Xaçmazdakı qətldə “əhəmiyyətsiz” izlər


Qətl günündə ailə təbii ki, böyük şok yaşadığı üçün nə etdiklərinin fərqinə varmasalar da, sonradan hər bir epizodu diqqətlə təhlil edəndə proses zamanı baş verənlər adamı dəhşətə gətirir. Çünki, məlumdur ki, hər hansı bir olay zamanı, hələ də söhbət xüsusi amansızlıqla həyata keçirilən bir qətldən gedirsə, prokurorun, həm də qonşuluqda yaşayan bir prokurorun etdikləri adamı vahiməyə salır.
Hadisənin araşdırılması, əməlin tövsif olunduğu maddə üzrə prokurorluğun səlahiyyətində olduğu üçün, sözsüz ki, olay yerindəki proseslərə də nəzarət və idarəçilik Rasim Məlikovun əlində olub.
Maraqlıdır ki, hadisənin baş verdiyi yerdə prokurorluq əməkdaşları polisi uzaq tutmağa çalışır, hadisə yerini araşdırmaq istəmirlər. Hətta qapıda, kranda, bir neçə yerdə açıq aydın görünən izləri belə götürmürlər. Hətta diqqəti çəkən belə bir epizod da var ki, prokurorluq işçiləri şairənin qızı Gülnarə xanımı hər vəcdlə sözün əsl mənasında divara sıxıb, ondan izahat almaq istəyiblər ki, o anasının cəsədinə toxunandan sonra, əllərini məhz mətbəxin kranında yuyub. O isə, əksinə, əllərini ikinci mərtəbədə yuduğunu deyib.
Çünki, mətbəxdəki krantın yanındakı qab-qacaqlarda, qanlı əllər yuyulduğu üçün sıçrayan su damcılarının izi olub. Belə ehtimal etmək olar ki, qatil əllərini orda yuyub. Maraqlısı odur ki, prokuror Rasim Məlikov qətli ailənin özünün törətdiyini iddia edərək, bu versiyanı sübut etməyə çalışsa da, mənzildə məhz qatilə aid olduğu təxmin edilən heç bir izi götürmədən, əksinə ancaq ev əhlinin izlərini götürməyə cəhd edib.

Qatil əlcəksiz hərəkət edib

Ailənin bildirdiyinə görə, cinayət işində yalnız ailə üzvlərinin əl və ayaq izləri var. Sonradan prokuror bunu belə izah edir ki, o izləri əhəmiyyətsiz saymışam.(?)
Hər hansı bir qətl hadisəsində, əhəmiyyətsiz sayıla biləcək izlər barədə hər hansı bir nəzəriyyənin olub-olmadığını bilməsək də, hadisənin təhlili onu göstərir ki, qatil sanki, prokurorun necə davranacağından məlumatlı və arxayın olub. Çünki, qatil ƏLCƏKSİZ hərəkət edib. Çünki mənzildə qatilə məxsus olduğu iddia edilən, kifayət qədər qanlı barmaq izləri olub. Ailə isə, həmin gün şokda olduğu üçün, buna əhəmiyyət verəcək əhvalda olmayıb.
Evin sakinləri, ailə üzvləri Prokuror Rasim Məlikova mənzildə olan, qatilə məxsus olduğu açıq-aydın görünən barmaq izlərini göstərəndə, o, sözü çevirərək, Gülnarə xanımı yuxarı mərtəbəyə çağıraraq, onunla söhbət etməyə başlayır.
Gülnarə xanım və Rasim Məlikov yuxarıda otururlar, prokuror ona səmimi söhbət etmək istədiyini deyir. Prokuror deyir ki, rəhmətlik çox mərd insan idi, ona böyük hörmətim var idi. Onun bu davranışının səbəbini anlamağa çalışan Gülnarə xanım, Nəcimə xanımı yalandan, qeyri-səmimi tərifləməklə, ondan nə istədiyini soruşur.Prokuror ondan, niyə bu evdə yaşamadığını soruşur. O da, özünün bacısı ilə, bu evdə isə qardaşının ailəsi ilə birlikdə yaşadığını deyir.


