Bakıdan düşmənə və havadarlarına xəbərdarlıq


Atəşkəsin 24 illiyində “Bişkek protokolu”ndan imtina çağırışı da səsləndi; deputat: “Biz vaxtın uzanmasına heç cür razı olmamalıyıq və torpaqlarımızı işğaldan azad etmək üçün hərbi yola əl atmalıyıq...”

Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasının 24 ili tamam oldu. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməmişdi. Əsas fikirayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması təklifi ilə bağlı yaranmışdı. Ancaq Azərbaycan tərəfi birmənalı şəkildə Qarabağ separatçılarının danışıqlar masasında tərəf kimi iştirakına razı olmadı.

Nikol PaÅinyan AzÉrbaycan torpaqlarına ile ilgili görsel sonucu

Yeri gəlmişkən, bu günlərdə Ermənistanın baş naziri seçilən Nikol Paşinyan qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdi və jurnalistlərə bildirdi ki, Dağlıq Qarabağ prosesdə “tərəf” kimi iştirak etməsə, sülh danışıqlarından nəticə gözləməyə dəyməz. Bununla da Ermənistan hökumətinin Qarabağ prosesində müsbət dinamikanın əldə olunmasına maraq göstərmədiyi, əksinə, prosesi 24 il əvvələ qaytarmaq niyyəti ortaya çıxır. Təbii ki, 1994-cü ildə, hələ normal orduya malik olmayan Azərbaycan Qarabağ separatçılarına danışıqlar masası ətrafında oturmaq imkanı vermədisə, indiki dönəmdə, Silahlı Qüvvələrimizin dünyanın ən güclü orduları sırasında öndə olması şəraitində bu cür sərsəm iddialara heç vaxt müsbət cavab verməyəcək, bunu düşmən də yaxşı anlayır...

Yenidən atəşkəs razılaşmasına qayıdaq. 1994-cü il mayın 8-də Rusiyalı vasitəçi Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin ovaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb.  Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər. Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan ordusu təmas xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlamışdı. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan ordusu Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad etdi. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni vermədi. Ermənistan ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan ordusunun hücumunu dayandırmağa müvəffəq oldu. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan ordusunun əsas ehtiyat qüvvələri məhv edildi. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verildi.

Lakin üstündən 24 il ötsə də, atəşkəs haqqında müqavilənin şərtlərinə Ermənistan tərəf bir gün də olsa, əməl etməyib, bu illərdə çoxsaylı itkilər qeydə alınıb. Düşmən tərəfi 2016-cı ilin aprelində razılaşmanı kobud şəkildə pozaraq növbəti dəfə təxribata əl atdı və layiqli cavabını aldı. Azərbaycan ordusu dördgünlük döyüşlər zamanı düşmənə sarsıdıcı zərbə vurub, strateji əhəmiyyət daşıyan məntəqələri işğaldan azad etdi.

Bir sıra mənbələrə “Bişkek protokolu” adı ilə düşən həmin razılaşma sənəd kimi göstərilsə də, o dövrün aktiv siyasət adamlarının heç də hamısı belə düşünmür. Onlar bildirirlər ki, həmin dövr üçün aktual olan “Bişkek protokolu”nın mətni hüquqi xarakter daşımayan öhdəlikdir və sadəcə sülhə çağırış məqsədi daşıyıb, cəbhə bölgəsində atəşkəsin mövcudluğuna hesablanıb. Bəzi mənbələr həmin mətnin 20 il müddətinə hesablandığını iddia edir. Ancaq bu, inkar olunur.

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Modern.az-a deyib ki, məlum mətnlə bağlı hər hansı müddətdən söhbət gedə bilməz: “Sadəcə, 1994-cü ildə atəşkəs razılaşması qüvvəyə minib. Atəşkəsin əldə olunmasından danışarkən tərəflər arasında həmişə 20 illik razılığa gəlindiyi söylənilir. Halbuki, elə bir müddət yoxdur. Sadəcə, bu, kiçik bir mətndir. Atəşkəs tərəflərin üzərinə götürdüyü öhdəlikdir. Tərəflər nə vaxt istəsə, bundan imtina edə bilər”.

