Kütləvi zəhərlənmə və Xuzistan kələyi


Bu saat dəqiqliyi ilə yadımda deyil, “pambıq qul əməyidir” kəlamını Marks deyib, yoxsa Engels. Şəxsən mən onu kəndçimiz Mürşüd kişidən eşitmişəm. Özü də ağsaqqal təkcə pambıq tarlasında işləməyi yox, eləcə də üzüm plantasiyasında çalışmağı da qul əməyi hesab edirdi. Suçu adam idi, “lapatka”si çiynindən düşməzdi.

Amma Marksla (bəlkə də Engelslə) Engels adına sovxozun suçusu Mürşüd kişinin pambıq işinə yanaşmasının arasından yüz ildən artıq vaxt keçmişdi və artıq pambıq o qədər də qul əməyi sayıla bilməzdi. Çünki pambıq çiyidlərini liflərdən aqreqatlar ayırırdı, çiyidi tarlaya traktorlar səpirdi, kultivasiya işlərini traktorlar edirdi, hətta hazır məhsulun toplanışını da böyük ölçüdə kombaynlar həyata keçirirdi. Nəticədə sovet qullarına çox da iş qalmırdı.

Hərçənd 5-ci sinifdən sonra bizi, şagirdləri həmişə pambıq toplanışına cəlb edirdilər. Düz iki ay. Üstü açıq maşınların kuzovuna doldurub Arazboyu kəndlərə (bizim kənddə üzümçülük idi) aparırdılar. Əslində bu, bir az uşaq əməyinin istismarı, bir az da şagirdlərin qul yerinə qoyulmasıydı, amma biz pambıq toplanışına həvəslə gedirdik, hətta valideynlərimiz buraxmaq istəməyəndə gözdən oğurlanıb gedirdik. Çünki pambıq toplanışı xeyli əyləncəliydi. 6-7 kilo pambığımızı yığır, sonra bütün günü pambıq plantasiyasının qırağındakı kanalda çimir, əllə salınmış meşə zolağının kölgəsində oturub özümüzdən böyük uşaqların oynadığı qumara baxır, maraqlı söhbətlərinə qulaq asırdıq.

İnstitutda oxuyan zaman pambıq toplanışına cəlb olunmaq isə xeyli məsuliyyətli iş olsa da, daha əyləncəliydi. Kamp həyatı. Təbiətlə iç-içə. Hamısı 18-25 yaşlı gənclər. APİ-nin gözəl qızları. Mehribançılıqlar. Bu saat o dövrün tələbələrindən institut (universitet) illərindən ən yaddaqalan xatirələri soruşun, hamısı pambıq toplanışı günlərindən danışacaq.

O vaxtlar da tarlalara kimyəvi preparatlar  - pestisidlər, insektisidlər, herbisidlər, akarasidlər çiləyirdilər, bəzən dərman iyindən baş çatlayırdı, amma zəhərlənən olmurdu. 

İndi bu nə kütləvi zəhərlənmələrdir, baş açmaq olmur. Kənd zəhmətkeşləri illərdir metafos, Bi-58, sink-fosfit kimi güclü zəhərlərlə təmasda olurlar, arada “bizə süd-qatıq verilməlidir” deyə şikayət də edirlər, amma nə onlara ağartı məhsulları verən olur, nə də onlar zəhərlənirlər.

İndi bu nədir: insanların zəhərə immuniteti birə-beş azalıb, yoxsa preparatların zəhərlilik dozası birə-beş artıb?

Ya bəlkə bu təxribatdır? Bəlkə kimlərsə istəmir ki, biz aqrar sektoru, konkret olaraq pambıqçılığı inkişaf etdirək? Əcəba, kimin bazarına giririk? Şəkkak adamların sözü olmasın, bütün versiyalar araşdırılmalıdır.

İndilikdə isə sizə pambıqçılıq və neft xüsusunda bir əhvalat yazım. Bu olay təxminən 100 il öncə İranda, Xuzistan vilayətində olub. “İngiltərə-İran neft şirkəti” kəşfiyyat aparıb aşkar edib ki, Xuzistanda zəngin neft yataqları var, amma torpağın üstündə kəndlilər pambıq əkir. Təbii ki, kəndlilər torpaqlarını ingilislərə satmaq istəməyiblər, inadkarlıq ediblər. Belə olanda ingilislər varıb gediblər Hindistana, oradan xeyli zəhərli ilan gətirib daraşdırıblar Xuzistandakı tarlalara. İlanlar sürətlə doğub törəyib hər yanı basıblar. Kəndlilər pambıq plantasiyasına girə bilməz olublar. Bu zaman xeyirxah ingilislər yazıq kəndlilərə öz yardımlarını təklif ediblər, deyiblər, icazə verin, biz o sürünənləri qıraq, qurtaraq. Gündə birini ilan sancan kəndlilər ingilislərin yardım təklifini məmnuniyyətlə qəbul ediblər. Gerçəkdən ingilislər tarlalara hansı kimyəvi maddəni çiləyiblərsə, zəhərli ilanların hamısı qırılıb. Di gəl, artıq bu tarlalarda pambıq-filan da bitməz olub. Əlacı kəsilmiş kəndlilər torpaqlarını ingilislərə satmalı olublar ki, onlar onun təkindən neft çıxarsınlar.

Bu, Xuzistan kələyi haqqında qeydlər rus yazıçısı Boris Akuninin “Qara Şəhər” (Bakıda baş verən hadisələrdən bəhs edir) romanında var.

İndi deyirəm, görəsən, kənd zəhmətkeşlərinin bu dəfəki zəhər sınağının arxasında nə kimi kələklər var. Bir bilsəydik...

Mürşüd kişi sağ olsaydı, mütləq deyərdi ki, böyüklərin nə vecinədir, camaatı qul kimi işlədirlər, heç olmasa, süd-qatıq da vermirlər...

Samir SARI
Tarix: 21-06-2018, 09:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}