Gülnarə xanım həmçinin, bunun məsələyə nə dəxli olduğunu soruşaraq, izləri götürməyi deyir. Prokuror isə, sanki vaxtı keçirmək üçün sözü uzadanda, Gülnarə xanım ona, özünün də Şəmsəddin Xanbabayevlə birlikdə bazarın torpaqlarını almaq istədiyini bildiyini deyir. Zərərçəkən xanım bildirir ki, Nəcimə xanım bütün baş verənləri evdə danışdığı üçü, hər şeyi bilir.
Gülnarə xanım da, ailə də bilirdi ki, dəfələrlə Rasim Məlikov Nəcimə xanını yanına çağıraraq, ona bazardan çıxmayacağı təqdirdə, cinayət işi açaraq, bu yaşda həbs edəcəyi ilə qorxudurdu. Gülnarə xanım, ona sərt şəkildə “cəsəd aşağıdadır, düş aşağı, cinayətlə məşğul ol, onsuz da burda yalan danışırsan, mən sənə inanmıram. Çünki, sən yalan danışırsan ki, anama böyük hörmətin vardı. Halbuki siz düşmən idiniz” deyib, onu sözün əsl mənasında aşağı, olay yerinə qovur.

“Anamı bazara görə öldürüblər”

Prokuror səs-küyün düşdüyünü görüb, aşağı düşməyə məcbur olur. O aşağı düşəndə isə həyətdə bu zaman dava düşür. Çünki, sonradan anasının qatilinin tapılmaması səbəbi ilə intihara əl atan Təranə xanım, olay yerinə gələn kimi qışqırır ki, “anamı bazara görə öldürüblər!”
Bu zaman prokuror Rasim Məlikov Şəmsəddin Xanbabayevi nəzərdə tutaraq, “o boyda kişi, sənin cındır bazarına qalıb?” -deyə qışqırır və buna görə də dava düşür. Çünki, heç kəs Təranə xanım orda bu sözü deyəndə, Şəmsəddin adı çəkmir, prokuror isə niyə onun adını çəkib, bilinmir, bəlkə də daha gözəl bilinir.
Təranə xanım sadəcə qışqıraraq, ölümün motivinin bazarın torpaq davaları olduğunu deyirdi. Heç bir konkret ad çəkmədən, ünvansız olaraq, qətlin səbəbinin bazar davası olduğunu bildirirdi.
Əslində apardığımız araşdırma zamanı şahidlərin sözləri ilə tam təsdiq olunur ki, prokuror cəsədi və olay yerini mayinə etməkdənsə, ancaq qətlin ev sahibləri tərəfindən törədildiyi versiyasını əhaliyə sübut etməyə çalışıb. Bu versiyanı sübut etmək üçün “ip ucları” axtarıb.


Hətta bir qədər sonra prokurorun gözdən itdiyini görəndə hamı onu axtarır, Gülnarə xanım yuxarıya çıxır, görür ki, prokuror və sürücüsü, ikinci mərtəbədə, yerdə nəsə axtarır. Gülnarə xanım yenə də qışqırır ki, düşün aşağı, izləri götürün, burda nə gəzirsiz?
Prokuror və sürücüsü aşağı düşsə də, sonda, bir neçə gündən sonra, məlum olur ki, yenə də izləri götürməyiblər.
Halbuki, qatil əlcəksiz işlədiyi üçün, hətta mərhumun burnunun üstündə də dırnaqın kəsdiyi yer, ağzının kənarlarında açıq sezilən barmaq izləri olub. Ancaq nədənsə, prokuror bu izlərin heç birini “əhəmiyyətli saymayıb”…

