Rövşən Rzayev, İnam Kərimov, Sahil Babayev və Vüsal Hüseynov 6 ayda nə edib?
Aprel seçkilərindən sonra prezident İlham Əliyev komandada köklü kadrı islahatları apardı


Dövləti və cəmiyyəti narahat edən sahələrdə yeni nazirlər, rəislər təyin olundu. Kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, “Qaçqınkom” sədri Rövşən Rzayev və Dövlət Miqrasiya Mərkəzi rəisi Vüsal Hüseynov reformist məmurlar kimi təqdim olunmağa başlandı.

Heydər Əsədov, Səlim Müslümov, Firudin Nəbiyev, Əli Həsənov kimi iri gövdəli, yüksək çinli məmurların komandadan uzaqlaşdırılıb onların yerinə bu kadrların gətirilməsi təbii ki, islahatçılıq idi. Onlar gəncdirlər, işləmək həvəsi var, əyri-əskiklər aradan qaldırmaq üçün enerjilidirlər, karyeralarının rüşvətə bulaşmasını istəməzlər.

Zamanla müəyyən reformalar gerçəkləşsə də, tam olaraq 6 ay ərzində radikal islahatlar həyata keçirilmədiyi göz qabağındadır.

Dia.az yazıb ki, Rövşən Rzayev ona göstərilən etimadı doğrulda bilməyib. R.Rzayevə “yuxarılar” yaxşı işləmədiyi haqda işarələr etməkdədirlər.

Son altı ayın hesabatına nəzər saldıqda aşkar şəkildə görmək olar ki, Rövşən Rzayev əvvəlki “Qaçqınkom” şefi qədərində şikayətlərə nədən olub.

Həmin hadisələrin hər biri yerli KİV-lərdə işıqlanmasa da, ayrı-ayrı dövlət qurumlarına bu barədə davamlı şikayət axınları müşahidə olunub.

Kiminsə alınına yazılmayıb ki, sən təzəsən istədiyini edə bilərsən və sənə 5 il toxunulmayacaq. Belə qayda yoxdur. Yəqin ki, vəziyyətin bu gərginlikdə gedəcəyi təqdirdə Rövşən Rzayevlə yollar erkən ayrıla bilər.

Digər keçmiş deputat Vüsal Hüseynova gəlincə, xeber.de yazır ki, DMM rəsmi veb-səhifəsinin məlumatına görə, “...Qərarlardan 9812-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub”.

O zaman həmin cərimələrin məbləği barədə konkret məlumat verilməli idi. Mərkəzin bu vəsaiti gizlətməsinin səbəbi isə bəlli deyil. Bu səpkidə başqa bir nümunə də göstərə bilərik:

“Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 5081 qərardan 3343-ü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 1738-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə əlaqədar olub”.

Göründüyü kimi, ixtisasca hüquqşünas olan Mərkəz direktoru Vüsal Hüseynov şəffaflığa riayət etməli olarkən, bəzi qızıl qaydaların ziddinə gedir və bu addım da təbbi olaraq ictimaiyyətdə şübhələr doğurur.

Vüsal Hüseynovun həmin dövlət qurumuna rəhbər təyin edildikdən sonra xeyli adamı “öz ərizəsinə əsasən” vəzifəsindən azad edib. Həmin şəxslər nə qədər yeni rəhbərin standartlarına cavab verməsə də müəyyən təcrübə toplamışdılar. Yenilərin isə təcrübə yığması xeyli vaxt aparır və bu da nəticədə qurumun fəaliyyətinə mənfi təsir göstərir.

Sahil Babayevlə İnam Kərimovun rəhbərlik etdiyi sahələr çox qaynardır. Hər iki nazirin fəaliyyətinə birmənalı qiymət vermək çətindir.

Onlar bu 6 ayda daha çox kəşfiyyat xarakterli fəaliyyət göstəriblər. Yanlışları, nöqsanları araşdırıblar, müxtəlif kadrlar əvəzlənib, ayrı-ayrı sahələrdə problemlər öyrənilib. Lakin ümumi qiymət verəndə “3”dən yuxarı qalxa bilməyiblər.

Hələ də ƏƏSMM, DSMF, Məşğulluq Mərkəzlərindəki qanunsuzluqlar, saxta əlillik dərəcəsi, sosial müavinətlərin ayrılması, əlillərə pensiyaların verilməsində, saxta xəstəlik arayışlarının əldə olunmasında və s. xoşagəlməz hallar mövcuddur.

Mediada müxtəlif şikayət məktubları çap olunub və konkretləşdirməyə ehtiyac yoxdur, internet resurslarında axtarış verməklə xəbər tutmaq olar.

İnam Kərimovun da baytarlıq idarələri, KTN-nin yerli şöbələri ilə bağlı real işlər gördüyünü söyləmək olmaz. Fermerlərin problemləri dəyişməyib, subsidiyaların verilməsi, texnika çatışmazlığı, gübrə, azot satışı davam etməkdədir.

Əkin sahələrinin suvarma problemi qalır. O cümlədən məhsuldarlıq artmayıb. Bir sözlə, aqrar sektorda irəliləyiş müşahidə olunmur, fermerlər üçün heç nə dəyişməyib.

Məsələn, Əmək və əhalinin sosial müdafiə naziri təyin olunan Sahil Babayev bir neçə ay əvvəl DSMF Şirvan şəhər şöbəsi müdiri vəzifəsindən Nazim Əbülhəsən Hüseynovu azad etmişdi. Bildirək ki, Nazim Hüseynov keçmiş aparat rəhbəri Əjdər Olun bacısı oğludur.

Cumhuriyyet.net-in xəbərinə görə, Nazim Hüseynov S.Babayev tərəfindən işindən azad olunsa da, kənd təsərrüfatı naziri İnam Kərimov ona sahib çıxıb.

N.Hüseynov KTN şefinin əmri ilə Şirvandakı Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib. Bununla da, İnam Kərimov növbəti dəfə kənd təsərrüfatına ixtisası uyğun olmayan bir şəxsi rəhbər vəzifəyə təyin etmiş olub.

N.Hüseynov dünənə kimi təqaüdçülərin pensiyalarının hesablanılması, təyin edilməsi işi ilə məşğul idisə bundan sonra heyvandarlığın inkişafına, əkinçiliyin genişlənməsinə” töhfə” verəcək. Yəni, bu cür abstraktlar var və hələ ki, prezidentin, xalqın gözləntiləri, etimadı istənilən səviyyədə deyil. Bütün tərəflərin mövqeyini işıqlandıra bilərik.(Cahan.info)