Rayon rəhbərinin Qazyan kəndində növbəti səyyar qəbul-görüşü keçirilib - FOTO

Rayon rəhbərinin Qazyan kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı
kənd İƏD üzrə nümayəndəliyin Qazyan kəndində keçirilib.
Qəbulda Qəbulda Milli Məclisin Deputatı Sahib Alıyev, hüquq-mühafizə
orqanlarının əməkdaşları, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd
sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri
düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda bildirib ki, Azərbaycan daha bir tarixi hadisəyə imza
atdı. Xalqımızın bayram əhval-ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident
seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri
sıradan bir seçki prosesi deyildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren
haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə
vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçirdilər. Bu baxımdan
növbədənkənar prezident seçkiləri 44 günlük Zəfər savaşının və uğurlu
antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənəcək möhürü oldu və bu
səbəbdən 7 fevral seçkiləri Zəfər seçkisi kimi tarixə yazıldı. Bu seçkilərin
tariximizdə analoqu olmayan hadisə sayılmasının daha bir özəlliyi isə qalib
Xalq-qalib Lider tandemi idi.
Müasir dünya siyasi düzənində ən inkişaf etmiş, hətta super güc sayılan
dövlətlərdə belə vətəndaşların seçkiyə marağında aktivlik və lidersizlik
problemi yaşanır.
7 fevral seçkilərində Azərbaycan seçicisinin öz iradəsini böyük fəallıq və
coşqu ilə ifadə etməsi, mütləq əksəriyyətlə Qalib Liderə səs verməsi dünya
üçün müqayisəsi olmayan nümunə oldu. Əslində, xalqımızın seçimi dünya
üçün də öncədən bəlli idi və rəsmi nəticələrdə seçkidən əvvəl keçirilən rəy
sorğuları təsdiqini tapdı. 200 illik tariximizi şərəfləndirərək Vətəni bütövləşdirən
xalqın mütləq qəhrəmanına çevrilmiş cənab İlham Əliyev 92,5 faiz - böyük səs
çoxluğu ilə qalib gəldi.
Bütün beynəlxalq və yerli müşahidəçilərin, həmçinin, digər namizədlərin
rəylərində əks olunduğu kimi tam ədalətli, şəffaf şəkildə keçirilən seçkilər
dünya demokratiyası üçün də bir örnək oldu.
Rayon rəhbəri fevralın 14-də Milli Məclisdə keçirilən respublika prezidentinin
andiçmə mərasimindən, onun andiçmə mərasimində Azərbaycanın daxili və
xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə
bağlı söylədiyi geniş nitqdən danışıb.
“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici
siyasətimizin əsas amilləridir”, prezident növbəti illərin əsas prioritetləri kimi
bunları qeyd etdiyini vurğulayıb.
7 fevral prezident seçkilərinin nəticələri xalqımızın qalib liderinə olan
sevgisinin təzahürü ilə bərabər, həm də gələcəyə inam mesajı oldu. Bu
gələcək bu gündən bizə böyük və qüdrətli Azərbaycanı göstərir. Ölkəmizin
problemlərini, milli dərdlərini həll edərək Azərbaycanı həmin hədəflərə aparan
ümumxalq rəhbərinə sevgi əbədidir.
İlham Əliyevin 20 illik fəaliyyəti onu göstərdi ki, O, təkcə ölkəmizdə sevilmir.
Dünyanın dörd tərəfində yaşayan soydaşlarımızın da vahid namizədi,
alternativi olmayan lideridir. Xarici ölkələrdə səsvermədən sonra ictimaiyyətin
gözü qarşısında açılan sandıqlar bunun bir daha sübutudur!
44 günlük Vətən müharibəsində və 23 saat 43 dəqiqə çəkən antiterror
tədbirlərində olduğu kimi 7 fevral seçkilərində qazanan Azərbaycan oldu.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən
geniş həcmli layihələrdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də
rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə,
vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də
bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə
də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların
məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Qazyan kəndinin 1135 hektar ərazisi, 193 təsərrüfatı, 891 nəfər
əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 körpələr evi uşaq bağçası, 1 tibb
məntəqəsi, 3 ticarət oyekti, 2 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir.
Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və
içməli su ilə təmin olunub.
Sakinlər 651 baş iribuynuzlu, 759 baş xırdabuynuzlu heyvan, 4753 baş quş
saxlayırlar.
Son üç ildə Qazyan kəndində 4 km məsafədə kəndarası yollar təmir edilib,
kəndə gələn yüksək gərginlikli elektrik xətləri və dirəkləri təmir olunub, su
arxları 1.8 km lildən təmizlənib, kənd ərazisində 700 ədəd çəkil və müxtəlif
növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana
salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu
sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Ayaz Hüseynov subartezian quyusunun bərpa olunması,
Famil İslamov taxıl sahəsində zərərvericilərə qarşı mübarizə aparılması üçün
dərmanla təmin olunması, Anar Rəhimov zədələnmiş qaz xəttinin təmir
olunması, Ədalət Ələkbərov su arxı təmizlənən zaman yaranan mübahisə və
digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Rayon rəhbərinin Qazyan kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Rayon rəhbərinin Qazyan kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Rayon rəhbərinin Qazyan kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Rayon rəhbərinin Qazyan kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Tarix: 7-03-2024, 14:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}