9 ildir ki, “açılmayan” qətl

Ailənin və şahidlərin danışdıqlarından belə məlum olur ki, prokurorluq orqanları əvvəldən qətlin necə baş verməsi ilə bağlı belə bir versiya irəli sürüblər ki, guya Nəcimə xanımın qatili və sifarişçisi ailənin üzvlərindən biri və ya bir neçəsidir. Çünki, təcrübəli işçilərin bu qətlin sifarişli olmasını o saat anlayacaqlarını bilirdilər. Ona görə də, versiya belə olur ki, guya Gülnarə xanım Həbibova sifarişçi, qardaşı Cavid Həbibov isə icraçıdır.
Təbii ki, hər hansı bir qətldə və ya cinayət işində, ən əvvəl əməlin motivini tapmaq vacibdir. Ancaq maraqlısı budur ki, illər keçsə də, prokurorluq öz irəli sürdüyü versiyanın iflasa uğradığını görsə də, daim bu istiqamətdən əl çəkmir, sanki yalnız öz versiyalarının doğru olduğunu isbat etmək üçün “ip ucları” axtarmaqda davam edirlər. Bu zaman kəsiyində ailənin irəli sürdüyü heç bir versiya və iddialar, ittihamlar yoxlanılmır.
Heç kəs bu iddiaların nədən əsaslandığını vecə almır, adıçəkilən şəxslərin dindirilməsi üçün səy göstərmir. Çünki, əhalinin və ailənin, kənardan məlumatlı ola biləcəyini düşündüyümüz bütün şəxslərin dedikləri, soraqlaşma üsulu ilə apardığımız araşdırmalar nəinki sifarişçilərin, hətta qatil və qatillərin adını deməyə də əsas verir. Təbii ki, biz birbaşa ad çəkərək bu şəxsləri ittiham edə bilmərik. Çünki, əvvəla, 9 ildir ki, “açılmayan” bu işin “açılmama” səbəbləri özü əslində bütün suallara cavabdır. İkincisi də, məhz arxalarında olan qüvvələr dərhal hərəkətə keçərək, bizim özümüzü hansısa maddənin tələblərini pozmaqda ittiham edəcəklər. Necə ki, bu sətirlərin müəllifini, məhz belə bir ittihamla YAP-ın Xaçmaz Rayon təşkilatının sədri Xaçmaz rayon prokurorluğuna şikayət edib. Cinayət barədə nəinki məlumatlı, hətta müəyyən epizodlarda tam iştirakçı olması barədə əsaslı şübhələr olan bu məxluqa heç kəs gözünün üstündə qaşın olduğunu deməsə də, məni sorğu-suala tutmaq məsələsində daha çevik hərəkət göstərən qüvvələr var.
Bütün bunlara isə gələcək yazılarımızda daha geniş və ətraflı aydınlıq gətirəcəyik. Qayıdaq qətl günü baş verənlərin təfərrüatlarına…
Yuxarıda qeyd etdik ki, prokuror Rasim Məlikov qatilə aid olduğu güman edilən heç bir izi götürmədən, həmin izləri “əhəmiyyətsiz” sayırdı.
Qətl günüdə baş verənlərin içində haşiyəyə çıxaraq xüsusilə vurğulamaq istədiyimiz bir nüans var. Məlumdur ki, belə ağır cinayətlərdə hüquq mühafizə orqanları dərhal əməliyyat-axtarış tədbirləri görmək üçün hərəkətə keçərək, ən əvvəl hadisə yerində işlək olduğu göstərilən telefon nömrələrini dəqiqləşdirirlər. Burda isə ən təəccüblüsü odur ki, MTN ərazidə işləyən telefon nömrələrini dəqiqləşdirərkən, Gülnarə xanımın telefon nömrəsinin siqnalı evdə qeydə alınmayıb. Halbuki, Gülnarə xanım ötən yazılarımızda bildirdiyimiz kimi bütün gecəni evdə olub, anası ilə son görüşən, danışan adamdır. Başqa maraqlı bir detal, ailənin üzvü Cavid orda olmadığı halda, onun telefon nömrəsinin siqnalı evdə göstərilir(?)
Bu hadisədə şəxsən mənim diqqətimi çəkən detallardan biri də budur. Ailənin bildirdiyinə görə, telefon operatorları istintaqa rəsmən, hərdən texniki cəhətdən belə bir xətaların olmasının təbii olmasını bildirsələr də, mənə elə gəlir ki, cinayət işinin açılması üçün ip uclarından biri də budur. Hətta burda yaza bilmədiyim, ailəyə belə söyləmədiyim başqa səhih məlumatlara əsasən deyə bilərəm ki, məhz bu detal, cinayət işnin açılması üçün böyük bir ip ucudur.
Maraqlıdır ki, qətldənbir neçə gün qabaq telefonunu dəyişmiş Gülnarə xanımın, heç kəsin bilmədiyi, aldığı aparatın üstündə ona hədiyyə verilən “Azercell” nömrənin siqnalı evdə göstərib. Bu nömrənin kimə aid olduğunu bilmədikləri üçün elan edəndə, məlum olub ki, məhz bu siqnal həm də Gülnarə xanımın aliblərindən biridir. Çünki, Gülnarə xanım məhz bu nömrədən ailənin sürücüsü Oktay Azayevə zəng vuraraq əncir almağı tapşırır.
Daha bir maraqlı detal odur ki, Gülnarə xanıma məxsus olan, hər kəsin bildiyi nömrəyə qətldən sonra zəng də gəlib, özü də bu nömrədən bir neçə yerə zəng vurub…

Cəmil Məmmədli

Müəllifin mövzu ilə bağlı sonuncu  yazısını buradan oxuya bilərsiz:

226334.html

Tarix: 25-05-2019, 09:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}