Nazirin Azərbaycan dili problemi:ekspertlər bu barədə nə deyirlər?



“Mən səfirlikdə işləyəndə Türkiyənin, Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri açıqlama verməliydilər. Həmin vaxtı Türkiyənin naziri həmkarlarına dönüb türkcə sual verdi: «Hangi dildə konuşacağız?». Ermənistan xarici işlər naziri Vardan Oskanyan türkcə cavab verərək dedi: «Bana farketmez, efendim». Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə rus dilində «Məni bağışlayın, mən Azərbaycan dilində pis danışıram», – dedi», – Azərbaycanlı diplomat İsfəndiyar Vahabzadə özünün şahidi olduğu əhvalatı danışır.

Bugünlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyədəki çıxışı sosial mediada və KİV-də tənqid olunmaqda, istehza və lağ hədəfindədir. Onun tədbirdə söylədiklərini «Demək istədikləri və dedikləri» kimi şərhlə paylaşanlar da var. Nazir və ya nazirlik hələlik, bununla bağlı açıqlama verməyib.

«Məmmədyarovun yerində olsaydım, ərizəmi yazardım»

İ.Vahabzadə deyir ki, o, Məmmədyarovun yerində olsaydı, çoxdan ərizəsini yazıb işdən gedərdi. Keçmiş səfirin sözlərinə görə, nazir ana dilini bilmədiyi üçün birinci dəfə deyil belə situasiyaya düşür. Hətta bəzi əhvalatları dilə gətirməyin mümkün olmadığını bildirir: «Üzr istəyirəm. Bir dəfə söhbət olmuşdu. Məmmədyarov demişdi ki,» biz öz şeyimizi göstərək, ermənilər də öz şeylərini, kimin şeyi yaxşıdırsa onu da qəbul edək». Bu nə deməkdir? Bu, biabırçılıqdır…».

İ.Vahabzadə dəfələrlə mətbuata açıqlamasında Azərbaycan məmurlarını ana dilində danışa bilmədiklərinə görə tənqid edib. O, “Azadlıq” radiosuna açıqlamasında da deyir ki, nəinki xarici işlər naziri, istənilən məmur ilk növbədə öz dilini bilməlidir: «Bir adam öz kökünü, öz dilini, mənsub olduğu millətinin tarixini, yaralarını bilmirsə, bu yaralar onu ağrıtmırsa, incitmirsə… Ürəkdə milli yanğı olmalıdır, sonra peşəkarlıq. Teatr qarderobdan başlayırsa, millət də Xarici İşlər Nazirliyindən başlayır. Bu millət üçün işləyirəmsə, ailəmi burdan aldığım maaşla saxlayıramsa, deməli, ilk növbədə bu millətə hörmət etməliyəm».

Sabit Bağırov: «Düşünürəm, diplomatlar məhz bu cür danışmalıdır»

1990-cı illərin əvvəlində Dövlət Neft Şirkətinin prezidenti olmuş Sabit Bağırovun fikrincə, bütün məmurların danışığı, fikrini ifadə etməsi əhəmiyyətlidir.

«Amma elə vəzifələr var ki, orda nazirin danışığı, dili bilməsi, dil üslubu xüsusi əhəmiyyət daşıyır. Düşünürəm, diplomatlar da məhz bu cür danışmalıdırlar. Düzdür, diplomatlar bəzən fikrini aydın, dəqiq ifadə etmir, bu, diplomatiyadan gəlir, amma təmiz danışmalıdır, istər rus, istər ingilis, istərsə də Azərbaycan dilində», – S.Bağırov söyləyir.

Qulu Məhərrəmli: «Mənim üçün onun hansı dildə danışmasının çox da böyük önəmi yoxdur»

«Mənə elə gəlir ki, önəmli olan nazirin məşğul olduğu xarici siyasətdir», – jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bu fikirdədir.

«Mənim üçün onun hansı dildə danışmasının çox da böyük önəmi yoxdur. Çünki o, xarici işlər naziridir. Olsaydı təhsil naziri, Elmlər Akademiyasının prezidenti, ya da Dil və Ədəbiyyat İnstitutunun rəhbəri, onda mən ondan ana dilini təmiz bilməsini tələb edərdim. Ancaq önəmli olan odur ki, peşəkar olsun, xarici siyasəti yönəltsin», – deyən Q.Məhərrəmli bir məqama da toxunur:

«Biz nə bilək o ingiliscə və ya rusca fikrini necə ifadə edir? Sadəcə, bizə yaxın dildə danışanda deyirik ki, fikrini ifadə edə bilmədi. Əlbəttə, xarici işlər naziri çox diplomatik danışmalıdır, nəyi, necə deməli olduğunu dəqiq bilməlidir. Ona görə, şəxsən mən onun bu dildə yaxşı danışmağını arzulayardım, amma bu dildə danışmamasını əsas qüsuru hesab etmirəm».

İ.Vahabzadəsə «məmurun necə danışmasından çox işinə fikir vermək lazımdır» yanaşmasını qəbul etmir və sual edir: «O indiyədək hansı işi görüb?».

Uzun illərdir nazir işləyən E.Məmmədyarovun Azərbaycan dilində danışığı birinci dəfə deyil tənqid olunur. Ancaq o birinci dəfədir ki, bu qədər tənqid olunur.

E.Məmmədyarov 2004-cü ildən xarici işlər naziridir. Sələflərindən fərqli olaraq, peşəkar diplomatdır. Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq bölməsini bitirib. Ali məktəbi başa vurduqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyində işləyib. Daha sonra ABŞ-da təhsilini davam etdirib. ABŞ-da, İtaliyada Azərbaycanın səfiri olub. Nazirliyin saytında E.Məmmədyarovun ingilis, rus və türk dillərini bildiyi yazılır.

(Azadlıq radiosu)

Tarix: 1-11-2018, 22:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}