Rəsulzadəni, Elçibəyi təhqir edən “jurnalist”ə “MONİTOR”-dan cavab

Rəsulzadəni, Elçibəyi təhqir edən “jurnalist”ə “MONİTOR”-dan cavab “Sənin lider dediklərin nə edib bu xalq üçün, bu millət üçün. Rəsulzadə bir dövlət qurdu 23 ay yaşadı sonrası məlumdu. Elçibəydə demək olar ki, 23 ay prezident olmadı. Amma bəyənmədiyiniz Heydər Əliyevin qurduğu dövlət hələ də yaşayır və yaşayacaq.”



“MONİTOR” xəbər verir ki, bu sözləri Xeber-xetti.com saytının direktoru, “jurnalist” Mirəziz Əzizov, feysbuk sosial şəbəkəsində, gedən polemikaların birinə şərh bildirərkən söyləyib. Bir tarixi danmaq, Azərbaycanın qurucusunu aşağılamaq, bir jurnalistə yaraşan iş deyil. Bir tərəfdən də, ən azı 35 illik həyatında ciddi bir uğura sahib olmayan birisinin Rəsulzadə, Elçibəy kimi şəxsiyyətlərin haqqında danışmağa mənəvi hüququ yoxdur.

“MONİTOR” olaraq, bu jurnalistə cavab xarakterli tarixi dərs keçmək istəyirik. Ən azı tarixdən bixəbər olan birisinin mariflənməsi istiqamətində savab qazanmış olarıq.




1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:

“Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”.
Mustafa Kamal Atatürkün Məmməd Əmin Rəsulzadə haqqında dediklərinə nəzər salaq:
“Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!”
Bayrağın nə demək olduğunu bilən yalnız və yalnız türk millətidir. Hörmətli Mirəziz Əzizova əlavə qeyd:
Azərbaycan xalqı daima şanlı tarixi ilə fəxr etmiş, bu tarixi ilə qürur duymuşdur. Çünki bizim şanlı tariximiz, xalq olaraq, xalqın içindən dəfələrlə lider yetişdirməyi bacardığımızı sübut edib! Əgər belə olmasaydı, dəfələrlə əsarət altından xilas olaraq, öz mütəqilliyimizi bərpa edə bilməzdik. M.Ə.Rəsulzadə müstəqil Azərbaycanın var olmasının banisidir və bu tarixi faktı danmaq heç bir azərbaycanlıya yaraşmaq. Elə bu səbəbdən də biz, hər il, 28 mayı Dövlət Müstəqillik Bayramı olaraq qeyd edirik.
Bir məsələni də sizlərin nəzərinizə çaTdırmaq istəyirik. Adını çəkmədiyimiz, çoxlarına məlum olan bir gənc, Heydər Əliyevə öz səhifəsində təriflər yazarkən, ona hətta 13-cü imam deyə xitab etmişdi. Bu böyük müzakirələrə səbəb oldu. Bunu görən “yuxarılar” həmin gənci çağırıb izah etdilər ki, bu cür təriflər nə YAP-a, nə də Azərbaycan hakimiyyətinə lazım deyil. Mirəziz Əzizov yəqin hələ də, bunun fərqində deyil. Lakin bu xalqın əsəblərini tarıma çəkmək, bu tipli mövzularda səriştəsiz şərhlər vermək heç hakimiyyətin də işinə yaramır. Necə deyərlər: qaş düzəltmək istəyərkən vurub göz çıxartmağın mənası yoxdur.
Gələk mərhum prezidentimiz Əbülfəz Elçibəy mövzusuna.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə, bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.

Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü).

Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.

Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Lakin bu layihə sonralar qəbul olunmamış qaldı.

Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi.

Ə.Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.

İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o sıradan dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi.

Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı.

Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kəndlərdə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı.


Bütün bunlar xalq və millət üçün atılmış addımlar deyilmi məyər!?

Yazını burada sonlandırmağı, qiymət verməyi isə xalqın seçiminə buraxırıq. Və bu mövzuda xalqdan gələ biləcək ən sərt reaksiyaların cavabdehi də, Mirzəziz Əzizovdur ki, nə qədər böyük bir siyasi səhvə yol verdiyini gec-tez anlayacağını ümid edir və tarix dərsliyini oxumağa başlayacağı təqdirdə Allahdan zehin açıqlığı diləyirik!
Tarix: 30-10-2017, 07:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}