ParfüMERsiz qalmış şəhər


“-Mən heç də belə demək istəmirdim, - dayə itaətlə dedi. - Şeytanın burada nə işi var, Terye ata, bu məsələni özünüz həll edin, mənə dəxli yoxdur, mən yalnız bir şeyi bilirəm: bu uşaq məni dəhşətə gətirir, onun üstündən bütün körpələrdən fərqli olaraq heç bir iy-filan gəlmir”

(Patrik Züskind, “Ətriyyatçı”)

Ekologiya Nazirliyi Bakıdan gələn pis iyə, zəhmətkeşləri narahat edən qoxulara təzə səbəb tapıbdır, deyir bu, şadlıq saraylarında bişirilən yeməklərin iyidir. Açığı, burada bir qədər siyasi səhvə yol verildiyi qənaətindəyəm, çünki bizdə şadlıq dövlət siyasətidir. Bütün millət sevinc içində dombalaq aşır, evlənir, nəsil artırır. Odur ey, Ermənistan boşalır, təzə qoyduqları baş nazir də qaçıb Qarabağa gəlmişdi. Biz isə hələ sovet vaxtından sevinirik. Mahnıda deyilən kimi, şən Azərbaycan, hər yanı gülşən Azərbaycan. O vaxt bizim bütün manıslar da hırıldayaraq oxuyurdular, sovet hökuməti onları tez-tez xaricə qastrola basırdı ki, bütün dünya həmin diş ağardan sifətlərə baxıb bizdə proletariatın necə xoşbəxt yaşadığına əmin olsun. İndi də həmin siyasətdir. Müvafiq olaraq bunun şadlıq sarayları sistemi açılmışdır. Hər məhəllədə mütləq bir şadlıq evi olmalıdır. İndi isə idarədən deyirlər, şadlığımız pis qoxuyur.

Şadlığa şitlik eləmək budur. Təzə ekologiya naziri gərək işçilərinin açıqlamalarına diqqət etsin. Orda heç siyasi işlər üzrə nazir müavini yoxdurmu? Necə yəni şadlıq sarayından pis iy gəlir? O sarayların yiyələri bu sözə görə adamı şaqqalayıb sünnət toyunda masaya qoyarlar. Bildirçin kimi bişirib sütunsuz salondan asarlar. Yerkökü kimi doğrayıb salata qatarlar. Adamın nəslinə toy tutarlar. Ağzınızın danışığına fikir verin. Bizim şadlıq saraylarından qızılgül iyi gəlir.

Sözgəlişi, mən bizim camaatın dırnaqarası “məntiqini” də anlamıram. Bunlar Bakıdan nə iyi umurlar ki? Bakı ömrü boyu neft-mazut, qaz-maz, ölü balıq iyi verən bir şəhər olmuşdur. Külək əsməsə, yarımadada, suyun ortasında yerləşməsə heç burda nəfəs almaq mümkün olmazdı. Şəhər öz təbii qoxusunu yayır, sadəcə, sizə nəsə olubdur, yeni standartlarla yaşamaq istəyirsiniz. Ağ şəhər bulvarı, Nənəmin təndiri, nə bilim, Yeznənin pendiri kimi projelər millətin başını xarab edibdir, hər şeydə yenilik axtarırlar. Atam-qərdeşim, iyi dəyişmək mümkün deyildir. Hər kəsin özəl iyi vardır, bu haqda dərin biliklər əldə etmək istəyənlərə məsləhət görərdim epiqraf verdiyim əsəri tapıb oxusunlar.

Eyni iradlarımız Hesablama Palatası adlı idarəyə də aiddir. Bunlar təzəcə artırılmış və hətta deputatxana üzvlərinin ağzının suyunun axmasına səbəb olmuş yüksək maaşlarını alıb minnətdarlıq eləmək yerinə ölüləri qurdalayırlar. Palata araşdırma aparıb, keçən il bizdə 181 ölüyə pensiya yazıldığını ortaya çıxarıbdır. Üst-üstə bir ildə yarım milyon manatdan çox yeyinti edilibdir. Bunun günahını yəqin Dövlət Sosial Müdafiə Fonduna yükləmək istəyirlər. Mən başa düşmürəm, ölülər seçkilərdə səs verəndə yaxşıdır, pensiya alanda pis? Bizdə çox ölü var ki, dirilərdən faydalıdır. Şair demişkən, altında yatarkən də bizimdir yerin üstü! Həmçinin, ölülərə pensiya almağı çox görən məmurlara demək istərdim ki, bir gün siz də öləcəksiniz, yaxşı ad qoyun gedin. Bəlkə o zaman sizə pensiya kartı verdik, qəbristanlıqda bankomat quraşdırdıq. 

Bəzi jurnalistlər isə Bakı Şəhər İcra Hakimiyyətinin saytını qurdalayıblar, deyirlər orda hələ də başçı qrafasında Hacıbala müəllimin adı gedir. Halbuki, onu bir aya yaxındır baş nazirə müavin qoyublar. Guya sayt yenilənsə xoşbəxt olarıq. Guya internetdə ayrı adamın adı yazılsa Bakıdan pis iy gəlməyəcək. Bu jurnalistlər utanmırlar, 25 ildir Hacıbala müəllimi yalandan işdən çıxartmaqla məşğul olublar, indi yalan gerçək olub, yenə əl çəkmirlər.

Ağlıma bir versiya gəlib, bəlkə Bakı Hacıbala müəllimsiz qaldığı üçün pis iy verməyə başlayıbdır? Burda nəsə var.

Tarix: 12-05-2018, 09:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}