Azmanlarla azmışların savaşı

Azmanlarla azmışların savaşı
Xaliq Bahadır

Hardan gəlib hara çıxdıq? Biz 30 il qabaq dünyanı titrətmiş Azadlıq Meydanını yaradan xalqıq. İndisə meydançada da deyil, balaca bir cız içində vuruşanlarıq: özü də başqalarıyla deyil, özümüz özümüzlə. Xalq hərəkatının başına çıxarılmış bir sıra dəyərsiz “liderlər”, onların transformasiyasına uyğun olaraq qurulmuş indiki rejim bizi gətirib bu yerə çıxardı. İndi adam oturub-durub yana-yana özü özündən soruşmalı olur: “Hardan hara gəlib çıxdıq?!”

Kərəamət adında (özünü Böyükçöl adlandırır) bir gənc yazar Xəlil Rza Ulutürkü aşağılayan yazı yazmışdı. Yer-yerdən üstünə tökülüşdülər. İndi, deyilənə görə, ortada “üzr” istəmək kimi bir nəsnə var. Düzünü bilmirəm, o üzdən də burası mənlik deyil. Mənlik olanı (başqa cür desək, mənim bildiklərim, bildirə biləcəklərimlə bağlı olanı) Əkrəm Əylisli, Kəramət kimi düşünənlərin burada necə olması, ola bilməsidir.

Tanınmış ordu adamı Nazim Bayram indiki Kəramət olayı ilə bağlı status yazıb. Statusunda Xəlil Rza Ulutürkün bəlli çalışmalarına yüksək dəyər verib – çox düzgün olaraq. Komentlərdə onun bu dəyərləndirməsinə qarşı çıxanlar var. Necə? Əkrəm Əylislinin “Daş yuxular”da Xəlil Rzanı “dəyərləndirməsi” kimi. O komentlərdən birinə Nazim bəyin yanıtından bir parçaya baxaq: “Deyirsiniz, etiraf edək ki, bizdə də olmuşdu… Mən inkar etmirəm də. Ancaq cavab reaksiyanı impulsla ardıcıllığını səhv yerləşdirmək, bərabər bilmək məntiqsizlikdi. Özü də qat-qat zəif reaksiya. Kaş, vaxtında hamımız Xəlil Rza olaydıq. Vətənə yalnız fanatik sevgilə o imtahanı verə bilərdik. Verə bilmədik. Və bu gün də düşmən qarşısında sıralarımızı nəzəri şeylərlə zəiflətməyə davam edirik. Ədalətsizliyə məruz qalmış biz, torpağımız işğal olunmuş biz, hələ bizi də “yola gətirirlər”. Yəni bütün bu “daxilimizdə qurtdalanmaların” praktiki nəticəsi budur. Başqa praktiki nəticə yoxdur. Rasional ağıl buna üsyan edir”.

Olduqca düzgün, önəmli baxışdır: “xalq yazıçısı” Əkrəm Əylislinin, başqa birilərinin indiyədək yağıcasına anlayışla yanaşdığı çox düzgün, çox önəmli baxış!

Biz ermənilərə ocağımızın başında yer verdik. Babalarımızın min illərdən bəri qanları-canlarıyla qoruyub saxladıqları yurdumuza ortaq elədik erməniləri. Qazancımız nə oldu? Yaxın-uzaq imperialist güclərlə ilişkilər qurmaqla, onlardan yardım almaqla ermənilər terror, qanlı qırğın yoluyla Azərbaycan coğrafiyasında özlərinə ölkə yaratmağa, dövlət qurmağa girişdilər. Böyük güclərə arxalanan ermənilər bizi Qarsdan Qubayadək qırdılar. Bunlar azmış kimi, onlar Antanta güclərinə (başlıca olaraq rus-ingilis gücləri) arxalanaraq Güney Azərbaycanın Maku-Urmiya bölgəsində də böyük qırğınlar törətdilər. Biz o saysız, azğın-acımasız qırğınları çox tez unutduq! Onlar haçaq olmuşdu? 20-ci yüzililiyin başlanğıc çağlarında. Unutduq, keçmiş olsun, dedik. Yox yerdən erməniləri özümüzə od-ocaq, yer-yurd qonşusu sayıb dostluq yaratdıq.

Sonrası necə oldu? 20-ci yüzilliyin sonlarında ermənilər ələ OLANAQ-GİRƏVƏ düşdüyünü görüncə bizi yenidən qırmağa, doğma yurd-yuvamızdan qovmağa başladılar: “Ermənistan”dakı qırğınlar, Qarabağdakı qırğınlar, Sumqayıt olayları, 20 Yanvar qırğını, Xocalı soyqırımı… O başdan bu başa bütün bunlarla – erməni terroru, erməni qırğınları ilə bağlı bizim etdiklərimiz yalnız, yalnız, yalnız ÖZ ÖLKƏMİZDƏ – ÖZ EVİMİZDƏ ÖZÜNÜQORUMA xarakteri daşıyıb. Bu isə ULUSLARARASI HÜQUQ NORMALARININ DOĞRULADIĞI prinsipdir!

