Rəşad Həsənov: “DSMF hesabatlılıq, ictimai nəzarət baxımından ən zəif qurumlardan biridir”


“Fondunun gəlirlərinə təsir edən digər məqam qurum əməkdaşları arasında korrupsiyaya meylliliyin geniş yayılmasıdır”

Ötən sayımızda məlumat verdiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondundan iri həcmdə vəsaitlərin yoxa çıxmasına dair məlumatlar yayılmaqdadır. Faktın üstünün hüquq-mühafizə orqanları tərəfindən açıldığı və hazırda bununla bağlı tədqiqat aparıldığı da gələn məlumatlar arasındadır.

Onu da qeyd edək ki, DSMF-nin fəaliyyəti heç zaman şəffaflıq baxımından müsbət qiymətləndirilməyib. İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Fond şəffaflıq və hesabatlılıq, ictimai nəzarət baxımından ən zəif qurumlardan biridir: “Bu vəziyyət Hesablama Palatasının hesabatlarında da əksini tapır. Həmin hesabatlara görə, ümumiyyətlə, pensiya məbləğlərinin müəyyənləşdirilməsindən tutmuş, pensiya hüququnun verilməsi, məcburi dövlət sosial sığorta ödənişlərinin həcminin müəyyən edilməsi, bağlanan və açılan iş yerləri üçün müvafiq əməliyyatların aparılması kimi istiqamətlərdə ciddi problemlər var. Bəzi hallarda Vergilər Nazirliyinin açıqladığı rəqəmlərlə Sosial Müdafiə Fondunun məlumatları arasında ciddi ziddiyyətlər yaranır. Birbaşa Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə təsir edən digər məqam Fondun qeyri-adekvat fəaliyyəti, qurum əməkdaşları arasında korrupsiyaya meylliliyin geniş yayılmasıdır. Fond əksər özəl müəssisələrdə illeqal əmək bazarının formalaşmasına qeyri-rəsmi ödənişlər qarşılığında göz yumur. Bu isə sosial müdafiə yığımlarının həcminə mənfi təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 4,8 milyona yaxın məşğul əhali var. Amma bunlardan cəmi 1,6 milyonu muzdlu əməklə məşğuldur. Bunun da 800 mindən çoxu dövlət müəssisə və təşkilatlarında çalışanlardır. Bu prizmadan yanaşdıqda görürük ki, qeyri-dövlət sektorunda çox ciddi illeqal məşğulluq var. Əmək bazarının belə illeqal olmasında qanunvericilik, fiskal yükün ağırlığı  ilə yanaşı, tənzimləyici qurumların, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşən vəzifələri  yerinə yetirməməsi amili də mühüm rol oynayır”.

RÉÅad HÉsÉnov ile ilgili görsel sonucu

Ekspert deyir ki, vəzifələrin  yerinə yetirilməməsi həm səhlənkarlıqdan, həm də bilərəkdən baş verir: “Bütün bunlar Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığının azalmamasında mühüm rol oynayır. Bu gün Fondun büdcəsinin 38 faizi dövlət büdcəsindən transfertlər hesabına formalaşır. Baxmayaraq ki, 2017- ci ildə ”Əmək pensiyaları haqqında" qanuna ciddi dəyişikliklər edildi, üstəlik, 2016-cı ildə qəbul olunmuş pensiya konsepsiyasında əsas hədəflərdən biri də pensiya ödənişləri ilə məcburi dövlət sosial yığımlarının məbləği arasında optimallığın təmin olunması idi, 2018-ci ilin büdcəsində Fonda transfertlərin həcmi yenə də artırılıb".

R.Həsənova görə, bu prosesə tənzimləyicilərin neqativ fəaliyyətləri ilə yanaşı, qanunvericilikdəki boşluqlar da mənfi təsirini göstərir: “2015-ci ildən bəri yayılan, qanunvericiliyimizin imkan verdiyi bir praktika var. İşəgötürənlər əmək müqavilələrini ləğv edirlər, çalışanları keçirirlər xidməti müqavilə ilə işləməyə. Yəni çalışanlar gedib VÖEN alırlar, onlarla xidməti müqavilə imzalanır. Əgər əmək haqqı olaraq 500 manatdan 125 manat sosial sığorta haqqı ödənirdisə, xidmət müqaviləsi ilə ödəniş düşür yerləşdiyi yerdən asılı olaraq 25-27 manata. Görün, nə qədər fərq yaranır. Digər tərəfdən, pensiya qanunvericiliyinə edilən son dəyişikliklər insanları sosial sığorta yığımına təşviq etmir. İşçinin marağı qalmayıb ki, işəgötürəndən əmək müqaviləsi tələb etsin: 65 yaşında pensiyaya çıxmaq, ondan sonra indikatorlara uyğun gəlib-gəlməmək, nəhayət, neçə il o pensiyanı almaq imkanının olması. Bu kimi amillər insanları əmək müqaviləsi əsasında işləməyə həvəsləndirmir. Beləliklə, nə işəgötürəndə, nə işçidə əmək münasibətlərini müqavilə ilə tənzimləməy təşviq etmir. Bu şəraitdə tənzimləyicilərin işinə məsuliyyətsiz yanaşması, xüsusilə də neqativ yollara əl atması problemi daha da dərinləşdirir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Tarix: 28-04-2018, 09:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}