Elxan Şahinoğlu: “Son sözü Azərbaycan ordusu deyəcək”


Politoloq: “Erməni ekspertlər qorxurlar ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçə bilər”

“Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı Bakıda 26 iyunda keçirilən hərbi paradın bir neçə səbəbdən vacib əhəmiyyəti var idi. Əvvəla, Azərbaycanda sonuncu dəfə hərbi parad 2013-cü ildə keçirilmişdi. Son 5 ildə Azərbaycan ordusu xeyli inkişaf edib, modern silahlar və hərbi texnikalar alınıb, yerli hərbi istehsal artıb. Azərbaycan hərbçilərinin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan ordusu tədricən sovet hərbi məktəbindən uzaqlaşır. Bunu son hərbi parad da göstərdi”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert qeyd etdi ki, əgər 2000-ci illərə qədər Azərbaycan ordusu daha çox Rusiyadan aldığı silah və hərbi texnika ilə təchiz olunmuşdusa, son illərdə vəziyyət dəyişib: “Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır. Bu, özünü həm hərbçilərin geyimində, həm də alınan hərbi texnikada göstərir. Azərbaycanın silah aldığı ölkələrin sayı artıb. Bütün bunların dünyaya, o cümlədən Azərbaycan torpaqlarını işğal edən Ermənistana göstərilməsinə ehtiyac var idi. İkincisi, Azərbaycan prezidenti İlham Əliyev hərbi parad vasitəsilə vacib mesajlar verdi. Bu da əhəmiyyətli idi. Doğrudur, İlham Əliyev Azərbaycan ordusu ilə bağlı mütəmadi olaraq mesajlar verir, işğal faktoruna toxunur. Ancaq hərbi parad elə bir müstəvidir ki, orada verilən mesajlar daha diqqətlə analiz edilir və Azərbaycan ordusunun gələcək hədəfləri müəyyənləşdirilir, Azərbaycan və dünya ictimaiyyətinə çatdırılır. Bu mesajları isə diqqətlə analiz etməyə ehtiyac var”.

E.Şahinoğluna görə, prezident İlham Əliyevin hərbi paradda çıxışı zamanı əsas mesajı bu oldu: “Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”.

Ä°lgili resim

Bu, nə deməkdir? Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etdi və yanlış olaraq düşündü ki, məsələni öz xeyrinə həll etdi. Təxminən 10 il atəşkəsə riayət edildi. Azərbaycanda siyasi sabitlik yaradıldı, daha sonra isə yeni enerji layihələri hesabına maliyyə imkanları artdı. Bunun nəticəsində orduya əlavə vəsait ayrıldı və ordu xeyli peşəkarlaşdı. Bunun nəticəsində Azərbaycan ordusunun Ermənistana təzyiqi artdı. Bu, obyektiv prosesdir". Politoloqun fikrincə, Ermənistanda anlayırlar ki, Azərbaycan ordusu əbədiyyətə qədər işğala dözməyəcək: “Ancaq bunu anlasalar da, Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazır deyillər. Ermənistanda heç bir siyasətçi Azərbaycan ordusunun real gücünü görməyənə qədər geri addım atmayacaq. Deməli, bütün hallarda son sözü Azərbaycan ordusu deyəcək. İlham Əliyevin ”Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək" sözləri də bundan xəbər verir. Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır. 2003-cü ildən bu günə qədər Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb. Hərbi şəhərciklərin 80 faizi son illər yenidən tikilib və təmir edilib. Növbəti hədəf yaxın 2-3 il ərzində bütün hərbi şəhərciklərimizin təmir olunmasıdır. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Digər yenilik odur ki, hərbi hissələrdə 20 mindən çox mülki vətəndaş çalışır. Başqa sözlə, əsgərlər məişət problemlərindən azad edilib".

Prezidentin hərbi paraddakı xəbərdarlıqlarına diqqət çəkən politoloq qeyd etdi ki, İlham Əliyev beynəlxalq hüquqa inanmır və bunu zaman da sübut edir: “Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymur, mexanizmlərini işə salmır. Ona görə də prezident də əmin olub ki, torpaqların işğaldan azad olunmasının yeganə alternativi ordunun əməliyyatları ilə bağlıdır. ”Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər" - deyən İlham Əliyev Azərbaycanın artan gücü qarşısında Ermənistanın zəifləyəcəyi qənaətindədir. Ermənistanı cəzalandırmaqdan başqa yol qalmayıb. Azərbaycan ordusu yeni strategiyadan çıxış edir. Bu, özünü 2016-cı ilin aprel ayında və son Naxçıvan əməliyyatında göstərdi. Kiçikmiqyaslı hərbi əməliyyatlarla strateji yüksəkliklər azad edilir. Bu, Azərbaycan ordusuna mənəvi üstünlük qazandırır. Böyük dövlətlər, o cümlədən Rusiya Azərbaycan ordusunun yeni strategiyasına mane ola bilmir".

E.Şahinoğlu xatırlatdı ki, Rusiya 2016-cı ilin aprelində Azərbaycan ordusunun daha böyük ərazini azad etməsinə imkan vermədi, müharibənin qarşısını aldı: “Ancaq Rusiya rəsmiləri Azərbaycan ordusunun Naxçıvanda istiqamətində həyata keçirdiyi hərbi əməliyyata heç nə demədilər. Həmin əməliyyatdan sonra İlham Əliyev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Putin Azərbaycanla siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Başqa sözlə, Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsinə Rusiya da sərt reaksiya vermir. Odur ki, rəsmi Bakı bu siyasətini getdikcə genişləndirəcək. Erməni ekspertlər qorxurlar ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçə bilər. Bu, çempionatdan sonra dərhal olmasa da, istənilən digər vaxt baş verə bilər”.

E.PAŞASOY

Tarix: 28-06-2018, 10:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}