Mübarizə “giriş qapısı”ndan başlayır: Rüşvət və korrupsiyaya qarşı müharibə elanı...


İstənilən sahədə korrupsiyanın mövcudluğu ölkədə hüquqi dövlət quruculuğuna mane olur. Eyni zamanda demokratik prinsiplərin inkişafına əngəl yaradır və iqtisadi, sosial inkişafa kölgə salır.

Azərbaycanda korrupsiyaya qarşı mübarizədə əsaslı addımlar atılsa da, müəyyən nöqsanların mövcudluğu istisna edilmir. Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev növbəti dəfə bu sahədəki nöqsanların aradan qaldırılması ilə bağlı sərt bəyanatla çıxış edib. PA rəhbərinin sərt münasibəti Azərbaycan hökumətinin prosesin dərinləşdirəcəyini söyləməyə əsas yaradır. 

Belə ki, Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən "rüşvətxorluğa son qoyulmalıdır" deyərək bir daha bu sahədə mübarizənin güclənəcəyinə işarə edib. O, ölkə başçısı İlham Əliyevin Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə müəyyən iradlar tutduğunu bildirib və bu nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb: “Möhtərəm Prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”. 

Məsələ ilə bağlı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Cebhe.info-ya açıqlamasında deyib ki, Ramiz Mehdiyevin sərt bəyanatı yaxın gələcəkdə islahatların, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da dərinləşdiriləcəyinə dair prezidentin müəyyən etdiyi strategiyadan irəli gələn çağırışıdır:

“Yəni, prezidentin müəyyən elədiyi kursa əməl etməklə, bu istiqamətdə islahatların dərinləşdiriləcəyi, eləcə də inzibati yollarla mübarizənin daha da sərtləşdiriləcəyindən xəbər verilir. Eləcə də idarəçilik sisteminin özünün təkmilləşdirilməsi, yeni metodların tətbiqi hesabına rüşvətxorluq və korrupsiya ilə mübarizədən söhbət gedir. Bunun ən bariz nümunəsi Azərbaycanda ASAN Xidmət vasitəsilə insanlara və müəssisə, təşkilatlara göstərilən xidmətdir. Artıq növbəti ilə Asan Xidmət müəssisələrinin sayı 20-yə çatdırılacaq. Hesab edirəm ki, bu sahədə işlər daha da dərinləşdiriləcək.  Bir çox nazirliklərin, təşkilat və komitələrin, yəni insanlarla təması olan dövlət qurumlarının mümkün ola biləcək bütün fəaliyyətləri ASAN Xidmətə veriləcək. İnsanlar daha asan və mümkün üsullarla bu xidmətlərdən yararlanacaqlar”. 

Ekspert əlavə edib ki, Ramiz Mehdiyevin bu açıqlaması ölkə prezidentinin müəyyən etdiyi strategiyadan doğan bəyanatdır: “Bu, prezidentin andiçmə mərasimində ortaya qoyduğu strategiyadır. Əslində bu starategiya çoxdan müəyyənləşib. Hələ 2015-ci ilin sonlarında qeyri-neft sektorunun inkişafı ilə bağlı qərarların qəbul edildiyi bir dönəmdə prezident bu sahədə sərt addımların atılmasına rəvac verdi. Həmin vaxtdan bu yana bir çox işlər görülüb, islahatlar aparılıb. 7 il ərzində də bu istiqamətdə işlərin dərinləşdiriləcəyi gözlənilir”. 

Alçina Amilqızı
Cebhe.info

Tarix: 25-04-2018, 16:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}