“YAXIN, UZAQ KƏLBƏCƏR”


“YAXIN, UZAQ KƏLBƏCƏR”





Sadiq Yusif oğlu Hüseynov şeirlər toplusu işıq üzü görüb

“Dədə-baba yurdumda yaşlana bilmədim, heç olmasa, məzarım orda olsun”

Bu günlərdə Sadiq Yusif oğlu Hüseynovun “Yaxın, uzaq Kəlbəcər” başlıqlı şeirlər toplusu işıq üzü görüb.

Bu, müəllifin sayca 4-cü kitabıdır. Onun 2012-ci ildə işıq üzü görən “Kəlbəcərə gedəm-getməyəm”, “Duman düşür yadıma”, 2016-cı ildə çapdan çıxan “Gözü yaşlı Bəzirgan” kitabları kimi, sözügedən yeni kitabı da Yurd həsrəti, Yurd harayından yoğrulub, hər bir şeir ağrı, nisgil doludur.

Doğma el-obasından uzaq düşən, qəlbi qan ağlayan ahıl soydaşımız Sadiq Yusif oğlu Hüseynov hər dəfə yaz gələndə qəlbində yaşatdığı həsrətin daha da dözülməz hala gəldiyini deyir. Doğma yurdunun yaz ətirli meşələrini qarış-qarış gəzmək, yaşıl yamacların bəzəyi olan gül-çiçəyin ətrini ciyərlərinə çəkmək istəyi bütün ruhuna hakim kəsilir, onu içdən sarsıdır.

“Ulu Vətənim, doğma xalqım, bütün Türk Dünyası əbədi var olsun!”

“Dədə-baba yurdumda yaşlana bilmədim, heç olmasa, məzarım orda olsun” deyən kəlbəcərli Sadiq Yusif oğlu Hüseynov “Hürriyyət”ə bunları anlatdı:

“1939-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağırlı kəndində anadan olmuşam. Həyatım boyu çox ağır günlər yaşamışam. 1967-ci ildən şeir dünyasının sehrinə düşmüşəm. Tanrı məni arzuma çatdırıb. Mənə yazıb-yaratmaq bacarığı əta edib. Bu günədək 4 kitabım işıq üzü görüb.

Kitablarımın dördünü də yurd həsrəti yazdırıb mənə, bütün şeirlərimin mövzusu dinməyən ağrım, qan sızlayan yaram - illərdir düşmən tapdağı altında inləyən Kəlbəcərimdir.

Hər an ürəyim göynəyir, qəlbim sızlayır, tək mənim yox, Azərbaycan torpağının bütün mərd oğul və qızlarının dərdidir qara bəxtli Qarabağımız. Azərbaycan xalqı nəyi unutsa da, dilbər guşəmiz Qarabağı heç vaxt unutmaz.

Biz tezliklə qovuşacağıq doğma yurd-yuvamıza, buna əminəm. O günü görmək ən böyük arzumdur. Mən görməsəm də övladlarım, nəvələrim mütləq görəcək, mütləq qovuşacaq doğma el-obamıza.

Xalqımdan isə yeganə təvəqqem budur ki, şeirlərimi, kitablarımı oxusunlar, yaşatsınlar, onlar yaşadıqca mən də yaşayacağam, unudulmayacağam, çünki hər bir şeirimdə bir zərrəm var, hər biri yaralı qəlbimin bir parçasıdır.

Mənim üçün əziz olan bütün oxucularıma, xalqımın mərd, qeyrətli, vətənpərvər övladlarına Tanrıdan can sağlığı diləyirəm. Ulu Vətənim, doğma xalqım, bütün Türk Dünyası əbədi var olsun!”

Hazırladı: İnci Türkel

Tarix: 27-03-2019, 22:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}