Tofiq Zülfüqarov deyib ki, atəşkəsin əldə olunmasına dair heç bir protokoldan, sənəddən söhbət gedə bilməz. “1994-cü ildə atəşkəsin əldə olunmasına dair ortada bir dənə də olsun rəsmi sənəd yoxdur. Sadəcə, öhdəlik tərtib edilərək, faksla rusiyalı vasitəçi Vladimir Kazimirova  təqdim olunub.  Həmin mətn Müdafiə Nazirliyi adından  göndərilib. Həmin proseslərdə iştirak etsəm də, o dövrü xatırlamaq istəmirəm. Bu, uzun məsələdir. Dediyim kimi, tərəflər öz öhdəliklərini vasitəçiyə göndəriblər. Vasitəçi hamıya bildirib ki, müharibədə  iştirak edən tərəflərin hamısı filan tarixdən atəşkəsin qüvvəyə minməsini tanıyır və qəbul edir. Amma ortada heç bir sənəd yoxdur ki, müxtəlif tərəflərin yəni, tanımadığımız Dağlıq Qarabağın hansısa imzası olsun”.

Politoloq tarixə “Bişkek protokolu” kimi düşən öhdəliyin əhəmiyyətindən də danışıb: “1994-cü ilin 12 mayında tərtib olunan mətn bizə imkan verib ki, gücümüzü toparlaya bilək. Xatırlatma edim ki, o vaxtlar Azərbaycanın hərbi büdcəsi 100 milyondan aşağı idi. İkincisi, heç o vaxtlar neft sazişləri də bağlanmamışdı. Bu baxımdan Azərbaycan iqtisadi və digər tərəflərdə çox zəif idi. Ermənistanın yanında Rusiya vardı ki, o da düşmən dövlətə hərtərəfli yardım edirdi. Azərbaycanın isə o vaxtlar atəşkəsə getməkdən başqa yolu yox idi. Heç olmasa vaxt qazanıb hansısa işləri görməli idik. Ona görə də həmin vaxt atəşkəsin əldə olunması əhəmiyyətsiz deyildi. O vaxt atəşkəsə getməsəydik, itkilərimiz çox olacaqdı”.

Qarabağ müharibəsinin iştirakçısı, deputat Elman Məmmədov “Yeni Müsavat”a bildirdi ki, atəşkəs sənədi artıq əhəmiyyətsiz kağız parçasına çevrilib: “Bu sənədə çoxdan xitam verilməliydi və faktiki olaraq verilib də. Çünki artıq bu sənədin heç bir əhəmiyyəti yoxdur”.

E.Məmmədov qeyd etdi ki, o dövrdə atəşkəs razılaşması Azərbaycana lazım idi: “Çünki Azərbaycanda ordu quruculuğu, dövlətçiliyin möhkəmləndirilməsi, Azərbaycanın milli təhlükəsizliyin, dövlətçiliyin qorunması, daxili stabilliyin təmin olunması çox vacib idi və gündəmdə idi. Ona görə də o dövrdə bu, düzgün addım oldu. Düzdür, bəzi ekspertlər fərqli düşünürlər. Bəli, həmin ərəfədə Azərbaycan ordusu sanki bir revanş götürmüşdü, sürətlə irəliləyirdi, ermənilər itki verirdilər. Bunun nəticəndə Füzuli istiqamətində bəzi yaşayış məntəqələrimizi azad etdik. Bu, faktdır. Ancaq bizim üçün ondan vacibi dövlətçiliyimizi qoruyub-saxlamaq, möhkəmləndirmək, ordu quruculuğuna, daxildə dayanıqlı vəziyyətin yaradılmasına nail olmaq idi. Bu, düzgün seçim idi. Bu mənada atəşkəs müəyyən vaxt çərçivəsində əhəmiyyət kəsb etdi. Lakin bundan sonra atəşkəs mütəmadi olaraq ermənilər tərəfindən pozuldu. Düşmən müntəzəm şəkildə təxribatlara əl atmaqda davam edirlər. Mənim fikrim belədir ki, imzalanmış həmin sənəd çoxdan əhəmiyyətini itirib. Artıq o sənədin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. İndi ermənilər çalışır ki, atəşkəs rejimi qorunsun, işğal altındakı ərazilərdə istədiklərini etsinlər”.

