Putindən Ermənistana növbəti şapalaq - yenidən təşəbbüsü ələ alır, yoxsa...


Deputat: “Rusiya Ermənistanı razılaşdırılmış məsələlərin icrasına məcbur edəcək”

Ermənistanın 12-13 sentyabr təxribatlarından, sərhəd döyüşlərindən sonra İrəvan ümid edirdi ki, “ərazimizə təcavüz olundu” yalanına dünyanı inandıra, həmçinin KTMT-nin hərbi kontingentini prosesə cəlb edə biləcək. Ancaq planları böyük mənada baş tutmadı. Nəticə Ermənistanın ziyanına işləməkdə davam edir.
Düzdür, hazırda ABŞ-da müəyyən dairələr onları öz maraqları naminə dəstəkləyir. Əslində burada ABŞ-ın əsas məramı İran və Rusiya ilə bağlı planlarıdır. Yaranmış durumda Ermənistanın Rusiyadan gözləntiləri də əks-effekt verir. Rusiyada ən ciddi analitiklər deyirlər ki, baş verənlərin səbəbi Ermənistanın sülh müqaviləsindən, sərhədlərin müəyyənləşdirilməsindən imtina etməsidir. Rusiya prezidenti Putin də Ermənistana növbəti şapalaq vurub. O, 20 sentyabrda deyib ki, Rusiya rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatların müddəalarına riayət etməyə çağırır. Putin xarici dövlətlərin Rusiya Federasiyasına yeni təyin olunmuş səfirləri ilə görüşündə bildirib: “Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə çağırırıq”.
Faktiki olaraq Putin bununla Ermənistanın son olaylarda məsuliyyət daşıdığına işarə edib. Söhbət ondan gedir ki, Azərbaycan 10 noyabr üçtərəfli bəyanata bənd-bənd əməl edib və etməkdədir. Bəyanatla üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran tərəf isə məhz Ermənistandır. Təbii, bunu Putin də dəqiq bilir. O səbəbdən onun son açıqlaması Ermənistana xəbərdarlıq və tərs şillə hesab oluna bilər.
Rusiya prezidentinin bu açıqlamasının hansısa bir təsiri, effekti olacaqmı? Gözləmək olarmı ki, yeni yaranmış vəziyyətdə - son hadisələrdən sonra bəyanatda imzası olan, vasitəçiliyi üzərinə götürən Putin imzasına hörmət edərək Paşinyanı öhdəlikləri yerinə yetirməyə məcbur edəcək və ABŞ-ın fəallaşması fonunda təşəbbüsü yenidən öz əlinə almağa çalışacaq?

YAP-çı deputat Ceyhun Məmmədov məsələyə ümidli yanaşır: “Biz məsələyə baxanda burada 3 vasitəçi tərəf görürük, Rusiya Avropa İttifaqı və ABŞ. Kremllə Avropa İttifaqı uzun müddət idi ki, proseslərdə iştirak edirdilər. Son vaxtlar Amerika təşəbbüsü ələ almağa çalışır. Amma Rusiya hər zaman çalışıb ki, Qarabağ münaqişəsinin həllində təşəbbüsü öz əlində saxlasın. Nə Avropa İttifaqının, nə də ABŞ-ın bu prosesdə iştirakını qəbul etmir. Bir sözlə, əsas yanaşması bundan ibarətdir ki, burada Rusiyanın vasitəçiliyi əsas rol oynamalıdır. Konkret olaraq qeyd etməliyik ki, 10 noyabr sənədinə 3 tərəf də qol çəkib, Rusiya, Azərbaycan və Ermənistan. Əlbəttə ki, Rusiya burada maraqlıdır ki, onun imzaladığı sənəddəki öhdəliklər və razılaşdırılan məsələlər öz həllini tapsın. Əgər bu belə olmasa, Rusiyanın nüfuzuna ciddi xələl gətirəcək. Bu gün Rusiyanın da marağında deyil ki, bölgədə qarşıdurma davam etsin. Təbii ki, Moskva da münaqişənin tam həllində maraqlı deyil. Amma qarşıdurmaların, təxribatların olmasına da qarşıdır. Rusiyanın əsas marağındadır ki, bölgədə razılaşdırılan məsələlər yerinə yetirilsin. Bu baxımdan hesab edirəm ki, qarşıdakı vaxtda Rusiya Ermənistanı razılaşdırılmış məsələlərin icrasına məcbur edəcək. Bunu əvvəlki dövrdə görmüşük. Kəlbəcər, Ağdam, Laçının boşaldılmasını qeyd edə bilərik. Digər məsələlərdə də razılaşmaların öz həllini tapacağına ümid edirik”.

