Tanınmış vəkil də “Nuray olayı”ndan danışdı:"Uşağın atasının qızı almaqda məqsədi xüsusi araşdırılmalıdır"

Tanınmış vəkil də “Nuray olayı”ndan danışdı:"Uşağın atasının qızı almaqda məqsədi xüsusi araşdırılmalıdır" “Görünən odur ki, məhkəmə uşağın xalasından alınıb atasına verilməsi haqqında qətnamə qəbul edib və həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra İcra Vərəqəsi əsasında icraya başlanılıb. Diqqətinizə çatdırım ki, bu barədə qərar qəbul edən məhkəmə hökmən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə almalıdır. Həm məhkəmə, həm də Komissiyanın qəbul etdikləri qərarlar ancaq uşağın mənafeyini nəzərə almaqla, onun yaşayış tərzinin normal olmağına yönəlməlidirlər”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkili Aslan İsmayılov deyib.
O, həmin sənədlərlə tanış olmadığından qəti fikir söyləyə bilməyəcəyini də qeyd edib.
“Ancaq videodan göründüyü kimi (uşağın fəryadla xalasına sığınaraq ona “ana” deyə müraciət etməsi, atasını tanımadığı kişi adlandırması, atanın davranışı, söyüşləri, uşağı yerlə sürüməsi, uşağın fəryadına fikir verməməsi və s. hallar) həmin qurumların qərarlarını qanuni və əsaslı hesab etmək olmur. Konkret olaraq icra mərhələsinə gəlincə isə, İcra Vərəqəsini icra edən icra məmurları “İcra haqqında” AR Qanununun 70-ci maddənin tələblərini pozmuşlar. Belə ki, həmin Qanunun 70.4-cü maddəsində qeyd olunduğu kimi, icra sənədinin icrası mümkün olmadıqda (videodan bu açıq aşkar görünür), icra məmuru icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edir.
İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan məhkəməyə şikayət verə bilərlər. Məhkəmə artıq işin icrasının mümkünlüyünə baxmalıdır. Məhkəmə icraçılarının uşağa qarşı olan zorakılığa, onun psixi sarsıntı keçirməsinə, atanın uşağa qarşı zor işlətməsinə biganəliyi birbaşa qanun pozuntusudur. Uşağı zor tətbiq etməklə alınması, bundan sonrakı hərəkətləri (sanki qatı cinayətakarı aparmaları, “davay davay, vsyo, getdik” demələri) isə açıq-aşkar cinayətdir.
İcra işində yaranmış problemlər uşağa qarşı psixi və fiziki zor tətbiq etməklə deyil, icra məmurlarının qanun çərçivəsində atdığı addımları ilə həll edilməlidir. “Uşaq hüquqları haqqında” AR Qanununun 5-ci maddəsinin tələbinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Konkret halları bilmədiyimdən fikir yürüdə bilmirəm. Ancaq əminəm ki, uşağın atasının qızı almaqda məqsədi xüsusi araşdırılmalıdır. Videoda bir anlığa atanın ekrana tuşlanmış baxışları onun hökmən həkim müayinəsindən keçirilməsini zəruri edir. Bildiyim odur ki, uşağın həyatı təhlükədədir və müvafiq orqanlar istirahət günlərinə baxmayaraq, birbaşa vəzifələrini icra etməlidirlər…”- deyə, vəkili daha sonra bildirib.
Tarix: 7-01-2017, 20:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}