“GİZLİ İQTİDAR DÜŞMƏNİ” HANSI SƏFİRDİR? – “Xüsusi xidmət orqanları müəyyən ediblər ki…”

 

Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat Hüseyn Abdullayevi, gözlənildiyi kimi, Avropada Azərbaycan hakimiyyəti əleyhinə təhqir kampaniyasının təşkilatçılarından biri olmaqda ittiham edirlər. Artıq hökumətə yaxın KİV-lərdə “Quska” Ləqəbli Abdullayevin həbsi və Avropadakı fəaliyyəti, keçmiş və indiki əlaqələri haqda məlumatlar tirajlanmağa başlayıb.
Məsələn, Musavat.com-un iddiasına görə, Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan Hüseyn Abdullayev vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başlayıb. Çoxsaylı evlər alıb, təmir etdirəndən sonra onları kirayəyə verən, ayrıca, eyni işi Avstriyada da həyata keçirdən Hüseyn Abdullayev bu iki ölkədə kiçik zavodlar da açıb. Barəsində beynəlxalq axtarış dayandırılandan sonra isə sabiq deputat bir sıra Qərb dövlətləri ilə yanaşı, Türkiyəyə də ayaq açıb. Orada da özünün biznesini yaratmağa başlayıb. H.Abdullayev Türkiyədə daha çox inşaat sektoruna yatırım edib və artıq bu ölkədə özünün ofisini qurub. Onun ofisində həm də Hüseyn Abdullayevin sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirdən qrup da fəaliyyət göstərir. “Hüseyn Abdullayev Almaniya hökumətinin verdiyi pasporta o qədər güvənirmiş ki, özünün hansısa bir ölkədə həbs olunaraq Azərbaycana verilə biləcəyini ağlına da gətirmirmiş. O, ötən ilin yay tətilini anası və digər yaxınları ilə bərabər Ağdəniz sahillərindəki otellərdən birində keçirdib. Müntəzəm olaraq Türkiyəyə gedib-gələn Hüseyn Abdullayev bu ölkədə Azərbaycandan gələn tərəfdaşları və ölkəmizdəki “kuratorların” adamları ilə görüşür, təlimat alır, ya da özünə yaxın tərəfdarlarını qəbul edərək, müvafiq təlimatlar verirmiş. Təbii ki, bu haqda Azərbaycan hakimiyyətinin xəbəri olub. Lakin hər hansı bir skandal yaratmamaq üçün Azərbaycan istintaq orqanları onu Türkiyədə həbs etməyiblər”.
Saytın iddiasına görə, hakimiyyət H.Abdullayevə münasibətdə təmkin nümayiş etdirib. O zamana qədər ki, Avropada yeni peyda olan “söyüş müxalifəti”nin H. Abdullayevlə və onun Bakıdakı “kurator”larla birbaşa əlaqələri üzə çıxıb. Sitat: “Azərbaycan xüsusi xidmət orqanları müəyyən ediblər ki, Avropadakı “söyüş müxalifəti”ni də, Əli Kərimlinin Avropa ölkələrindəki qruplarını da “Quska” ləqəbli Hüseyn Abdullayev üzərindən maliyyələşdirir və koordinasiya edirlər. Bu koordinatorlardan biri Azərbaycanın sabiq baş naziri Abbas Abbasovdur. İddialara görə, digər bir gizli iqtidar düşməni Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simadır. Bu qruplaşmanın mərkəzi isə Bakıda yerləşirmiş. Hazırda istintaq H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır”.
 
Təqdim etdiyimiz bu abzasda ən diqqətçəkən məqam, şübhəsiz ki, “Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış sima”nın “gizli iqtidar düşməni” adlandırılmasıdır. Kimdən söhbət gedir?
“AzPolitika” bu istiqamətdə kiçik araşdırma aparıb. Əldə olunan müəyyən məlumatlar və təhlillər belə iddia etməyə əsas verir ki, “gizli iqtidar düşməni” deyə təqdim olunan səfir, sabiq baş prokuror, hazırda Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov ola bilər. Ümumiyyətlə, xeyli vaxtdır ki, müəyyən çevrələr E.Həsənovun gizli anti-iqtidar fəaliyyəti içində olduğu, Azərbaycanda hakimiyyəti ələ keçirmək istədiyi, “ən təhlükəli rəqib” olduğu rəyini yaratmağa çalışırlar. Bu iddiaların müəllifləri əmin etmək istəyirər ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində baş verənlərin pərdəarxasında da E.Həsənov var idi. İndi isə o, “söyüş müxalifəti”, Abbas Abbasov, Hüseyn Abdullayev kimi iqtidar düşmənləri ilə işbirliyi içindədir. Bu fikirlərin nə dərəcədə əsaslı olduğunu demək çətindir. Amma hər halda əksəriyyətin fikri bundan ibarətdir ki, E.Həsənov iddialıdır, Azərbaycana qayıtmaq niyyətindədir və durmadan bu istiqamətdə aşkar-gizli çalışmalar içindədir. Onun sərbəstliyi, tez-tez müsahibələr verməsi, bəzən hətta diplomatik çərçivəni aşan açıqlamaları isə keçmiş baş prokuroru Azərbaycanda görmək istəməyənlərin narahatlığını daha da artırır.
 
Müşahidələr belə deməyə əsas verir ki, E.Həsənovu hətta Eldar Mahmudovla əlaqələndirmək cəhdləri də var. Yuxarıda barəsində danışdığımız və təsadüfi hesab etmədiyimiz yazıda da belə eyhamlar var. Müəllifin fikrincə, Hüseyn Abdullayev çox tezliklə istintaqla əməkdaşlığa gedəcək. Sitat: “Bu da o deməkdir ki, indiki hakimiyyətin müəyyən eşelonunda yer alan bəzi məmurların, eləcə də iqtidardan uzaqlaşdırılan bir sıra oliqarxların “başları” gedəcək. Onlardan biri də sabiq təhlükəsizlik naziri Eldar Mahmudovdur.
Eldar Mahmudov hələ nazir olarkən H.Abdullayevin əsas kuratoru olub. Sirr deyil ki, Hüseyn Abdullayev 2005-ci ildə parlamentə Eldar Mahmudovun siyahısı üzrə düşə bilmişdi. Onun parlamentdə hakimiyyətin qüdrətli məmurlarına qarşı məlum çıxışlarının tezislərinin də Mahmudovun nazirliyində hazırlandığı iddia olunur. 2007-ci ildə həbsindən sonra onun “yüngül srok”la azadlığa buraxılmasında da bu gün kuratoru kimi adıçəkilən Eldar Mahmudovun birbaşa rolu olub. Bundan başqa, Hüseyn Abdullayevin Qərb dövlətlərindən birinin ölkəmizdəki səfiri ilə də münasibətləri, əlaqələri haqda bilgilər var. Sabiq deputatın həmin səfirin derektivləri ilə çıxışlar etdiyi də iddia olunur. Mümkündür ki, Hüseyn Abdullayevə qarşı yaxın zamanlarda vergi cinayətləri ilə yanaşı, digər ittihamlar da irəli sürüləcək. Onun cinayət işində sürpriz isimlərin olacağı da dolaşan xəbərlər sırasındadır”.
Tarix: 25-04-2018, 15:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}