Rusiya nəyin, kimin naminə bu qədər ağır itkilərə gedir?


Ukrayna ilə müharibə, onun davam etməsi Rusiyada kimə, kimlərə lazımdır? Bu savaşın uzanmasından kimlər qazanır?
Bir-bir araşdıraq.

  • Rusiyada ən böyük güc hərbçilərdir. Savaşdan öncə yəqin ki, Rusiya ordusunun ən azı rəhbərliyi savaşdan yana idi. Hərbi rəhbərlik tez və asan qələbəyə ümid edirdi. Generallar güman edirdi ki, növbəti hərbi qələbə həm ordunun nüfuzunu daha da artıracaq, həm də Qərblə qarşıdurmanın dərinləşməsi orduya daha çox vəsait ayrılmasına və deməli, korrupsiya büdcəsinin də artmasına əsas yaradacaq. Ancaq generalların ümidləri boşa çıxdı. Rusiyanın bu savaşda nəinki tez və asan, ümumiyyətlə, hər hansı qələbəsi gözlənilmir. Rusiya ordusu çox ağır itkilər verir. Böyük pul və nüfuz qazanacağını düşünən generallar canlarını itirir. Rusiya ordusu bu savaşda xeyli sayda generaldan əlavə də çoxlu sayda yüksək rütbəli və peşəkar hərbçilərini itirir. Müharibənin uzanması bütövlükdə ordunu iflasa aparır. Ordu rəhbərliyi hazırda əlavə və böyük maliyyələşməyə də ümid edə bilməz. Sanksiyalar iqtisadiyyatı çökdürüb. Beləliklə, əminliklə deyə bilərik ki, Rusiya ordusu savaşın davam etməsindən heç nə əldə etmir və savaşın davamı onlara sərf etmir.
  • Putin hakimiyyəti dövründə Rusiyada xüsusi xidmət orqanlarının nüfuzu və siyasi təsiri daha da artıb. Onlar da Ukrayna ilə savaşın sifarişçilərindən idi. Ancaq Rusiya ordusunun hərbi uğursuzluğu “çekistləri” də çətin vəziyyətə salıb. Hərbi məğlubiyyətin hesabı daha çox onlara kəsiləcək. Məğlubiyyət və itkilər nə qədər böyük olsa, xüsusi xidmətlərin üzərinə düşən məsuliyyət də o qədər böyük olacaq. Beləliklə, hazırda xüsusi xidmət orqanları da savaşın Rusiya dövlətinin tam tükənməsinə qədər davam etməsində maraqlı ola bilməz.
  • Rusiya oliqarxları, milyarderləri də bu ölkədə çox təsirli qüvvə idilər. Savaşdan ən çox itirən də onlardır. Ona görə də onları uzun-uzadı müzakirə etmək lazım deyil. Onlar əllərindən gələni etməyə hazırdırlar ki, Rusiya savaşı durdursun.
  • Rusiyada iqtisadiyyat xeyli dərəcədə liberal olub. 10 illər ərzində milyonlarla iş adamı, orta təbəqə formalaşıb bu ölkədə. Onlar da Rusiyadakı hazırkı vəziyyətə görə ən çox itirənlər sırasındadırlar. Rusiyadakı iş adamları, kiçik, orta, böyük biznes ölkənin iqtisadi çöküşünün bir an öncə durdurulması üçün fürsət gözləyir. Onlar bu savaşdan çox itirirlər və onun davamını istəmirlər.
  • Ukrayna ilə savaşın ən böyük zərərçəkəni isə Rusiyanın sadə əhalisidir. Sanksiyalar Rusiya iqtisadiyyatını boğduqca ölkədə işsizlik artır, daha çox da yüksək maaş verən iş yerləri bağlanır. Bahalıq, inflyasiya işçinin, pensiyaçının, əlilin, uşağın aldığı maaş və müavinatları de-fakto kiçildir. Rusiya əhalisi bundan sonra illərlə qıtlıq, bahalıq, yoxsulluq şəraitində yaşamalı olacaq. Deməli, sadə rusiyalılara da bu savaşın davamı lazım deyil.
O zaman sual yaranır. Bir halda ki, Rusiyada bütün təsirli təbəqə və qruplar bu savaşdan zərər çəkir və davamında maraqlı deyil, bəs Rusiya savaşı nəyə görə, kimin üçün davam etdirir? Axı savaşın hər bir gün uzanması 900 milyon dollar birbaşa xərcdir, əldə olunmayan (itirilən) qazanc da tezliklə gündə 1 milyard dollardan da artıq olacaq. Üstəlik, hər gün yüzlərlə gəncin ölməsi, ağır yaralanması, hər gün minlərlə rusiyalının ölkəni tərk etməsi çox ağır məhrumiyyətdir.Bu qədər məhrumiyyətə nəyə görə, kimlərin naminə gedir Rusiya? Böyük bir dövlət bircə nəfərin ambisiyasının, hikkəsinin girovuna çevrilib. Axı Rusiyada da “nəyi, necə, nə vaxt etməyi” yalnız bir nəfər bilir. Putin hərbi əməliyyata başlamaq qərarı veribsə, hər şeyin plan üzrə getdiyini deyibsə, bütün ölkə yığışıb onu haqlı çıxarmalıdır. Ölkə 100 minlərlə gəncəcik övladını itirə bilər, ordusu, iqtisadiyyatı faktiki dağıla bilər, ölkə inkişafda 10 illərlə geriyə düşə bilər, dünyadan təcrid oluna bilər, milyonlarla rusiyalı qıtlıq, yoxsulluq şəraitində yaşaya bilər, ancaq əsas odur ki, Putin haqlı çıxsın, onun şöhrətinə xələl gəlməsin. Budur Rusiyanın bu mənasız savaşı davam etdirməsinin məntiqi.
İnsanlar bir çox hallarda yaxında olan yaxşı və pisləri, pozitiv və neqativ prosesləri yaxşı görə bilmirlər. Bəzən həqiqətləri daha aydın görmək üçün ona uzaqdan baxmaq daha effektli olur. Mən sizə Rusiyadakı avtoritarizmin daha bir ağrılı fəsadını görməyi təklif etdim. Heç olmasa, Rusiyanın simasında avtoritarizmin nə qədər zərərli olduğunu, tək adam hakimiyyətinin xalqlara nə qədər fəlakət və məhrumiyyət gətirdiyini gördünüzmü?
AXCP sədri Əli Kərimli
Tarix: 18-05-2022, 15:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}