Evakuatorların yığdığı milyonlar ciblərə axır: DYP-nin ləğvi təklif edilir: “Vəsaiti pay-püş edirlər"


Hesablama Palatasının 2016-ci il üçün hazırladığı illik hesabatında göstərilib ki, son bir il ərzində evakuasiya xidmətindən dövlət büdcəsinə köçürülən məbləğin həcmi 42 min 80 manatdır. Bu, 2104 maşının cərimələnməsi deməkdir.

Üzə çıxarılan bu rəqəmlər ictimaiyyətdə ciddi müzakirələr yaradıb. Göstərilən rəqəmlərin həqiqəti əks etdirmədiyi söylənilib. Ekspertlərin qənaətinə görə, il ərzində evakuasiya xidməti yüz minlərlə avtomobili cərimələyir və bundan külli miqdarda vəsait yığılır. Bu baxımdan Hesablama Palatasının göstərdiyi rəqəmlər reallıqdan kənardır.

Məlum olduğu kimi, sürücülər qayda pozuntusuna görə cərimə olunmaqla yanaşı, onlardan evakuasiya xidmət haqqı olaraq ən azı 20 manat alınır. Ekspertlərin fikrincə, hər gün təxminən 100-200 arası avtomobildən tutulan evakuasiya xidməti haqqı toplam 4 min manat edir. Bu göstəricini aya və ilə vurduqda ortaya olduqca böyük məbləğ çıxır. Halbuki rəsmi qurumlar il ərzində 2100 avtomobil sürücüsünün bu qaydanı pozduğuna görə cərimələndiklərini bəyan edir. Belə çıxır ki, gün ərzində 15-17 avtomobil sürücüsü buna görə cərimələnir. Bu isə inandırıcı deyil. Əslində müşahidələr də ekspertlərin qənaətini təsdiqləyir.

Maraqlıdır, evakuasiya xidmətindən yığılan pullar hara gedir? Bu pullar harada toplanır, həmin vəsaitdən büdcəyə nə qədər köçürülür?

Rəsmi qurumlar əlbəttə ki, bu sualları cavablandırmaqdan yan keçir, ekspertlər isə məsələ ilə bağlı fərqli mövqelərdən çıxış edir.

İqtisadçı-ekspert Nazim Bəydəmirli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda evakuasiya xidmətinin küçələri tənzimləməsi, parkomatların qoyulması, o cümlədən Dövlət Yol Polisinin nəzdində yaradılmış “Siqnal” MMC-nin fəaliyyəti insanları çox narahat edir:



“Onlar faktiki olaraq bir neçə ildir ki, “maşın oğurluğu” ilə məşğuldurlar. Bunların məqsədi yol hərəkəti qaydalarına riayət olunması deyil. Elektron formada cərimə yazmaq qaydası tətbiq olunub. Sadəcə olaraq, yol polisi və yaxud digər xidmət düzgün park olunmayan avtomobilə cərimə yaza bilər. Cərimə də istənilən halda bazaya oturur və birbaşa büdcəyə də gedə bilər. İl ərzində on minlərlə avtomobil duracaqlara aparılır və onların əksəriyyəti qeydiyyata düşmür. Beləliklə, bu işi təşkil edən və şəbəkəyə daxil olan digər şəxslər, eləcə də Dövlət Yol Polisinin rəhbərliyi də bundan məlumatlıdır. Vəsaiti sadəcə olaraq pay-püş edirlər və dövlət büdcəsinə heç bir qatqısı olmur. Evakuasiya xidmətindən il ərzində büdcəyə 42 min 80 manat vəsaitin köçürülməsi inandırıcı deyil”.

Ekspertin fikrincə, bu sahədə islahat aparılmalıdır: “Gürcüstanda olduğu kimi yol polisi xidməti yenidən təşkil olunmalıdır. Bu qurumu ləğv edib, şəffaf hala gətirmək lazımdır. Bir neçə dəfə özüm şahidi olmuşam ki, yol polisləri müxtəlif bəhanələrlə vətəndaşları incidirlər. Onların məqsədi cərimə yazmaqdır. Bu da ciddi narahatlıq yaradır. Hesab edirəm ki, qanunda cərimə yazanlara müxtəlif mükafatlandırma sistemi var. Ancaq onların maaşı orta səviyyədən yüksək olsa belə, onlar bu rüşvətə öyrəşiblər. Bu baxımdan onlar belə sxemlərdən istifadə edib, dövlət büdcəsindən vəsait yayındırırlar. Məqsəd heç də qanunun tətbiq olunması deyil, ondan sui- istifadə edib vətəndaşlarda narahatçılıq yaratmaq və bir sözlə mənimsəməkdir”.

Yol-nəqliyyat eksperti Ərşad Hüseynov da il ərzində 2104 avtomobilin cərimələnməsinin reallığa söykənmədiyini deyib:

Evakuatorların yığdığı milyonlar ciblərə axır: DYP-nin ləğvi təklif edilir: “Vəsaiti pay-püş edirlər"

“Onu deyə bilərəm ki, rəqəmlər reallığı əks etdirmir. Amma bu vəsait niyə, necə, hara gedib, harda qalıb -deyə bilmərik. Evakuasiya xidmət haqqı olaraq sürücülərdən yerindəcə 20 manat cərimələnməsi də bir yanlışlıqdır. Məsələlərə yenidən baxılmalıdır. Qanunvericilikdə hər şey qaydaya salınmalıdır ki, nağd ödəniş olmasın. Bu, nağdsız formada dövlət büdcəsinə transfer olmalıdır. Üstəgəl bu xidmət qanunauyğun formada tənzimlənməlidir”.

Alçina Amilqızı
Tarix: 10-01-2018, 20:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}