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadə Rusiya olmadan belə Ermənistanın öhdəlikləri yerinə yetirməkdən başqa yolunun olmadığını söylədi: “Ermənistan ya öhdəlikləri yerinə yetirəcək, ya da yetirəcək.  Alternativ yolları yoxdur. Yəni məsələ yalnız Putinin imzası ilə bağlı deyil. Dünyada elə kataklizmlər gözlənilir ki, Rusiya, ümumiyyətlə, bu proseslərdən uzaqlaşa bilər. O zaman Ermənistan üzərinə düşəni yerinə yetirməyəcək? Bu, geri  dönüşü olmayan yoldur. Ermənistan da bu yolun sonunda lövbər salıb. 
Xatırlayırsınızsa, müharibədən sonra istər Soçi, istərsə də Brüssel görüşlərində Paşinyan bütün öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını ifadə etmişdi. Sadəcə, o regiona Qərbin  gəlməsini arzu edir. Bununla da öz  xeyirlərinə nəyinsə dəyişəcəyini ümid edir ki, bu da əsassız gözləntidir. Qərbin regionda Ermənistanın xeyrinə fəallaşmasından sonra Rusiya rəsmiləri bir açıqlama  vermişdilər: “Qərbin Qafqazdakı fəallığı geosiyasi ambisiyalarla müəyyən edilir. Fikrimizcə, bunun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına real yardım istəyi ilə heç bir əlaqəsi yoxdur”. Mən də bu fikirlərlə razıyam. Dünənə qədər Rusiya regiona qayıdır deyə narahat olanlar indi Amerikanın gəlişini narahatlıqla qarşılayırlarmı? Əlbəttə, bu ayrı mövzudur. Lakin  bildirmək istəyirəm ki, bu bölgənin ən  güclü  dövləti Azərbaycandır. Azərbaycanın bura dəvət edəcəyi ölkə qardaş  Türkiyə ola bilər. Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Yəni Azərbaycan üzərinə düşən hər şeyi edib. Geri  qalan bütün məsuliyyət Ermənistanın üzərindədir. Atacaqları bütün yanlış addımların nəticəsinə də hazır olmalıdırlar".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov “məlumdur ki, Cənubi Qafqazda Rusiya ilə Qərb arasında mübarizə gedir” deyə qeyd etdi: “Hər iki tərəf bu mübarizənin tərkib hissəsi kimi Ermənistana təzyiqdən istifadə edir. Həm Kremlin, həm də ABŞ və müttəfiqlərinin İrəvana kifayət qədər təsir imkanı var. ABŞ son vaxtlar Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışmasından istifadə edərək bölgədəki təsir gücünü artırmağa çalışır. Ağ Evin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin regiona, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri, həmin səfərlər vaxtı İrəvanın genişmiqyaslı təxribat törətməsi bu fikirləri təsdiqləyir. Bugünlərdə ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş oldu. Sentyabrın sonunadək bu formatda növbəti görüşün keçirilməsi planlaşdırılır. Əlbəttə, bütün bunlar heç də Rusiyanın ürəyincə deyil. Kreml regiondakı təsir gücünün azaldığını anlayır. Putinin sözügedən açıqlaması da məhz bu baxımdan qiymətləndirilməlidir. Rusiya liderinin bəyanatında diqqətçəkən məqam üçtərəfli sazişlərin xatırladılmasıdır. Kreml rəhbəri bu yolla sanki tərəflərə demək istəyir ki, yaxın keçmişi, 2020-ci ili xatırlayın və vasitəçiliyimi unutmayın. Putinin "mübahisəli ərazi məsələlərini Rusiyanın köməyi ilə həll etmək lazımdır" fikri onu göstərir ki, Moskva moderatorluq statusunu bərpa etmək istəyir. Bu, özü-özlüyündə o qədər təhlükəli deyil. Əksinə, Vaşinqton və Moskva arasındakı rəqabət bizim üçün yeni imkanlar yarada bilər. Lakin həm Rusiya, həm də ABŞ qeyri-səmimidir. Onları düşündürən Azərbaycanın ərazi bütövlüyü yox, regional maraqlarıdır. Bunu təsdiqləmək üçün hər iki dövlətin Minsk Qrupu dövründəki fəaliyyətini xatırlamaq kifayətdir. 2020-ci ildə Azərbaycan ordusu iki böyük dövlətin 30 il ərzində bacarmadığını özü təkbaşına reallaşdırmışdı. Yaxın gələcəkdə Rusiyanın vasitəçiliyi ilə üçtərəfli formatda təmaslar baş tuta bilər. Rusiya xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı və ermənistanlı həmkarlarına zəng etməsi gözləniləndir. Biz hər yeni situasiyadan öz xeyrimizə istifadə etməyi bacarmalı, Türkiyə istisna olmaqla, istənilən üçüncü qüvvənin proseslərə müdaxilə imkanının minimum olmasına çalışmalıyıq".

“Yeni Müsavat”
Tarix: 22-09-2022, 08:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}