BU NƏ BAYRAM HAVASI, BU NƏ ÇAL-ÇAĞIIRDI BELƏ ???!!!


“TƏSLİM OLAN ŞUŞA, İNİLDƏYƏ-İNİLDƏYƏ GÖZƏLLƏŞƏN BAKININ ƏLAMƏTİDİ” !!!

—————————–

Sərdar ƏLİBƏYLİ

—————————–

İndi şəhərdən gəldim, “Ukrayna” dairəsi ərazisində “Heydər parkı” bir bayram havasına bürünmüş, ətraf bayramsayağı bəzədilmişdir. Sabaha böyük konsert proqramı var gündəmdə. Oysa, bu gecə Şuşanın hücuma məruz qaldığı gecə, səhərə doğru isə düşmənə təslim olduğu gündü. Elə isə, Şuşanın işğalı günündəki bu bayram havası, bu bayram göstərisi, milləti yığıb konsertdə kefə baxdırmaq nəyin əlamətidi görən?! Bu minvalla, yol boyu düşüncələrim mənə, Rüstəm Behrudinin “Əlamət” yazısından bir-iki cümləni və bir də, “Azadlıq” şeirindən bir neçə misranı xatırlatdı:

“Bakı! Ruhumun paytaxtı, azadlığımın və əsirliyimin şəhəri. Səndən Şuşaya yol öldü, görmədinmi? Təslim olan Şuşa inildəyə-inildəyə gözəlləşən Bakının əlamətidi.”

“Hər il

“Azadlıq” meydanından

zəvvarlar gedir.

Allahın evinə

sevinə-sevinə.

Bu nə yoldu Tanrım?!

Bu nə yoldu imanlı

Imansızla bir gedir.

Şuşadan keçməyən yol

Kəbəyə nə cür gedir?!

Тanrım, nə cür gedir?!

…” !!!

Bütün bu dərd dolu, əzabverici düşüncələrin üstünə bir də internetdə yaylan bir xəbərin utancı gəldi. Əksər saytlar və xəbər portalları yazırlar ki:

“Ermənistanın yeni baş naziri Nikol Paşinyan sabah Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarına səfər edəcək. Məqsəd isə Şuşanın işğalının 26-cı ilini qeyd etməkdir. Bundan başqa, yeni baş nazir işğal altındakı bölgədə yerləşən hərbi hissələrdə də olacaq.”

Atalar demiş, “dərd gələndə, batmannan gələr” – misalı, düşmənə təslim edilmiş Şuşanın, inildəyə-inildəyə gözəlləşən Bakıda, bütün tayfa-toluğu ilə, şad-xürrəm ömür sürüb, bu gözəlliklərin dadını çıxaran, vəsfinə ancaq nağıllarda rastlana biləcək həyat yaşayan başçısının, Paşinyanın bu səfərinə münasibəti isə, lap intihar etmişə döndərdi məni. Əlim göylərdən, ayağım yerdən üzüldü. Mirzə Cəlil gəldi gözlərimin önünə, “Danabaş kəndi”ni və kəndin kattası Xudayar bəyi xatırladım. Bu “danabaşlı” kattanın verdiyi cavaba bir baxın:

“Nikol Paşinyanın Şuşaya getdiyi yerdə qıçları qırılsın! … Yeni baş nazir işğalçılıq siyasətindən əl çəkərsə, ermənilər qonşuluq etmək istəyəcəklər. … O, Ermənistanı işğalçılıq siyasətindən daşındırmalı və Azərbaycanın zəbt edilən bütün torpaqları azad olmalı, Ermənistan xalqı da, dövləti də bizdən kömək istəməlidir.”

Qısacası, belə çıxır ki, özünə “regionun lider ölkəsi” – deyən və “istənilən anda Azərbaycan torpaqlarını işğaldan azad edə biləcək güclü orduya sahib olduğunu” – söyləyən bir ölkənin bütün ümidləri Paşinyanın lütfünə bağlıdır. Ya da, arvadfason edilmiş “qıçları qırılsın” qarğışının çin olmasına. Bir az da dərininə varsan, belə çıxır ki, bunların dərdi, torpaqların işğaldan azad edilməsindən daha çox, bir an öncə, ermənilərin köməyinə yetişməkdi, Ermənistanın inkişafına dəstək verməkdi. Adam, sanki “Çiçəklənən Ermənistan” partiyasının üzvüdü”…

Bir sözlə sabahkı günü, təslim olan Şuşa da, gözəlləşən Bakı da bayram havasında, çal-çağır vurhavurunda keçirəcək, Bizim bayramımız heç mübarək olmasın, elə “danabaşlı” kattanın arzuları da, qarğışı da gözündə qalsın ki, bu millət Petrosyanın, Köçəryanın, Sarkisyanın, Paşinyanın və ardınca gələcək digər “…yan”ların lütfünə deyil, öz qeyrətinə və qüdrətinə sığına bilmək üçün ürəyində təpər, biləklərində güc, dizlərində zor bula bilsin !!!!!!!!!

———————

Tarix: 9-05-2018, 22:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}