SSRİ-nin sonlarını xatırladan Rusiya: Kreml çöküşdən xilas yolu axtarışında

Dmitri Polevoy: “Putinin iqtisadi planları arasında idxalın kəskin azaldılması iddialı bir yanaşma və vəzifədir”
Sergey Quryev: “İdxalın itməsi Rusiya iqtisadiyyatını SSRİ iqtisadiyyatının vəziyyətinə daha da yaxınlaşdıracaq”
Yaxın 6 ildə Rusiya iqtisadiyyatında idxalın payı ölkənin bütün müasir tarixində minimuma - ÜDM-in 17 faizə düşməlidir. Prezident Vladimir Putin bu göstərişi hökumətə Federal Məclisə müraciətindən sonra verib və o vətəndaşlara beşinci prezidentlik müddəti üçün vədlər paketində bunları qeyd edib.
Kremlin saytındakı materiallara görə, 2030-cu ilə qədər Putin Rusiyanı iqtisadi ölçülərinə görə (alıcılıq qabiliyyəti pariteti baxımından) dünyada 4-cü yerə çıxarmağı, xaricə ən sadə mineral xammaldan başqa hər şeyin satışını iki dəfə artırmağı tələb edir.
Plana yoxsulluğun səviyyəsini 7 faizə endirmək, müstəqil yüksək texnoloji mallar istehsal etməyi öyrənmək və əhalinin təbii azalmasının qarşısını almaq üçün doğum səviyyəsini yüksəltmək daxildir.

“Putinin iqtisadi planları arasında idxalın kəskin azaldılması iddialı bir yanaşma və vəzifədir”, - “Astra” FM-in investisiya direktoru Dmitri Polevoy qeyd edib. Onun sözlərinə görə, son 14 ildə bu rəqəm sabit qalıb - ÜDM təxminən 20-21 faiz olub. Hətta Ukraynanın işğalından sonra, keçən il qısamüddətli geriləmədən sonra ÜDM 19-20 faizə qədər bərpa olunub.
Dünya Bankının məlumatlarına görə, ÜDM-in 17 faizini təşkil edən idxal SSRİ-nin son illərinin səviyyəsi deməkdir. Belə ki, 1990-cı ildə bu rəqəm 17,9 faiz idisə, 1991-ci ildə bərbad vəziyyətdə olan SSRİ iqtisadiyyatını vuran valyuta böhranı fonunda 13 faizə düşüb.
1992-ci ildə Yeqor Qaydar hökuməti mağaza rəflərini saxlamaq və kütləvi aclığın qarşısını almaq üçün ticarət üçün sərhədləri açanda Rusiyada idxalın payı ÜDM-də rekord həddə - 48,2 faizə çatıb. 1990-cı illərin ikinci yarısında ÜDM-ə nisbətdə idxalın həcmi Dünya Bankının statistikasına görə 24-26 faizə, 2000-ci illərin birinci yarısında isə 21-22 faizə qədər azalıb.
“İdxalın ÜDM-in 17 faizə endirilməsi idxal olunan mal və xidmətlərin əhəmiyyətli hissəsindən imtina etməyi tələb edəcək”, Polevoy qeyd edib. Onun bildirdiyinə görə, bu, istehsal zəncirlərinin və son məhsulun yenidən formatlaşdırılmasını tələb edəcək.
Polevoy vurğulayıb ki, indiyədək kənd təsərrüfatı məhsulları və ərzaq məhsullarında idxalın əvəzlənməsi uğurlu olub, lakin yüksək əlavə dəyəri olan mallarla daha az uğur əldə edilib.
Ötən il Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, Rusiyaya 303 milyard dollar dəyərində mal idxal edilib ki, bu da Krımın ilhaqından əvvəlki rekord həddə yaxındır (2011-13-cü illərdə 318-341 milyard dollar). Xaricdən maşın və avadanlıqların alınması 24 faiz, geyim və ayaqqabıların alınması isə 21 faiz artıb.

“İdxalın itməsi Rusiya iqtisadiyyatını SSRİ iqtisadiyyatının vəziyyətinə daha da yaxınlaşdıracaq” - London Biznes Məktəbinin dekanı Sergey Quryev belə deyib. Onun sözlərinə görə, bu proses artıq gedir.
Quryev qeyd edib ki, Rusiya Federasiyası son illərdə getdikcə daha çox SSRİ-ni xatırladır: “O zaman sənaye büdcədən inyeksiyalarla dəstəklənirdi və onlar dayandıqdan sonra dərin tənəzzül spiralına düşdü”.
Tarix: 4-04-2024, 19:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}