Paşinyana Qarabağın bu yolla həllini təklif edirik - Manukyan

 Ermənistanın yeni baş naziri məsələsi praktiki olaraq həll olunub: Parlamentdəki 3 müxalifət fraksiyası - Çarukyan, Yelk və Daşnaksütyun fraksiyaları Nikol Paşinyanın namizədliyini irəli sürüb və mayın 8-də keçiriləcək təkrar seçkidə ona səs verəcəklərini açıqlayıblar. Hakim Respublika Partiyası isə namizəd irəli sürməsə də, Paşinyanın ən azı 35 səslə namizədliyi irəli sürüləcəyi halda ona səs verəcəyini vəd edib. Əgər bütün siyasətçilər sözlərini tutsalar, o zaman Ermənistanda keçid dövrü başlayacaq və Nikol Paşinyanın komandası Seçki Məcəlləsində dəyişiklik edərək, Respublika Partiyasının artıq onlar üzərində qələbə qazanmasına imkan verməmək üçün növbədənkənar paralament seçkiləri hazırlayacaq. Lakin Qarabağ klanından olan yaşlı insanların əvəzinə, gənc İrəvan siyasətçilərinin hakimiyyətə gəlməsi, ilk növbədə, yeni Ermənistanın xarici siyasəti və iqtisadi inkişafı ilə bağlı digər məsələləri ortaya qoyur.
Axar.az xəbər verir ki, bu sözləriin müəllifi, Erməni Milli Konqresi Partiyasının (Ter-Petrosyanın partiyası) sədr müavini Aram Manukyanın “Vestnik Kafkaza” müsahibəsini təqdim edir:
- Aram Viqenoviç hər şeydən əvvəl mayın 8-də müxalifətin, o cümlədən Çarukyan Blokunun yenidən Paşinyanı dəstəkləyəcəyini və Respublika Partiyasının vədinə əməl edərək müxalif liderə səs verəcəyini gözləyirsiniz?
- Bəli, bundan əminəm. Müxalifət qrupları müvafiq rəsmi bəyanatlar veriblər, artıq bu qeyri-müəyyənlik mərhələsi geridə qalıb. Müxalifət 8 mayda Nikol Paşinyanın namizədliyini dəstəkləyəcək, bundan sonra Respublika Partiyası da onun üçün səs verəcək. Çünki fraksiyanın rəhbəri Baqram Baqdasaryan da respublikaçıların baş nazir seçilməsinə mane olmayacağını rəsmən elan edib.
- Nikol Paşinyanın komandasının hakimiyyətə gəlməsi ilə Ermənistanın xarici siyasətində hansı dəyişiklikləri gözləmək olar?
- Düşünürəm ki, heç bir dəyişiklik olmayacaq. Bütün xalqımız, Paşinyanı küçələrdə dəstəkləyən hər kəs Rusiya ilə yaxşı münasibətlərə malikdir və ölkənin xarici siyasət kursunda bu və ya digər istiqamətdə böyük dəyişikliklər olmasını istəmir. Nikol özü də son günlərdə dövlətin ənənəvi xarici siyasətinin qorunacağını təsdiqlədi və əminəm ki, o, bir müddət ölkə rəhbərliyində olduqdan sonra ölkədə heç bir dəyişikliyin tələb olunmadığını anlayacaq.
Daha doğrusu, Ermənistanda dəyişikliklər mütləq şəkildə daxili siyasət sahəsinə aiddir. Mən tez-tez deyirəm ki, Ermənistanda o qədər problemlər toplanıb ki, onların fonunda yalnız cari “məxməri inqilab” deyil, daha 10 dəfə inqilab etmək olardı. Bizdə baş verənlər Ukrayna Maydanı, Gürcüstanın Qızılgül inqilabı deyil, yalnız daxili məsələdir. Serj Sərkisyan və Robert Köçəryan o qədər hadisələr törədiblər ki, xalq küçələrə Rusiya, ABŞ və Avropa İttifaqına görə deyil, həmin problemlərin ölkə daxilində saxlanmasının əleyhinə çıxdılar. Xarici siyasətin dəyişməsini heç kim tələb etmir.
Mən həmçinin demək istəyirəm ki, bu hadisələrə xaricdən heç kim nəzarət etmir, burada heç bir xarici oyunçular yoxdur, yeganə oyunçu xalqın özüdür. Bunun sayəsində bizdə qurbanlar və qarşıdurmalar olmadı. Nikol Paşinyan da bunda iştirak etdi, yaxşı iştirak etdi, bizim buna qədər istifadə etmədiyimiz texnologiyalardan istifadə etdi. Yeni o təmiz qələbə qazandı, xalq isə 20 il ərzində yığılıb qalmış öz məsələlərini həll etdi.
- Belə olan halda Nikol Paşinyan Ermənistandakı daxili vəziyyətə birbaşa təsir göstərən Dağlıq Qarabağ problemini necə həll edə bilər?
- Bunun üçün hələlik Paşinyanın lazımı kadrları yoxdur. Bəli, onda yüksək səviyyədə legitimlik var, bütün xalq onu dəstəklədi və nə qədər lazımdı arxasında dayanacaq – yeri gəlmişkən, belə dəstək yalnız Levon Ter-Petrosyana olub, ancaq Serj Sərkisyan və Robert Köçəryana olmayıb. Ancaq onun strateji əhəmiyyətli dövlət məsələləri sahəsində təcrübəsi olan həqiqi siyasi komandası yoxdur, onun adamları dövlət strukturlarında olmayıblar. Buna görə də Paşinyan ilk növbədə böyük və çətin kadr problemini həll etməli olacaq və yalnız bundan sonra onun yeni formalaşdırılmış komandasının Qarabağ probleminin həll ilə necə məşğul olacağını anlamaq olacaq.
Bununla əlaqədar olaraq yenə də yaxın perspektivdə böyük dəyişikliklər olmayacaq. Paşinyan artıq münaqişənin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun formatının və Rusiyanın lider rolunun qorunub saxlanacağını deyib. Mən hətta şübhə edirəm ki, indi Qarabağ problemi ilə yaxşı tanış olan kadrların seçilməsi onun planlarında yer alır, amma ümid edirəm ki, bu baş verəcək. Biz Levon Ter-Petrosyanın və Erməni Milli Konqresinin kursunu qəbul etməyi və ATƏT-in Minsk Qrupunun təklif etdiyi şəkildə münaqişənin sülh yolu ilə həll edilməsinə çağırırıq. Ümid edirəm ki, belə də olacaq.
- Bununla əlaqədar, yeni hökumət dövründə Ermənistanın iqtisadi blokadadan çıxarılması və regional iqtisadi layihələrdə iştirakının genişləndirilməsi üçün hansı mümkün ssenarilər var?
- Blokadadan çıxmaq Qarabağ probleminin həlli ilə əlaqəli olacaq və burada Rusiyanın rolu çox vacibdir. Hesab edirəm ki, Rusiya hakimiyyəti bizdə baş verənləri qəbul edəcək, bu dəyişikliklərin bütün mənfi və müsbət aspektlərini nəzərə alacaq və Ermənistana öz təsirini və hörmətini qoruyub saxlayaraq xalqımızın dəstəklədiyi həmin hakimiyyətlə çalışmağa davam edəcək.
Tarix: 4-05-2018, 14:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}