Tərtərlilər Novruz bayramını sevinclə qeyd ediblər - FOTO





Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz Tərtər
rayonunda böyük sevinc və coşqu ilə qeyd olunur.

Mərkəzi Meydan bəzədilib, meydanda Novruzun simvolu olan səməni qurulub.

Təşkil olunan bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Müstəqim
Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının
rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının
sədrləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri,
inzibati ərazi dairəsi üzrə nümayəndələr və rayon ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin
abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Sonra rayon rəhbəri Dədə Qorqudla bayram tonqalını alovlandırıb.

Tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq
sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Bayram şənliyində
milli adət və ənənələrimiz nümayiş etdirilib.

Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc
idmançıların çıxışları maraqla qarşılanıb. Dədə Qorqudla Bahar qız şənlik
iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq
diləyiblər. Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Qadın İcma Resur
Mərkəzinin üzvlərinin hazırladığı əl işlərindən ibarət satış-sərgi nümayiş
olunub.

Bayram şənliyi rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov tərtərliləri bayram münasibətilə təbrik edərək, onlara cansağlığı,
ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, Novruz bayramı əsrlərin
sınağından çıxmış, ta bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. Xalqımız min illərdir
ki, Novruzun gəlişini bayram edir.

Artıq 4 ildir ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan
möhtəşəm Qələbə-Zəfər günü Odlar yurdu Azərbaycanımıza əbədi bir bahar
gətirib. Bu baharı bizə gətirən şəhidlərimizə-işğaldan azad edilmiş
torpaqlarımızda aparılan lokal xarakterli antiterror əməliyyatlarında canlarını
qurban vermiş oğullarımıza Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının
qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq.
Şəhidlərin, qazilərin, müharibə veteranlarının-Azərbaycanımızın döyüşən igid
oğul və qızlarının sayəsində uzun illərdən sonra soydaşlarımız doğulub-
böyüdükləri torpaqları ziyarət edə bildilər. Doğma Qarabağımıza-Şuşaya,
Xankəndinə, Xocalıya, Ağdama, Cəbrayıla, Qubadlıya, Ağdərəyə və digər
işğaldan azad olunmuş torpaqlara gedə bildilər. İşğaldan azad edilmiş
torpaqlarımızda qalanan bayram tonqalları neçə illik yurd həsrətimizə,
nisgilimizə son qoydu, qəlblərdəki doğma yurd həsrətinin buzlarını əritdi, bir
daha düşmənə mənəvi zərbə vurdu, şəhidlərimizin ruhu şad oldu.

Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham
Əliyev 2021–ci ildə Şuşadan–Cıdır düzündən, 2022-ci ildə Tərtər
rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsindən, 2023-cü ildə
yenə də rayonumuzun Talış kəndindən, bu il isə Xankəndindən
Azərbaycan xalqini təbrik edib, bayram tonqalını yandırdı.

Qoy bir daha çatılan tonqallarımız sönməsin!

Rayon rəhbəri qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə
göstərdiyi diqqət və qayğının hər kəsə bir örnək olduğunu vurğulayıb.

Qeyd edib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında
doğma Qarabağımız yenidən dirçəlir, bir gülüstana çevirilir. İşğaldan azad
edilmiş torpaqlarımızda, şəhər və rayonlarımızda nəhəng quruculuq işləri
başlanıb. Ağıllı kəndlər salınır, şəhərlər bərpa edilir, uzun illər dogma
ocaqlarından didərgin düşmüş məcburi köçkünlər geriyə dönürlər.

Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək tərtərliləri ilaxır çərşənbəsi və
Novruz bayramı münasibəti ilə təbrik edib. Novruz bayramının xalqımızın
mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran
qədim el bayramı olduğunu bildirib. Qeyd edib ki, Novruz qədər zəngin
ənənəyə malik ikinci bir bayram təsəvvür etmək çətindir.

Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən
hazırlanan şən və rəngarəng konsert proqramı ilə davam etdirilib.

Bayram tədbirində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir
qrup tərtərliyə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının fəxri
fərmanları təqdim olunub.

Tarix: 20-03-2024, 11:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}