"Reket jurnalistika"ya qarşı aktual mübarizə – Baş redaktorlar nə düşünür?


"Reket jurnalistika"ya qarşı aktual mübarizə – Baş redaktorlar nə düşünür?

Son dövrlər reketçilik fəaliyyəti ilə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb olunması qarşıya qoyulan fəaliyyətin effektivliyinə dəlalət edir. Nəticədə ayrı-ayrı vaxtlarda "jurnalistika" adı altında qeyri-qanuni fəaliyyət göstərmək, hədə-qorxu yolu ilə kimlərdənsə pul tələb etməyə çalışanların sayı getdikcə azalır. Lakin sirr deyil ki, həyata keçirilən qarşısıalınma tədbirləri ilə "reket jurnalistika" fəaliyyətini tamamilə aradan qaldırmaq hələ ki, mümkün olmayıb.

Görəsən, "reket jurnalistika" ilə mübarizədə daha nələr etmək olar?

Məsələyə münasibət bildirən "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Cebhe.info-ya açıqlamasında bildirdi ki, sözügedən məsələ çox müzakirə olunub və artıq ortada özünü doğruldan mübarizə üsulları var.

Baş redaktorun sözlərinə görə, birinci növbədə Mətbuat Şurasının (MŞ) xətti ilə  aparılan ictimai qınaq müstəvisində gedən mübarizə öz nəticəsini artıq verir, yəni müəyyən irəliləyişlər var: 

“Hazırda qanunu pozan media orqanları ilə bağlı Mətbuat Şurasının qərarları olur. Biz onları ictimai tənbeh xarakterli “qara siyahı”-lara salırıq. Bu gün dövlət sturukturlarına, dövlət təşkilatlarına rəsmi müraciət edirik ki, adı “qara siyahı”-larda olan “media orqanları” ilə hər hansı əməkdaşlıq etmək olmaz. Bu bir üsuldur. Digər bir üsul, hüquq-mühafizə orqanlarının, zərurət yarandığı təqdirdə hüquqi qayda da, elə media orqanları ilə mübarizə aparmasıdır. 

Artıq bir neçə dəfə həbslər də olub. Düşünürəm ki, bu müəyyən nəticələr verir. Bir başqa mübarizə üsulu da, dövlətin medianı maliyyələşdirməsi məsələsində reket nəşrlərin tamamilə kənarda saxlanmasıdır. Yəni dövlət  Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun (KİVDF) xətti ilə yalnız normal media orqanlarına maliyyə yardımı göstərdiyi halda, reket nəşrlərə hər hansı vəsait ayırmır. Bu da düşünürəm ki, onlara bir mesajdır. Hələlik bu istiqamətdə işlər gedir. Hesab edirəm ki, mübarizənin bu tempdə davam etdirilməsi ən düzgün yanaşmadır. Zaman-zaman biz onun faydasını, nəticələrini görəcəyik. Amma bəzi hallarda müəyyən qanunvericilik aktlarının Azərbaycandakı indiki reallıqlara uyğunlaşdırılması istiqamətində dəyişikliklər etməyə ehtiyac var".

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev isə deyir ki, həm Azərbaycan Mətbuat Şurası, həm də hüquq-mühafizə orqanları ölkədə “reket jurnalistika”ya qarşı fəal mübarizə aparır.

Baş redaktorun sözlərinə görə, təəssüf ki, media ilə bağlı fəaliyyət göstərən Mətbuat Şurasının mübarizə tədbirləri ictimai qınaqdan o tərəfə keçmir: 

"Şura daha çox qurumun nizamnaməsindən irəli gələn tədbirlərdən kənara çıxa bilmir. Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası daxil olan müraciətləri araşdıraraq müvafiq qərarlar qəbul edir. Bu qərarların da, təsiretmə gücü yenə də, həmin media qrumlarına qarşı ictimai qınaq və ya onların adlarının “qara siyahı”-ya salınmasıdır. Proseslər göstərir ki, bu tip ünsürlər üçün ictimai qınaq və ya “qara siyahı”-ya düşməyin elə də, ciddi bir əhəmiyyəti yoxdur. 

Ona görə də MŞ-nın son iclasında idarə heyətinin əksər üzvləri bəyan etdilər ki, birmənalı olaraq Mətbuat Şurasının səlahiyyətləri genişləndirilməli və bu istiqamətdə hüquqi mexanizmlər müəyyən olunmalıdır. Bu sahədə Avropa ölkələrinin də təcrübəsi mövcuddur. Daha çox diqqət ona yönəldilməlidir ki, ümumiyyətlə sayt və ya digər KİV növlərini qeydiyyata alan, onlara domen adları verən qurumlar bu zaman Mətbuat Şurasının prosesdə mümkün iştirakına şərait yaratsın. Söhbət hansısa, məhdudiyyətdən və yaxud da senzuradan getmir. Sadəcə həmin sayt və ya qəzet təsis edən, ona domen alan təsisçi barədə Mətbuat Şurasının təqdimatı, rəyi olsun. İnanın ki, proses bu şəkildə aparılarsa, indiki kimi problemlərlə qarşılaşmarıq. Bununla da, bu sahədə mövcud olan pərakəndəliyin qarşısını qismən də olsa almış olarıq. Bildiyiniz kimi, artıq domen adlarının qeydiyyatında heç bir məhdudiyyət yoxdur. İnsanlar istədikləri vaxt gedir, istədikləri saytın adın qeydiyyatdan keçirib təkbaşına fəaliyyət göstərirlər. Nə ünvan, nə bank rekivizitləri, bir sözlə heç nə yoxdur. Bu da sonradan bir çox problemlərin yaranmasına gətirib çıxarır. 

Problemlərin də başlıca səbəbi ondan ibarətdir ki, “copypast” ilə məşğul olur, başqa saytların dezinformasiya xarakterli xəbərlərini, yazılarını öz saytlarında yerləşdirməklə reket fəaliyyəti ilə məşğul olurlar. Ona görə də qanunvericilik bazası təkmilləşdirilməlidir və “Mətbuat Şurası haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmalıdır ki, şura bu kimi proseslərə operativ müdaxilə edə bilsin. Düşünürəm ki, nə qədər ki, qanun yoxdur, “reket jurnalistika”ya qarşı mübarizə tədbirləri bugünkü gündə aparılan tədbirlərdən o tərəfə keçməyəcək".

Tarix: 2-11-2018, 23:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}