədir: “O cümlədən Cənubi Qafqazda təsir dairəsini genişləndirməyə çalışır. Moskvada hesab edirlər ki, NATO-nun bu ərazilərdə genişlənməsi onun təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Hadisələrin hazırkı gedişatı regiona yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, bu qarşıdurma siyasəti aradan qaldırılmasa, bundan kiçik dövlətlər daha çox əziyyət çəkəcək. Necə ki, biz Ukraynanın timsalında bunu müşahidə edirik”.
“Düşünmürəm ki, hadisələr qlobal müharibəyə gətirib çıxaracaq. Çünki hər iki tərəf başa düşür ki, qarşı tərəf çoxsaylı nüvə başlıqları ilə silahlanıb. ABŞ-Rusiya, eləcə də NATO-Rusiya qarşıdurması planetin məhvinə gətirib çıxara bilər. Təbbi ki, hər iki dövlətin rəhbərliyi bunu bilir və öz məsuliyyətlərini dərk edirlər. Lakin reallıq ondan ibarətdir ki, post-pandemiya dövründə dünyanın siyasi nizamı dəyişib. ABŞ ilk növbədə Çini özünə qarşı əsas rəqib olaraq görür. Məhz bu səbəbdən hazırda Rusiyanı öz yanına çəkmək və Çindən uzaqlaşdırmaq siyasətini yürüdür”, - deyə həmsöhbətimiz bildirib.
Məhəməliyev əlavə edib ki, Qazaxıstanda baş verən hadisələr bunun bariz nümunəsidir: “Nazarbayevin rəhbərliyi altında aparılan balanslaşdırılmış xarici siyasət kursu bütün tərəflərlə - ABŞ-la, Avropa İttifaqı ilə, qonşu Rusiya və Çinlə normal münasibətləri özündə ehtiva edirdi. Qazaxıstan bir növ rəqabət meydanına çevrilmişdi. Nazarabayev onları neytrallaşdıra bilirdi, son hadisələrdən sonra isə artıq bu, mümkün deyil. Hesab edirəm ki, regiona kifayət qədər ciddi təsirlər mövcuddur. Düzdür, SSRİ-ni hər hansı formada bərpa etmək mümkün deyil. Bu 30 il ərzində dövlətlər müstəqilliyin dadını çıxara bilib. Lakin arxayınlaşmaq olmaz. Daxildə vahid mövqedən çıxış etməyi, milli dəyərləri korporativ dəyərlərdən üstün tutmağı bacarmaq lazımdır. Bu səbəbdən hər birimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, onun rəhbərliyi altında ciddi təhlükələrin ölkəmizə ayaq açmasına yol verməməliyik. İmkan verməməliyik ki, xarici qüvvələr daxildə parçalanmalara gətirib çıxara biləcək iğtişaşlar törətsinlər”.

Politoloq Rasim Ağayev də AYNA-ya şərhində iki qütb arasında gərgin mübarizə getdiyini söyləyib: “ABŞ ilə Rusiya, eləcədə də NATO ilə Rusiya arasında keçirilən görüşlər bir məqsədə xidmət edir. ABŞ və Avropa dünyaya göstərmək istəyir ki, guya Moskvanı dilə tutmağa çalışır. Əslində isə Rusiya bu gün Qərbə çox lazımdır. Çünki Rusiyanın iştirakı olmadan Qərbin planları yarımçıq qalır və bu səbəbdən təzyiq siyasətini işə salıb. Nəzərə almaq lazımdır ki, Rusiya Avropanın ən zəngin qonşusudur və böyük neft-qaz yataqlarına sahibdir. Avropanı mavi yanacaqla təmin edən əsas dövlətdir. Eyni zamanda Çinin gücləndiyi, ABŞ-ın onu əsas rəqibi elan etdiyi hazırkı şəraitdə əlavə təhlükə mənbəyidir. Rusiya isə ipə-sapa yatmır. Onun da öz mövqeyi və tələbləri var. Konkret şərt qoyur ki, NATO onun sərhədlərinə doğru irəliləməsin. Kreml əldə etdiklərini itirməkdən və ciddi təhlükələrlə üz-üzə qalmaqdan qorxur”.
Analitik sözlərinə görə, Rusiya eyni zamanda Qərbin onu aldatdığını düşünür: “Moskvada hesab edirlər ki, SSRİ dağılan ərəfədə, yenidənqurma dövründə Qərb onları aldadıb və yenidən bu səhvə yol vermək olmaz. Lakin bir məqam da var ki, bu gün Rusiya çox ciddi iqtisadi böhran keçirir. Nüvə başlıqları onu qorusa da, dünyanı onunla hesablaşmağa vadar etsə də, Rusiyanı iqtisadi fəlakətdən xilas etmir”.
“Ancaq vaxt gələcək ki, bu da öz qüvvəsini itirəcək. Ona görə yox ki, daha dünyanın nüvə bombasına ehtiyacı qalmayacaq. Ona görə ki, dünyada siyasi münasibətlər sistemi dəyişəcək və yaranmış iqtisadi vəziyyət konkret əməkdaşlıq tələb edəcək. Rusiya isə buna hazır deyil. Moskva istəyir ki, köhnə və ənənəvi üsullarla siyasətini davam etdirsin. Bu isə öz növbəsində artıq mümkün deyil. Bu səbəbdən Moskvanın öz siyasətində ciddi dəyişikliklər etməsinə ehtiyac var”, - deyə müsahibimiz vurğulayıb.
SSRİ-nin hər hansı formada yenidən bərpasını mümkün saymayan Ağayev yalnız nəzəri baxımdan belə bir qorxunun mövcud olduğunu qeyd edib: “SSRİ məkanında yeni bir SSRİ yaratmaq qeyri-mümkündür. Buna nə müstəqil respublikalar razı olacaq, nə də beynəlxalq birlik. Heç Rusiyanın özünün də belə bir addım atmaq üçün gücü və resursları yoxdur. Buna yalnız Ermənistan razı ola bilər. İrəvan Moskvanı buna itələyir və düşünür ki, bu, onları dərin sosial-iqtisadi böhrandan xilas edə bilər. Ortada çoxlu iddialar olsa da, reallıq ondan ibarətdir ki, Rusiya iqtisadi bataqlıq içərisindədir. Bütün bu oyunlar da ona hesablanıb ki, Qərb Moskvaya yönəlik təzyiqləri və sanksiyaları aradan qaldırsın”.
Tarix: 14-01-2022, 22:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}