“İrandan gələn narkotik Şirvan və Cəlilabadda cəmləşir” - baş nazirin müavini


Arzu Nağıyev: “Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir”

“Azərbaycana gətirilən narkotik vasitələrin 90 faizi Əfqanıstan mənşəlidir”.

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. O bildirib ki, Azərbaycanın 5 cənub rayonu- Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarına İran tərəfindən Əfqanıstan mənşəli narkotiklər daxil olur: “Daxil olan narkotik vasitələr əsasən Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan paylanılır. Narkotranzitlə daxil olan narkotik marşutun son nöqtəsi Orta Asiya ölkələri, həm də Şərqi, Qərbi Avropa ölkələridir. Beynəlxalq narkomafiyanın diqqəti Azərbaycana artır, bu da ölkə iqtisadiyyatının inkişafı və dünyanın beynəlxalq diqqət mərkəzində olması ilə əlaqədardır”.

Ə.Həsənov qeyd edib ki, son illər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni narkotik vasitələrin dövriyyədən çıxarılması halları artıb: “Bu ilin 5 ayında 1 ton 400 kq-a qədər narkotik vasitə aşkar edilərək götürülüb. Aidiyyəti nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər. Bu problem ölkəmiz üçün spesifik problem deyil. Lakin ölkədə, regionda böyük tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, bir sıra sahələrdə yük daşımaları artdığı üçün təbii ki, beynəlxalq narkomafiyanın da ölkəmizdən müxtəlif daşınma yolları ilə narkotik vasitələri daşımaq istəkləri də artıb. Biz arxayınlaşmamalıyıq, aidiyyəti qurumlar öz tədbirlərini görməlidir”.

Æli HÉsÉnov ile ilgili görsel sonucu

Əli Həsənov deyib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq üçün Azərbaycanda milli hüquqi baza yaradılıb, Milli Məclis bununla bağlı 29 qanun qəbul edib: “Azərbaycan BMT-nin 1961-ci il tarixli ”Narkotik vasitələr haqqında" Vahid Konvensiyasına, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasına və 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasına qoşulub".

Ə.Həsənov Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayını da açıqlayıb: “Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 30 mindən çoxdur. 30 mindən 12 mini Bakı şəhərini, 12 mini isə Lənkəran şəhərini əhatə edir. 2017-ci ildə 2000 nəfərdən çox şəxs narkotik istifadəçisi kimi qeydiyyata götürülüb”.

Sabiq təhlükəsizlik zabiti, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən ekspert Arzu Nağıyev “Yeni Müsavat”a bildirib ki, Azərbaycanın İranla sərhəd olması və İranın Əfqanıstanla qonşuluqda yerləşməsi son nəticədə ölkəmizə narkotik axınının davamlı olmasına gətirib çıxarır: “Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstandan İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutudur. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Əfqanıstandan Avropaya narkotik daşımalarında ən uyğun marşrut kimi ölkəmizin də olduğu marşrutdur”.

Arzu NaÄıyev ile ilgili görsel sonucu

Əli Həsənov konkret rayonların adını çəkir, marşrutun haradan keçməsini, haradan yayılmasını açıqlayır. Belə olan təqdirdə Azərbaycan ərazisində narkodaşımaların qarşısının alınması niyə baş tutmur?

Arzu Nağıyev deyib ki, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün Mərkəzi Asiya Regional İnformasiya Mərkəzi mövcuddur: “Bu mərkəzdə narkotiklərin qanunsuz dövriyyəsi haqda məlumatlar toplanır və müvafiq addımlar planlaşdırılaraq atılır. Həmin koordinasiya mərkəzində narkotrafikin qarşısının alınmasında iştirak edən müxtəlif dövlətlərin hüquq-mühafizə orqanlarının nümayəndələri təmsil olunurlar. Narkotrafikin qarşısının alınması üçün məlumatların əldə edilməsi, mübadiləsi və texniki cəhətdən dəstək olmalıdır. Bu istiqamətdə müəyyən işlər gedir və son vaxtlar instensivləşdirilib. Mətbuatda iri narkotik partiyalarının tutulması ilə bağlı məlumatlar var. Mərkəzi Asiya Regional İnformasiya Mərkəzində cəmləşən dövlətlərin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səylərini birləşdirmələri son nəticədə dövriyyəni qat-qat azalda bilər”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Tarix: 28-06-2018, 10:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}