Talış kəndində 30 ildən sonra Novruz şənliyi təşkil edilib



Tərtər rayonunun Talış kəndinin sakinləri baharın gəlişini 30 ildən sonra doğma yurdlarında 
qarşılayıblar.

Talış kəndində Novruz şənliyinin keçirildiyi meydanda səmənilər, xonçalar düzülüb, Novruz adət-
ənənələri nümayiş etdirilib. Qız-gəlinlər müxtəlif şirniyyatlar, sac üstündə yuxa bişirib, iştirakçılar 
yumurta döyüşdürüblər. Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, 
kəndirbazın, pəhləvanın, qılıncla rəqs edən və alov şousu göstərən ifaçıların çıxışları maraqla 
qarşılanıb. Musiqiçilərin, balaban, zurna, dəf ifaçılarının çıxışları da bayrama xüsusi rəng qatıb. 
Əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutmuş milli geyimli gənclərin Qarabağ 
atlarının üstündə meydana gəlmələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan Dövlət Kukla Teatrının truppası M.F.Axundzadənin məşhur “Müsyo Jordan və Dərviş 
Məstəli Şah” komediyası əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib. Sonra teatrın 
nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun ifasında “Can Qarabağ” konserti olub.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna 
olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tədbirdə 
çıxış edərək Talış kəndinin sakinlərini, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara 
cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, bu bayramın xalqımız, xüsusilə Talış 
kəndinin sakinləri üçün xüsusi önəmi var. Talış kəndində 30 ildən sonra ilk dəfə Novruz bayramı 
qeyd olunur.
Sonra Əməkdar artist Aybəniz Haşımovanın və “Sənət Akademiyası” tələbələrinin ifasında 
“Qarabağa gəlirik” və “Vətəndən pay olmayır” mahnıları ifa edilib. Səid Rüstəmov adına Xalq Çalğı 
Alətləri Orkestrinin çıxışından sonra Milli səs yarışının iştirakçısı Asim Abbasovun və gənc 
xanəndə Yusif Cəfərbəylinin ifaları sakinlər tərəfindən böyük maraqla dinlənilib.
Sakinlər qonaqlarla birlikdə “Yallı” sədası altında rəqs edib, şənləniblər. Axşam saatlarında kənd 
sakinlərinin iştirakı ilə bayram tonqalı qalanıb.
Bayram tədbirinə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli 
Məclisin deputatı Sahib Alıyev sakinlərin evlərində olub, onlarla birlikdə bayram süfrəsi arxasında 
əyləşərək səmimi söhbət ediblər. Bayram münasibətilə Talış kəndinin sakinlərini təbrik edərək, 
onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıblar. Bildiriblər ki, ölkəmizdə Novruz bayramı 
əvvəlki illərdən daha artıq coşqu ilə, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının 
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində 
qazandığımız Zəfər xalqımızın başını uca edib. 30 il işğal altında olan dədə-baba yurdlarımızda 
indi bayram tonqalları qalanır. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində 
Vətənimizin ərazi bütövlüyü təmin olunub. 
Tarix: 22-03-2023, 13:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}