E.Məmmədov ermənilərin rahat nəfəs almasına imkan verməməyə çağırdı: “Şəxsən mən bir Azərbaycan vətəndaşı kimi bu gün qətiyyən beynəlxalq təşkilatların çağırışları ilə razı deyiləm. Çağırış edirlər ki, təmas xəttində gərginliyi azaltmaq, davamlı sülhə nail olmaq. Mən bunların tamamilə əleyhinəyəm. Mənim torpağım işğal altındadır, nəyə görə atəşkəslə razılaşmalıyam?

Biz atəşkəsin qorunmasının yox, bunun əksinə çalışmalıyıq. Biz elə etməliyik ki, düşmən hər an narahat olsun və Azərbaycan ordusunun həlledici hücuma keçib torpaqları azad etməsindən ehtiyatlansın. Bu yaxında Sərkisyandan geri qalmayan Paşinyan bütün beynəlxalq hüququ pozaraq, Azərbaycana qarşı meydan suladı, Azərbaycan sərhədlərini keçdi, gəldi və Qarabağda başından yekə qələtlər elədi. Bax, bunların qarşısını almaq üçün biz artıq atəşkəs haqqında yox, döyüş haqqında, qələbə yürüşü haqqında fikirləşməliyik”.

Deputat qeyd etdi ki, Azərbaycan həm hərbi, həm hüquqi, həm iqtisadi cəhətdən buna hazırdır: “Biz vaxtın uzanmasına heç cür razı olmamalıyıq və imkanlarımızdan istifadə edib torpaqlarımızı işğaldan azad etmək üçün hərbi yola əl atmalıyıq”.

Atəşkəsin 24 illiyinin tamamında Ermənistan rəhbərliyinin destruktiv fəaliyyəti və sarsaqlamasına rəsmi Bakı reaksiya verib. XİN-in bəyanatından sonra Azərbaycan rəhbərliyi səviyyəsində güzəştlərin mümkünsüzlüyü bəyan edilib.

Ä°lham ÆliyevdÉn ErmÉnistana ile ilgili görsel sonucu

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın güclü ordusu var. “Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər. Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır. İki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir və o torpaqlarda - bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaq”.

Bu, düşmənə və havadarlarına atəşkəsin əbədi olmayacağı barədə növbəti xəbərdarlıqdır.

*****

Bu arada erməni tərəf də Bakının güzəştli siyasətdən imtinası barədə etiraflar etməkdədir. “Ermənistanın siyasi rəhbərliyi Azərbaycana hər zaman Qarabağ məsələsində güzəştə getməyə hazır olub”. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni ekspert Ara Papyan deyib. “Kazanda erməni tərəfi Azərbaycana ərazi güzəştləri edib qarşılığında Dağlıq Qarabağın siyasi statusunun tanınmasını istəyirdi. Biz onlara 7 rayonu verib, özümüzdə yalnız Dağlıq Qarabağı saxlayacaqdıq. Azərbaycan buna razılaşmadı və heç vaxt da razılaşmayacaq”, - deyə o bildirib.

Deməli, atəşkəsə hər an son verilə bilər. Düşmənin davranışları Azərbaycanı savaşa təhrik edir.

Elşad PAŞASOY

 

Tarix: 12-05-2018, 10:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}