Rusiyadan dünyaya nüvə və ərzaq təhdidi - ona “dur” deyən olacaqmı?



ABŞ və Qərb ərzaq bazarını Moskvaya güzəştə getməməkdə qərarlıdır
Ukraynadan taxıl ixracının qarşısını alan Rusiya getdikcə daha kəskin şəkildə dünya ictimaiyyətinin narazılığı ilə üzləşir. Xüsusilə Ukrayna taxılının əsas alıcıları olan və aclıq təhlükəsi ilə üzləşən ölkələr məcbur qalaraq buğda üçün Hindistan, ABŞ və Fransaya üz tuturlar. Kasıb ölkələri aclığa məhkum edib, Qərbin üzərinə qaldıracağını hədəfləyən Rusiya gözləmədiyi mənzərə ilə üzləşib: 1-2 ölkə istisna olmaqla, buğda idxalçısı olan ölkələrin heç biri Moskvaya üz tutmur.
Bu vəziyyətdə rəsmi Moskvaya yönəlik qınaqlar, Ukrayna limanlarından taxıl ixracına şərait yaratması tələbləri də artır. BMT Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli açıq şəkildə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib: “Prezident Putin, sizə səslənirəm, əgər qəlbiniz varsa, xahiş edirik, bu limanları açın”. Onun sözlərinə görə, Ukrayna limanlarında depolara yığılan taxılın ixrac edilməməsi qlobal ərzaq təhlükəsizliyinə qarşı elan edilmiş müharibədir: “Limanlar açılmasa, qıtlıq və kütləvi köç yaşana bilər”.
BMT Baş katibi Antonio Quterreş isə qlobal aclıq səviyyəsinin yeni rekorda doğru getdiyini, son iki ildə aclıqla üzləşən insanların 135 milyondan 276 milyona çıxdığını açıqlayıb. O, həmçinin Rusiyanın Ukraynadakı taxıl ixracına yaratdığı əngəlləri aradan qaldıracağı təqdirdə ona qarşı sanksiyaları yumşaltmağı təklif edib. Bir neçə gün əvvəl The Wall Street Journal  Antoniu Quterreşin Rusiya prezidentindən Ukrayna taxılının ixracına mane olmamağı xahiş etdiyinə dair məlumat yayıb. Baş katib bunun əvəzində Rusiya və Belarusdan gübrələrin ixracına imkan yaradılacağını vəd edib. Qəzetin yazdığına görə, müzakirə və danışıqlara Türkiyə  də cəlb olunub. CNN-in əldə etdiyi məlumata görə, danışıqlarda və ixrac marşrutlarının müəyyənləşdirilməsində ABŞ da iştirak edir.
CNN-in yaydığı məlumatla bağlı daha detallı bilgini The Wall Street Journal öz mənbələrinə istinadən yayıb. Qəzetin mənbələri bildiriblər ki, rəsmi Vaşinqton Minsk Ukrayna taxılının öz ərazisindən ixracına şərait yaradarsa, Belarus gübrələrinin ixracına qoyulan sanksiyaların aradan qaldırılması variantı üzərində işləyir. ABŞ hakimiyyəti bu zaman Belarus gübrələrinin ixracına qoyulan sanksiyaların 6 ay müddətində qaldırılmasını mümkün sayır. Minsk bu varianta razılıq verəcəyi təqdirdə, Ukrayna taxılı dəmiryolu ilə Belarus ərazisindən keçməklə Baltik dənizindəki Klaypeda limanına çatdırıla bilər.
Ağ evdən Belarusa sanksiya xəbərdarlığı
Xatırladaq ki, ABŞ Belarusun yeganə gübrə ixracatçısı olan “Belarus kalium şirkəti”ni 2021-ci ilin dekabrında sanksiya siyahısına daxil edib.
Rusiya isə Ukrayna limanlarının mühasirəsinin ixracı əngəlləmədiyini iddia edir. Moskvanın iddialarına görə, Ukrayna düşmən gəmilərini əngəlləmək üçün limanlarını nizamsız şəkildə minaladığına görə ticarət gəmilərinin onlara daxil olması mümkün deyil. Bu səbəbdən də Rusiya əvvəlcə limanların minalardan təmizlənməsini təklif edir.
Mayın 19-da Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya qeyri-adi iddia ilə çıxış edib. BMT Təhlükəsizlik Şurasının qlobal ərzaq təhlükəsizliyinə həsr olunmuş sessiyasında çıxış edən Rusiyalı deputat Ukraynadan çıxarılan taxılın aclıq çəkən ölkələrə deyil, Avropa Birliyinin anbarlarına çatdığını iddia edib: “Qərb siyasətçilərinin və kütləvi informasiya vasitələrinin məlumatlarına inansaq, taxıl Ukraynadan ən aktiv formada çıxarılır - dəmiryolu eşalonları, Dunaydakı bərələrlə. Bəs o hara gedir? Bizdə əsaslı şübhələr var ki, bu taxıl aclıq keçirən cənub ölkələrinin ehtiyaclarına yönəldilmək əvəzinə Avropa ölkələrinin taxıl anbarlarına yığılır. Bu səbəbdən də biz belə başa düşürük ki, Ukrayna Qərbin ona verdiyi silahın haqqını bu yolla ödəyir”.
