İşğalçıya daha bir Qarabağ ismarışı - “Nə qədər gec deyil...”

İşğalçıya daha bir Qarabağ ismarışı - “Nə qədər gec deyil...” Türkiyə prezidentinin Bakıdan İrəvana göndərdiyi xəbərdarlıq mesajının arxasındakı əsas hədəf; “Qarabağ yükü” düşmən ölkənin xarici borclarını da sürətlə artırır...

Ermənistan özünün işğalçı siyasəti üzündən daha bir iri regional layihədən kənarda qaldı. Təcavüzkar ölkədən yan keçən və onun tranzit ölkə roluna növbəti ciddi zərbə olan Bakı-Tiflis-Qars dəmir yolu da işə düşdü (ona “Dəmir İpək Yolu” da deyilir). Aydındır ki, İrəvanın Azərbaycana qarşı işğalçılıq siyasəti bitməyincə, qardaş Türkiyəyə qarşı uydurma soyqırım və torpaq iddiaları davam etdikcə, təcavüzkar ölkə bundan sonrakı layihələrdən də kənarda qalacaq.

Bu fonda Ermənistanla sülh danışıqlarının da anlamı qalmır əslində. Necə ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu - Cenevrə görüşü də işğalçı tərəfin barışmaz mövqeyi üzündən nəticəsiz bitdi. Hərçənd ATƏT-in Minsk Qrupunun həmsədrləri belə görünür ki, öz ümidlərini itirməyiblər, yenə hansısa görüşün təşkilinə çalışırlar. Amma buna dəyərmi, əgər onların özləri də problemə yanaşmada ədalət prinsipinə söykənmirlərsə və üstəlik, faktiki surətdə ermənilərin gizli təəssübkeşi kimi çıxış edirlərsə?

Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərin noyabr ayının ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünün nəzərdə tutulduğunu bildirib. Lakin o, görüşün dəqiq tarixinin və yerinin hələlik müəyyənləşmədiyini söyləyib. Nazir onu da qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilib-keçirilməyəcəyi həmsədrlərlə görüşdən sonra məlum olacaq.

*****

Bütün hallarda Dağlıq Qarabağ məsələsində Azərbaycan təbii ki, ilk növbədə beynəlxalq hüquqa, sonra isə dost-müttəfiq və tərəfdaş ölkələrə güvənir. O sırada əlbəttə ki, qardaş Türkiyə, Pakistan, İsrail ön yerdə gəlir. Xüsusən də işğalçı Ermənistanla bu günədək heç bir diplomatik və başqa əlaqə qurmayan (Pakistan Qarabağ konfliktinə görə Ermənistanı, ümumiyyətlə, dövlət kimi tanımır) iki dövlət - Türkiyə və Pakistan gerçəkdən də Qarabağ dərdini öz dərdi sayır, bu məsələdə bizimlə eyni mövqedədir. Eyni yanaşma beynəlxalq təşkilatlarda özünü vaxtaşırı göstərir.

“Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim də qanayan yaramızdır. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər əfsuslar olsun ki, bu məsələ həll oluna bilməyəcək”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya son səfəri öncəsi, APA, “Trend” və AzərTAc-a müsahibəsində deyib.

Türkiyə lideri bildirib ki, Azərbaycanın ərazisi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhal son qoyulmalıdır. “Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz”, - deyə prezident qeyd edib və Minsk Qrupu başda olmaqla, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal işləməyə səsləyib. “Biz hər məsələdə olduğu kimi, bu məsələdə, Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik”, - deyə Ərdoğan əlavə edib.

*****

Bu açıqlama sözsüz ki, həm də təcavüzkar Ermənistanın havadarlarına ünvanlanıb və xəbərdarlıq ismarışıdır. Türkiyə lideri bununla bir daha açıq və “net” şəkildə İrəvana çatdırıb ki, Qarabağ ixtilafı Azərbaycanın torpaq bütünlüyü və suverenliyi çərçivəsində həllini tapmayınca Ermənistan qonşu dövlətlərlə, xüsusən də Türkiyə və Azərbaycanla normal əlaqələrə, iqtisadiyyatının inkişafına ümid bəsləməməlidir.

Deyəsən, işğalçı ölkədə bu acı gerçəyin və perspektivin fərqində olanlar, hər halda, yox deyil. Məsələn, Ermənistan mediası istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolu xəttinə gələcəkdə Ermənistanın da qoşula biləcəyini yazıb. Lakin sözügedən iddianın nə qədər mümkün olub-olmadığı barədə axar.az-a danışan politoloq, deputat Rasim Musabəyov hesab edir ki, bu, yalnız Ermənistan Azərbaycanın qoyduğu şərtlərə əməl etdiyi təqdirdə mümkün ola bilər.

“Gələcəkdə nə üçün Ermənistan da bu xəttə qoşulmasın?! Azərbaycan tərəfi bundan öncə də dəfələrlə vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çəkiləndən və müharibə bitəndən sonra Ermənistan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinə qoşula bilər. Ancaq indiki halda, sabitliyin pozulduğu bir vaxtda bunun o qədər də real göründüyünü düşünmürəm”, - deyə o qeyd edib.

*****

Deməli, işğalçı ölkə Qarabağa dair ədalətli həlldən qaçdıqca vəziyyəti daha da ağırlaşacaq. O cümlədən onun sosial-iqtisadi durumu pisləşməkdə davam edəcək, ölkədən emiqrasiya sürətlənəcək, Ermənistan Rusiyadan daha güclü asılılığa, o cümlədən kredit asılılığına düşəcək, xarici borcları artacaq. Bunu erməni iqtisadçı ekspertləri də etiraf edirlər.

“Ermənistanın 2018-ci il dövlət büdcəsi optimizmə əsas vermir”. Bu sözləri panorama.am saytına müsahibəsində erməni iqtisadçı Mesrop Arakelyan deyib. Onun sözlərinə görə, bu cür büdcə ilə ölkədə gələn il də təqaüd və maaşlar artmayacaq. “Ölkənin borcu 7 milyard dollara çatacaq. Bu isə çox ciddi rəqəmdir”, - deyə o xatırladıb.

Qeyd edək ki, iyun ayında Ermənistan Milli Statistika Komitəsi ölkənin borcunun 6,95 milyard dollara çatdığı haqqında informasiya yaymışdı. Dövlət borcunun 4,373 milyard dollarlıq hissəsi xarici borcun payına düşür. Ermənistanın Mərkəzi Bankının borcu 550,9 milyon dollar olub. Dövlət borcunun ümumilikdə hökumətin payına düşən hissəsi isə 5,544 milyard dollar təşkil edib. Ermənistanın daxili borcu may ayında 1,170 milyard dollar olub.

*****

Heç şübhəsiz ki, bu borclar indiki səviyyədə qalmayacaq və böyüyəcək. Səbəb sadədir və yuxarıda da deyildi: çünki Ermənistan özü-özünü normal iqtisadi inkişaf perspektivindən məhrum edib. Demək, özü də ilk növbədə öz başına çarə qılmalıdır. Yolu bəlli. Onu bir daha Türkiyə prezidenti açıq şəkildə Bakıda dilə gətirib. Yəni zaman ermənilərin xeyrinə işləmir. Bəlkə də hələ gec deyil...
Tarix: 1-11-2017, 10:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}