Əkrəm Əylisli başda olmaqla, birilərinin bizi də bu ölüm-dirim savaşında qatqılı-suçlu saymaları AQRESSORLA AQRESSİYAYA UĞRAYANI bir gözdə görməyə, bir gözdə tutmağa yönəlik CİNAYƏT faktıdır. Mənim gerçək dövlətim, o dövlətə bağlı məhkəmə-hüquq sistemim olsaydı, kimliyindən asılı olmayaraq, bu sayaq cinayətə yol verənlər qarşılıqsız qalmazdılar. Belə cinayətlərin qarşılıqsız qalması yalnız erməni terrorizminə arxa durmaq deyil, eləcə də ona kart-blanş verməkdir!..

Əkrəmin “Daş yuxuları” çaş yuxular idi, ancaq bizdəki biriləri yersiz liberalızmlə ona “bədii əsər” donu geyindirməyə çalışdılar. Çağında yazmışam, bir daha yazıram: öz xalqını, onun dəyərli oğullarını bütünlüklə yersiz yerə suçlayıb-aşağılamağa yönəlik nə varsa, yasadışıdır. O cızma-qarasında Azərbaycanla bağlı yalnız aşağılama yolu tutan Əkrəm erməni kilsəsini öyüb göyə qaldırır – yüzillikllər boyunca erməni terrorizminin, erməni qaniçənliyinin, ermənilərin Türlklüyə sonsuz düşmənçiliyinin ideoloji yuvası – qaynağı olaraq tanınan qriqorian kilsəsini!

Xəlil Raza faktoru

Mən Xəlil Razanı ötən yüzilliyin 70-ci illərindən, bizim tələbəlik illərimizdən, tanımışam. Xəlil Rza o çağların Azərbaycan gəncliyinin yetiişməyində – yurdsevər gənclik olaraq yetişməyində! – olduqca önəmli rol oynayıb. Xəlil Rza bizə – o çağların Azərbaycan gəncliyinə – ulusal gəlişmə yönündə kimsənin demədiklərini deyib, kimsənin öyrətmədiklərini öyrədib. O çağlar “Bütöv Azərbaycan”, “Türk birliyi”, “Turançılıq” ideyalarını bizə ən çox aşılayan Xəlil Rza olub. Biz ən güclü ulusal elektriki Xəlil Rzadan almışıq.

Ermənilərin Qarabağda başladıqları, Sumqayıtda gerçəkləşdirdikləri qırğınlarla bağlı “partiya və hökumətimiz” qorxutmayla susqunluq yaradırkən Xəlil Rza bütün ölkəni yerindən oynadacaq hayqırtılarda bulunurdu. 80-nin sonlarında, görünür, ermənilərin əl işi olaraq SSRİ-nin dörd bir yanından Azərbaycana əskər ölüsü daşınanda, yenə susmayan Xəlil Rza idi. Biz onda Xəlil bəylə Bakının bir çox yerlərində, eləcə də Biləcəridə (çağırış məntəqəsi önündə) çoxlu mitinqlər keçirirdik. O çağlar indi yaxşı tanınan çoxları susmağa üstünlük verirdi…

Əskər ölümləri ilə bağlı keçirdiyimiz mitinqlərin biri (Ali Sovetin qarşısında) gəncliyin televiziyaya yürüşü ilə sonuclandı. Televizyada uzun-uzadı dartışma oldu. Komitə sədri Elşad Quliyev əlaltıları ilə birgə Xəlil bəyi çox asanlıqla aldadıb ələ almışdı. Mən E.Quliyevin yalanlarının üstünü açandan sonra ara qarışdı. Aldadıldığını görən Xəlil Rza coşdu, Elşad Quliyevin ürəyi getdi…

Televiziyadan çıxanda Xəlil bəy onunla getməyimi istədi. Ayaqla üzüaşağı yol aldıq. Axundov bağınadək dinib-danışmayan Xəlil bəy bağın yanından keçirkən birdən ayaq saxladı, azacıq gülümsünməklə: “Sən Qurd oğlu Qurdsan, igid!”, – dedi, sonra da: “İrəli!” O gün biz iki gərgin mitinq keçirmişdik, ardınca da Elşad Quliyevin kabinetində ürəkkeçməli dartışma olmuşdu…