Rusiyalı diplomat həmçinin ərzaq bazarında Qərbin tətbiq etdiyi fyuçers satışları zamanı təxribatlara yol verildiyini bildirib: “Problemin mühüm bir hissəsi fyuçers bazarlarındakı fırıldaqçılıqla bağlıdır. Bu fırıldaqçılıq əsas ərzaq məhsullarının - buğda, qarğıdalı və paxlalı bitkilərinin də qiymətinin süni bahalaşmasına səbəb olub”.
Establishing peace in Ukraine not part of NATO's plan — Russian diplomat -  Russian Politics & Diplomacy - TASS
Andrey Rudenko
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə bir qədər fərqli açıqlama verib. O, ölkəsinin Ukraynadan taxılın ixracı probleminin hamını qane edəcək həll yolunun tapılacağına ümid  etdiyini bildirib: “Bu məsələ müzakirə olunur. Müzakirələr həm də BMT Baş katibinin iştirakı ilə aparılır. Ümid edirik ki, hamı üçün əlverişli olan qərar tapılacaq”.
Son illərdə buğdanın ən böyük ixracatçısına çevrilən Rusiyanın bazarda mövqeyini hökmran hala gətirmək istəyinin reallaşmasında Ukrayna əsas əngəllərdən biri idi. Ukraynanın Avropanın müasir aqrar texnologiyalarına çıxışı genişləndikcə daha yüksək məhsuldarlığa nail olmaqla buğda ixracını artırmaq imkanında olması Rusiya üçün ciddi maneə hesab olunurdu. Qaz-neft bazarında mövqelərini möhkəmləndirən Moskva qlobal ərzaq bazarında da açar roluna iddialıdır.  Ölkənin kənd təsərrüfatı istehsalı texnologiyalarını inkişaf  etdirmədən belə istehsalı artırmaq imkanı var  - əkin ərazilərini yeni torpaqlar hesabına genişləndirə bilər. Lakin artan istehsalın ixracı üçün qlobal bazarda tələbin yaranması lazımdır. Rusiya Ukraynanı bazardan çıxarmaqla bu yeri özünə təmin etməyə çalışır.
 
Moskvadan müxtəlif səviyyələrdə verilən açıqlamalarda bu niyyət açıq şəkildə ortaya qoyulur. Belə ki, Rusiya Taxıl İttifaqının rəsmisi Yelena Türina bildirib ki, Ukraynadan buğda və qarğıdalı alan ölkələrin çoxu indi onlara müraciət ediblər: “Hazırda Ukraynadan buğda və qarğıdalı alan ölkələrin çoxu yeni satıcılar axtarmağa başlayırlar. Təbii ki, bu zaman onlar ilk növbədə Rusiyaya üz tuturlar. Buna görə də biz bu gün satış coğrafiyasını və həcmlərini əhəmiyyətli şəkildə genişləndirmək, yəni iri idxalçı ölkələrin bazarında Ukrayna taxılının yerini tutmaq imkanı əldə etmişik”.
Türinanın dediyinə görə, artıq öz buğda ehtiyaclarının 45 faizini (600 min ton) Ukraynadan qarşılayan Efiopiya Rusiyaya müraciət edib: “Efiopiya tələbatının 23 faizini ABŞ-dan, 13 faizini bizdən qarşılayırdı. Daha bir müsbət hal Səudiyyə Ərəbistanının sanksiyalar elan olunandan sonra bizdən dayandırdığı buğda alışlarını bərpa etməsidir. Dünyada istehsal azalır, ticarət artır, bu fonda dünya qiymətlərinin bahalaşması mümkü və gözləniləndir. Buğdanın istehsalı və istehlak balansı deyilən anlayış var və bu balansa əsasən mövcud qiymətlərdə sıçrayışları gözlənilən hesab etmirik”.
Ukraynadan taxılın ixracını əngəlləyən Rusiya vəziyyətdən istifadə edərək onun dediyinə əməl etməyə razı olan ölkələrə ixracı artırır. Mart ayında ruslar 1,7 milyon ton(2021-ci ilin martındakından 600 min ton çox), apreldə isə 2,1 milyon ton buğda ixrac ediblər.
