Gürcüstan baş naziri müxalifəti təhqir etdi, prezident sərt reaksiya göstərdi


Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentin iclasında ölkənin başına gələn bütün problemlərə görə təqsirli hesab etdiyi şəxslərin adlarını çəkib.
Qaribaşvilinin ittihamlarının Gürcüstanın namizədliyinin Avropa Komissiyası tərəfindən rədd olunmasından sonra səslənməsi siyasi şərhçilərin diqqətini cəlb edib.
Musavat.com “Novosti-Gruziya” portalına istinadən xəbər verir ki, gürcü baş nazirin siyahısı xeyli uzun olub.
Baş nazirin “qara siyahısında” aşağıdakı siyasətçilər yer alıb:
David Bakradze, deputat, parlamentin keçmiş sədri - “bu adam avropalılardan Gürcüstana vizasız rejim verməməyi xahiş edib”;
Georgi Kandelaki, “Avropa Gürcüstanı” partiyasının deputatı - “Avropalı dostlarımıza Gürcüstan haqqında xoşagəlməz xəbərlər çatdırır”;
Salome Samadaşvili, deputat, “Lelo” partiyası – “satqın”, “şəxsən Brüsselə gedib və statusun verilməməsini xahiş edib”;
Şalva Şavqulidze, millət vəkili, “Azad Demokratlar” - siyasi avantürist
Giorgi Botkoveli, Vahid Milli Hərəkat Partiyasının deputatı - əsassız ittihamlar yayır, üstəlik partiyasının əmlakına yiyələnib;
Giorgi Vaşadze, deputat, “Aqmaşenebeli Strategiya” partiyasının lideri, “Saakaşvilinin muzdlusu”dur;
Roman Qotsiridze, “Vahid Milli Hərəkat Partiyası”nın deputatı - milli maraqlar anlayışına yad olan şəxs;
Akaki Menaşvili, “Vahid Milli Hərəkat Partiyası”nın deputatı - əsassız olaraq baş naziri yalan danışmaqda ittiham edib və özünü yaxşı aparmır;
Xatiya Dekanoidze, “Vahid Milli Hərəkat Partiyası”nın deputatı - çox qışqırır, danışmağa imkan vermir və yəqin ki, dərman içmək lazımdır;
David Kezeraşvili, maliyyə polisinin keçmiş rəhbəri və keçmiş müdafiə naziri, kriminal və oliqarx;
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili cinayətkar, oliqarx və “müharibə partiyası”nın əsas ilhamvericisidir;
Giuli Alasania, üçüncü prezidentin anası, oliqarx professor;
Üçüncü prezidentin dayısı Temuri Alasaniya oliqarxdır;
Mamuka Xazaradze, Lelo partiyasının lideri, oliqarx;
Badri Caparidze, Lelo partiyasının lideri, oliqarx;
LGBT təşkilatının direktoru (adı açıqlanmır) təxribatların təşkilatçısıdır, onun arxasında Saakaşvili dayanır, iğtişaşlar törətmək planının icraçısıdır;
David Araxamia, Ukrayna Ali Radasındakı “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri- “İsrarla Gürcüstanın namizəd statusu almamasını təmin etməyə çalışırdı”;
Karl Bildt, İsveçin keçmiş baş naziri və keçmiş xarici işlər naziri - Milli Hərəkatın rüşvət aldığı lobbiçi;
Karl Bildtin həyat yoldaşı - “Milli Hərəkat” dövründə lobbiçilik fəaliyyəti üçün Gürcüstanın dövlət büdcəsindən pul alıb;
Avropa Xalq Partiyası - Gürcüstana qarşı zərərli fəaliyyətlə məşğul olub, namizəd statusunun verilməməsinə çalışıb;
“Vahid Milli Hərəkat” Partiyasının hamısı, Rusiyanın Gürcüstan ərazilərinin 20%-ni işğal etməsinin əsas günahkarlarıdır.
Qeyd etmək lazımdır ki, baş nazirin bu çıxışı ölkə prezidentinin sərt reaksiyasına səbəb olub.
Prezident Salome Zurabişvili baş nazir İrakli Qaribaşvilini və hakim partiyanın deputatlarını tənqid edib.
Dövlət başçısına görə, Gürcüstanın Aİ-yə müraciətlə bağlı qərar gözlədiyi ərəfəsində siyasətçilər ancaq qarşıdurma, söyüş və bir-birinə qarşı dözümsüzlük nümayiş etdirə bildilər. Eyni zamanda, Zurabişvili hökuməti “avropalı tərəfdaşlarına onlarla birlikdə olmaq həvəsini göstərmədiyinə” görə qınayıb.
“Bizim pis üzümüzü göstərə biləcək hər şeyi etdik”,-deyə prezident vəziyyəti bu cür təsvir edib.
Prezidentin fikrincə, Qariaşvilinin çıxışı, “məzmununa görə absurd və təhqiredici olub”. O, hökumətin bununla Brüsselə mənfi mesaj göndərdiyini söyləyib.
Tarix: 23-06-2022, 22:54




Xəbər lenti

{sape_links}{sape_article}