Ermənistandakı hadisələrin Azərbaycanda təkrarlanacağı iddiasına reaksiya


Zahid Oruc: “İndoneziyada Suxarto əleyhinə etirazlar başlayanda dərhal bizim müxalifətdəki həmin qüvvələrin də halında bir dəyişiklik olur...”

Ermənistanda aprelin 13-dən başlanan etiraz dalğasının Serj Sərkisyanın baş nazir vəzifəsindən istefasından sonra sakitləşəcəyi və prosesin normal məcraya yön alacağı proqnozları doğrulmadı. Etirazçıların lideri Nikol Paşinyanın mayın 1-də parlamentdə keçirilən səsvermədə baş nazir seçilə bilməməsi isə işğalçı ölkədə vəziyyəti daha da ağırlaşdırıb. Bütün Ermənistanı etirazlar, tətillər bürüyüb. Vəziyyət o dərəcədə ciddiləşib ki, prosesin hər an qanlı vətəndaş qarşıdurması fazasına keçəcəyi gözlənilir.

Siyasi ekspertlər və siyasətçilər Cənubi Qafqazın üç qonşu ölkəsindən birində 20 gündür davam edən xalq etirazlarının sonuclarının necə olacağı, digər ölkələrin hansısa şəkildə təsir göstərib-göstərməyəcəyi barədə müxtəlif proqnozlar verirlər. Müxalifət düşərgəsinə yaxın olan və müxalifətdə olan bəzi ekspertlər, siyasətçilər isə son günlər sosial şəbəkələrdə iddia edirlər ki, Ermənistandakı hadisələr Azərbaycanda da təkrarlana bilər. 

Deputat Zahid Oruc isə bu mövzuda “Yeni Müsavat”a şərhində bildirdi ki, bu tipli fikirlərin səsləndirilməsinə illərdir rast gəlirik: “Biz uzun illərdir ölkədaxili prosesləri mütləq xarici və geopolitik axınlara indeksləmək istəyən qüvvələri qarşımızda görməkdəyik. Məsələn, İndoneziyada Suxarto ilə bağlı xalq etirazları başlayanda dərhal bizim müxalifətdəki həmin qüvvələrin də halında bir dəyişiklik olur. Bəyan edirlər ki, mütləq o dalğa Azərbaycana da çatacaq və hakimiyyət dəyişiklikləri olacaq. Peruda, Latın Amerikası ölkələrində, ərəb ölkələrində müxtəlif libas dəyişiklikləri olur, buradakı həmin insanlar dərhal burada xəyal etdikləri inqilabın rəngini müəyyənləşdirirlər. Ancaq həmin qüvvələr nə qədər çalışırlarsa, inqilabın son ünvanı onların istədiyi kimi Azərbaycan olmur. Hansısa ölkədəki proseslərdən, xüsusilə dağıdıcı proseslərdən ruh almaq çox rəzil səhnələrdir.

Zahid Oruc ile ilgili görsel sonucu

Dünənə qədər ”düşmən tərəf" deyib onların bütün parametrlərini mənfi göstərib ona qarşı mənəvi-siyasi hücum edənlərin bu gün özünü az qala Paşinyancasına hiss etməsi yaxşı səhnələr deyil. 1990-cı illərdə Ermənistanda və Azərbaycanda olan hadisələr bir-biri ilə sinxron bağlı olublar. Orada da şərqşünas alimlər hərəkatın önünə çıxmışdılar, bizdə də elə idi. Lakin çox qəribə bir məsələ də var idi. Bu da ondan ibarət idi ki, hakimiyyəti devirib hakimiyyətə gələnlər Azərbaycanda torpaq itirdilər, ölkəni iqtisadi-siyasi xaosla üz-üzə qoydular, vətəndaş qarşıdurmasına yuvarlatdılar, lakin Levon Ter-Petrosyanın timsalında qarşı tərəf sabit bir hakimiyyət modelinə yiyələndi, Azərbaycanın ərazilərini ələ keçirdi".

Deputat əminliklə qeyd etdi ki, Azərbaycanda Ermənistandakı hadisələr gerçəkləşəsi deyil: “Əksinə, bir çoxları o paralelləri ortaya qoyurlar ki, Ermənistan indi 1990-cı illərin Azərbaycanını yaşayır, orada böyük toqquşmaların şahidi ola bilərik. Ona görə də Azərbaycanda hazırkı barrikadanın önündə olan qüvvələrin indi Ermənistanda müşahidə olunan prosesləri ölkəmizdə həyata keçirmək imkanları yoxdur. Əvvəla, hökumət yenilənib, bunu hətta ən neytral mövqe sahibləri olan insanlar da etiraf edir. Cəmiyyətdən seçkilərin nəticələrinə yönəlik istənilən mesajlar dövlətin birinci şəxsi tərəfindən ən yüksək səviyyədə nəzərə alınmaqda, onun proqramına, siyasi üslubuna daxil edilməkdədir. Bu göz qabağındadır və cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqi cəmi bir neçə gün sonra yeni hökumət modelində ifadə olunur. Mən hesab edirəm ki, bu proses hakimiyyətin digər qollarını da əhatə edəcək. O cümlədən sistem dəyişiklikləri və islahatlar prezidentin nitqindən göründüyü kimi, davamlı xarakter daşıyacaq. Azərbaycan insanı, hətta sosial zəmində problemlər ucbatından hər hansı formada narazı düşən adamlar da öz həyatında görmək istədiyi dəyişikliyin İlham Əliyevin rəhbərliyi altında gerçəkləşməsinə əmindir, ona inanır. Bu, həqiqətdir. Kimlərinsə portreti altında yüz minlərlə insanın meydanlara çıxması və hakimiyyət dəyişikliyi etmək istəməsini bizə sübut eləmək istəyənlər reallıqda fərqli bir ”Məhsul" meydanını görürlər. Belə adamların Paşinyanın mübarizəsini də təkrarlamaq imkanları yoxdur. Ermənistan hadisələrinin Azərbaycanda da təkrarlanacağını söyləmək üçün heç bir real faktor yoxdur. Ermənistandakı hadisələrin Azərbaycanda təkrarlanacağını söyləyənləri ən azı qınayıram və o cür fikirləri dilə gətirməyi ən azı, mənəvi baxımdan yaxşı hal saymıram. Ermənistandakı hadisələrlə Azərbaycan arasında paralellik aparanların olduğunu görəndə adam bir qədər dəhşətə gəlir ki, belə adamların hakimiyyət perspektivi olsaydı, Azərbaycan hansı vəziyyətlərlə üz-üzə qalardı".

Etibar SEYİDAĞA

Tarix: 3-05-2018, 09:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}