Xəlil Rza özünün sonsuz Azərbaycan-Türk sevgisi, bu sevgiyə bağlı tükənməz, aşıb-daşan enerjisiylə böyük bir ordunun işini görə bilən kimsə, taysız tribun idi. Onun oğlu Təbrizlə bir yerdə – Dövlət Teleradio Verilişləri Komitəsində işləyirdik. Xəlil Rza Ulutürk oğlu Təbriz könüllü olaraq Qarabağ uğrunda savaşa yollandı. Əskəranın Xramort kəndində şəhid oldu. İş elə gətirdi, cansız Təbrizi iki günlük uzun-uzadı danışıq sonucunda ermənilərdən alanların arasında mən də oldum. Təbriz enlikürək, sağlam bir oğlan idi. Xəlil Rza onu özü kimi – Azərbaycan üçün böyüdüb – yetişdirmişdi!

Özümlə bağlı indilik qısaca bunu deyə bilərəm: Qarabağ uğrunda başlanğıcdan sonadək savaşanlardan olmuşam: yalnız ideoloji olaraq yox, savaş üçün gərəkən bir sıra başqa yardımlarla da…

Xəlil Rza ilə mənim ilişkilərim onun H.Əliyevə “Atatürk” deməsindən sonra kəsildi. Xəlil Rza bir uşağın da asanlıqla aldada biləcəyi Türk kişilərindən idi. O, aldanmışdı; bunu sonralar özü də boynuna aldı…

Kəramət nə Kəramət

Günlərin bir günü Azadlıq radiosuna çıxışa çağırılmışdım. Məni mikrofon qarşısında oturdan aparıcı sağ mikrofonun qarşısında oturmuş uzunsaç oğlanı göstərib soruşdu: “Siz tanış deyilsiz?” – “Yox”, – dedim. “Elə isə tanış olun, – dedi, – gənc yazar Kəramət Böyükçöl”. Sözsüz, mən Kəraməti belə tanısaydım, çox yaxşı olardı, ancaq, başqa cür tanıyası oldum.

Necə oldusa Kərəmət oradaca mənə yeni yazdığı “romanından” danışdı. Onun danışdıqları məni az qala şok etdi. Dediyinə görə, Qarabağ savaşından yazdığı romanın qəhrəmanı Koroğlu adında bir oğlandır. Könüllü Qarabağ savaşına qatılan Koroğlu, Kəramətin danışdığına görə, böyük qəhrəmanlıqlar göstərir, çoxlu erməni öldürür, ancaq, sonda nə bəlli olur? Sən demə, Koroğlunun gerçək istəyi Qarabağ uğrunda savaşmaq deyil, savaşa-savaşa gedib Kəlbəcər qızılını ələ keçirmək imiş. Tfu! Yaşıdları Qarabağ uğrunda savaşda şəhid olmuş bir Azərbaycan gəncinin qondarma, qurama yaradıcılıq örnəyi! Yuxarıda özümlə bağlı bir neçə sözü buna görə deyəsi oldum. Başlanğıcdan sonadək Qarabağ uğrunda savaş yoçularından olmuşdum. Bir-birindən üstün necə igidliklər, necə qoçaqlıqlar görmüşdüm – hamısı da könüllü: KÖNÜLLÜ döyüşlər, KÖNÜLLÜ ÖLÜMƏGETMƏLƏR!..

Koroğlu adına gəlincə, Kəramətin yazar uğursuzluğu bu ad seçimində də özünü göstərmişdi. Mənə bu adla bağlı onun bilmədiyi fakt bəlli idi.

Televiziyada İnformasiya studiyasının direktoru işlədiyim çağlarda arxiv düzəltdirmiş, Qarabağ savaşı ilə bağlı əlimdə olan çoxlu sayda bir-birindən dəyərli çəkilişi o arxivə vermişdim. O çəkilişlərin arasında Ağdərə döyüşlərini yansıdan biri vardı: hardan hara uzanıb gedən səngər erməni döyüşçülərinin ölüsüylə dolu, aralarında Afrikadan olduqları açıq görünən qaralar da var. Lap sonda yekəpər, Koroğlu bığlı bir Azərbaycan döyüşçüsünün arxası üstə cansız bədəni! O kim idi? Qızğın bir döyüşdə çoxlu erməni öldürmüş, sonda özü də vurulmuş… Koroğlu Qasımov! İndi onun adına Bakıda küçə var – Koroğlu Qasımov küçəsi! Bir çox Azərbaycan oğulları kimi o da Qarabağ uğrunda savaşa qızıl ələ keçirmək üçün getməmişdi, Qarabağ üçün getmişdi… Qarabağla qaldı!

P.S. Su axar, çuxurun tapar: Kəramətin dediyinə görə, Əkrəm Əylisli onun romanını bəyənib.
Tarix: 20-01-2018, 08:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}