Son vaxtlar isə Rusiya tərəfi 2022-ci ildə rekord həcmdə taxıl istehsalı gözləntilərini tirajlamaqdadır. Ölkə prezidenti bəyan edib ki, cari mövsümdə 130 milyon ton taxıl, o cümlədən 87 milyon ton buğda istehsalı gözləyirlər. Bu, 121,317 milyon ton istehsalın olduğu 2021-ci ildən xeyli çoxdur. Bu, 121,317 milyon ton taxıl, o cümlədən 76 milyon ton buğda istehsalının qeydə alındığı 2021-ci ildən xeyli çoxdur. Rusiya bu məlumatları geniş və təkrar-təkrar yaymaqla buğda idxalından asılı olan ölkələrə Moskvaya üz tutmalı olacaqları mesajını verməyə çalışır.
BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafında vəziyyəti müzakirə edib - AZƏRTAC
BMT rəsmiləri bildirirlər ki, Təhlükəsizlik Şurası Rusiyanı Ukrayna dəniz limanlarını açmağa məcbur edəcək qətnamə qəbul edə bilməz, çünki Rusiyanın nümayəndələri bu qətnaməyə veto qoyacaqlar: “Ona görə də Ukrayna taxılından asılı olan ölkələr Moskvaya təzyiq edəcək ki, beynəlxalq təşkilatların və ya Rusiyaya neytral və ya dost olan ölkənin bayraqları altında gəmilərin müşayiəti ilə məhsulların ən azı məhdud şəkildə çatdırılmasına icazə versin”.
Ukrayna Kənd Təsərrüfatı Nazirlinin məlumatına əsasən ölkə 1-19 may aralığında 643 min ton taxıl məhsulları ixrac edə bilib. Bu zaman 12-19 may aralığında ixrac templəri artıb: 1-12 maydakı 299 min tona qarşı 12-19 mayda 344 min ton ixrac olub. Artıma baxmayaraq, ixrac tempi keçən ilin eyni dövründəkindən 2,8 dəfə aşağıdır - 2021-ci ilin 1-19 mayında Ukraynadan taxıl ixracı 1,8 milyon ton təşkil etmişdi. Nazirlik bildirir ki, azalmanın yeganə səbəbi Rusiyanın Qara dəniz limanlarını mühasirədə saxlamasıdır.
Ümumilikdə 2021-ci ilin iyunundan - yeni mövsüm başlanandan 2022-ci il mayın 19-dək Ukrayna 46,51 milyon ton dənli və paxlalı bitkilər ixrac edib ki, bu da əvvəlki mövsümdəkindən 13,8 faiz çoxdur. İxracın artımının səbəbi keçən mövsümdə Ukraynada yüksək məhsuldarlığın əldə olunmasıdır.
Mövsüm dövründə mayın 19-dək Ukrayna xarici bazara 18,54 milyon ton buğda(ötən ildəkindən 18,7 faiz çox), 21,83 milyon ton qarğıdalı(6,9 faiz çox), 5,68 milyon ton arpa(37,2 faiz çox),70,6 min ton un(35,7 faiz az) ixrac edib. 1-19 may aralığında 333 min ton qarğıdalı,10 min ton buğda, 0,6 min ton un ixrac olunub.
Qeyd edək ki, 2020/2021-ci kənd təsərrüfatı ilində Ukrayna 16,64 milyon tonu buğda, 23,08 milyon tonu qarğıdalı, 4,23 milyon tonu arpa olmaqla 44,72 milyon ton dənli və paxlalı bitkilər ixrac etmişdi. 2019/2020-ci il mövsümündə isə ixrac 56,72 milyon ton təşkil etmişdi.
Çin ABŞ-dan kənd təsərrüfatı mallarını almağa hazırdır
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin qiymətləndirməsinə əsasən 2022-2023-cü il mövsümündə Ukraynada taxıl məhsulları istehsalı 38,5 milyon ton təşkil edəcək. Bu zaman buğda istehsalı 11,5 milyon ton, qarğıdalı istehsalı isə 22,6 milyon ton azala bilər. Bu isə buğda ixracının keçən ilkindən 9 milyon ton az - 10 milyon ton, qarğıdalı ixracının isə 14 milyon ton az olmaqla 9 milyon ton təşkil edəcəyi gözlənilir.
Ukrayna buğdasının əsas alıcıları Misir (orta hesabla 3,4 milyon ton), İndoneziya (2,8 milyon ton), Türkiyə (1,6 milyon ton), Pakistan (1,4 milyon ton), Mərakeş (1 milyon ton) kimi dövlətlərdir. Qarğıdalını isə Çin (8 milyon ton), İspaniya (2,5 milyon ton), Niderland və Misir (hərəsi 2,2 milyon ton), İran (1,7 milyon ton), Türkiyə (1 milyon tondan yuxarı) alır.
Beləliklə, ABŞ və Qərb Ukrayna taxılının qlobal bazara çıxarılmasını təmin etməkdə qərarlıdır. Rusiya isə bunu əngəlləməyə çalışır: qlobal ərzaq təminatında rıçaqları əlində cəmləmək üçün. Qarşı tərəfin buna imkan verib-verməyəcəyini yaxın həftələrdə görəcəyik...

“Yeni Müsavat”
Tarix: 21-05-2022, 10:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}